Xocalı soyqırımı ilə bağlı İsveç hökumətinə müraciət edildi – FOTO

İsveçdə yaşayan soydaşlarımız Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar ölkə hökumətinə və Xarici işlər Nazirliyinə müraciət ediblər.

Bu barədə Ria24.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzoyevin imzası ilə ölkənin Baş naziri Maqdalena Andersona və xarici işlər naziri Ann Lindeyə ünvanlanan müraciətdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum etdiyi və məhz azərbaycanlı olduqlarına görə dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla soyqırımı törətdiyi barədə ətraflı məlumat verilib.

Nəzərə çatdırılıb ki, dəhşətli qətliam zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.

Xalqımızın insanlığa zidd bu dəhşətli faciəni heç bir zaman unutmayacağı, haqq səsimizi dünyaya çatdırmağa, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasına çalışdığı, 2008-ci ildən isə bu fəaliyyətin “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət aldığı vurğulanıb.

Hazırda Xocalı soyqırımının bir sıra ölkələr tərəfindən tanındığına diqqəti cəlb edən soydaşlarımız İsveç hökumətini və parlamentini Xocalı soyqırımına hüquqi qiymət verməyə çağırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.