Yaxşılığa xor baxan qonşular: İran nədən narahatdır? – TƏHLİL+FOTO

Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən Müharibəsində Ermənistan ordusunu darmadağın edib. Bununla 27 illik işğala son qoyulub, torpaqlarımız yağı tapdağından azad edilib. Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə edilən bu uğur dostlarımızı sevindirib.

“Kaspi” qəzetinin əməkdaşı Vətən müharibəsində qazanılmış qələbədən sonra Azərbaycan – İran münasibətləri haqqında təhlil hazırlayıb.

Şanlı Qələbə sayəsində 30 ilə yaxındır nəzarətsiz qalan Azərbaycan-İran, Azərbaycan-Ermənistan sərhədləri də sərhədçilərimiz tərəfindən nəzarətə götürülüb. Beynəlxalq hüquqa və qanunlara görə, bu sərhədlərdən keçməklə Azərbaycan ərazisinə daxil olmaq istəyən hər bir şəxs rəsmi Bakı ilə hesablaşmalı, ölkə qanunvericiliyinin tələblərinə riayət etməlidir. Bu prinsip və qaydalara rəğmən, Azərbaycan böyük humanistlik nümayiş etdirib. Ermənistanla sülh müqaviləsi imzalanana, sərhədlərin delimitasiya və demarkasiyası tam başa çatana qədər Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsi ilə Ermənistan və İran vətəndaşlarının gediş-gəlişini sadələşdirib. Lakin bu humanizmi düzgün başa düşməyən İran və Ermənistan tərəfi bəzi sui-istifadə hallarına yol verib. İrandan və Ermənistandan Azərbaycanın Xankəndi yaşayış məntəqəsindəki separatçılara naməlum yüklərin daşınması həyata keçirilib. İrana məxsus yük avtomobillərinin rusiyalı sülhməramlıların postundan keçməklə Xankəndinə giriş-çıxışı intensivləşib.

Rəsmi Bakı əvvəlcə diplomatik kanallar vasitəsilə Tehrana öz narazılığını üstüörtülü formada çatdırıb. Cənub qonşumuzun laqeydliyini görən Azərbaycan tərəfi İranın ölkəmizdəki səfirini Xarici İşlər Nazirliyinə də dəvət edib. Ona rəsmi Bakının etiraz notası təqdim olunub. Sentyabrın 13-də və 16-da isə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti və gələcəyi, həmçinin maraq kəsb edən digər məsələlər müzakirə olunub. Təbii ki, Azərbaycanın narazılığı hər iki halda növbəti dəfə səfirə çatdırılıb. Paralel olaraq hərbçilərimiz Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsini ciddi nəzarətə götürüb, İran yük avtomobillərinin buradan keçidi məhdudlaşdırılıb.

Belə hadisələr fonunda xarici dairələrin təsiri altında olan bəzi şəxslər Azərbaycanın cənub regionunda – İranla sərhəd ərazilərdə yaşayan talışların guya hüquqlarının pozulması barədə beynəlxalq ictimai rəydə yanlış təsəvvür formalaşdırmağa başlayıblar. Ümumilikdə cənub regionunda əhalinin sayı 1 milyonu keçmədiyi halda, iddia olunub ki, guya Azərbaycanın Lerik, Lənkəran, Masallı, Yardımlı və Astara yaşayış məntəqələrində 1 milyon 500 minə yaxın talış var, onların yazmaq və oxumaq, öz dillərində danışmaq hüquqları pozulur. Son bir neçə ayda baş verən hadisələrin xronologiyasına nəzər salsaq, talışlarla bağlı süni narahatlığın haradan və nədən qaynaqlandığı hər kəsə gün kimi aydın olur. Maraqlıdır, belə bir vəziyyətdə Azərbaycan qonşu İranla münasibətləri hansı formada qurmalı, cənub qonşumuzla necə rəftar etməlidir? Ümumiyyətlə, İran nədən narahatdır və nə istəyir?

Mövzu ilə bağlı fikirlərini “Kaspi” qəzetinə bölüşənsabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Azərbaycan ilk növbədə sərhəd məsələsini həll etməli, xüsusən də Laçın dəhlizi vasitəsilə giriş-çıxışa nəzarəti tam ələ almalıdır. Onun sözlərinə görə, bu məsələ beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır: “Bundan irəli gələrək müvafiq icra qurumları öz vəzifələrini yerinə yetirməlidir. Rusiyalı sülhməramlıların Qarabağa gəlməsinin məqsədi və əsas vəzifəsi ondan ibarətdir ki, onlar təhlükəsizliyi təmin etsinlər. Amma sərhədin müəyyənləşməsi, bundan irəli gələn vəzifələrin icrası beynəlxalq hüquqa əsasən Azərbaycanın müvafiq qurumu tərəfindən həyata keçirilməlidir. Hadisələrə bu aspektdən yanaşsaq, reallıq ortadadır. Bu gün İran, sabah isə başqa bir xarici ölkə vətəndaşının avtomobili Qarabağa daxil ola bilər. Bunun üçün məsələni beynəlxalq hüquqa uyğun olaraq, köklü şəkildə həll etməliyik”.

Azərbaycanda yaşayan talışlarla bağlı son günlər internet resurslarda yayılan separatçı fikirlərə gəlincə, T.Zülfüqarov bildirib ki, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz Qələbənin əsas faktorlarından biri Azərbaycandakı milli birlik olub. Milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı olan bütün insanlar Vətənin müdafiəsinə qalxdı. Hər kəs özünə borc bildi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bu savaşa qatılsın. Onlar arasından 3 minə yaxın vətəndaşımız şəhid oldu. Bu fakt siyasi baxımdan olduqca əhəmiyyətlidir. Bu kimi reallıqlar fonunda biz onu da görürük ki, bəziləri xaricdən Azərbaycanda separatçılığa, bölücülüyə hesablanmış fikirləri ictimailəşdirirlər. Azərbaycan daxilindən bu kimi zərərli fikirlərə dəstək verən “vətənpərvər” və “millətçilərin” başlıca hədəfi ölkəmizin, xalqımızın milli birliyini pozmaqdır”.

Sabiq nazir söyləyib ki, indiyə qədər də Azərbaycana xaricdən belə həmlələr olub və bundan sonra da olacaq: “Biz bunlara daim hazırıq. Konkret olaraq hər hansı xarici ölkənin məhz bu istiqamətdə fəaliyyətini Azərbaycanın hüquq-mühafizə orqanları ifşa edə, qarşısını ala bilər. Konkret olaraq talış qardaş-bacılarımızın hüquqları ilə bağlı son dövrlər bəzi dairələr tərəfindən ictimailəşdirilən qeyri-obyektiv fikirlərə gəlincə, bunu Azərbaycanda yaşayan digər millətlərə qarşı da edə bilərlər. Bu kimi hallara cavab olaraq biz milli birliyimizi, həmrəyliyimizi daim qorumalı, daha da möhkəmləndirməliyik. Separatçı çağırışlara, təxribatlara qarşı qanunun imkan verdiyi həddə mübarizə aparmalı, sərt formada mövqeyimizi nümayiş etdirməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir