Yevgeni Mixaylov: Rusiya Paşinyana Qərbdən bəxşiş alan müxalifətlə necə davranmağı öyrədəcək – MÜSAHİBƏ

“Bütün bu hayklar (adlarını belə çəkməyəcəm, çünki onlar buna layiq deyillər) Rusiya rəhbərliyini özləri ilə ölçürlər. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının qarşısını almaq üçün Qərb sponsorlarından istənilən bəxşişi qəbul etməyə hazır olanlar da məhz onlardır”.

Bunu beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırması” “YouTube” kanalının aparıcısı Yevgeni Mixaylov Oxu.Az-a müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, əsassız korrupsiya ittihamları, Rusiyanın guya Ermənistanı “satdığı” iddiaları Rusiya və Ermənistan xalqları arasında nifaq salmaq üçün nəzərdə tutulmuş erməni cəfəngiyyatıdır.

“Təbii ki, bu, sadəcə hürməyə adət etmiş və Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsini sülhə və firavanlığa aparan səylərini (hansı ki, Bakı ilə İrəvan arasında münasibətlər normallaşmadan mümkün deyil) gözdən salmağa çalışan bir ovuc aciz revanşistlərin cəhdidir”, – deyə o əlavə edib.

Ekspert Ermənistanda keçirilən etiraz aksiyalarına da münasibət bildirib. O qeyd edib ki, bunlar Moskvaya qarşı ilk təxribatçı hücumlar deyil. Rusiyanın, onun prezidentinin və xalqının təhqir edildiyi müxalifət mitinqləri əvvəllər də olub.

“Eyni zamanda, qeyd etmək istərdim ki, bütün bunlar sülh sazişinin imzalanmasına mane olmayacaq”, – deyə ekspert əlavə edib.

Müsahib Ermənistanda revanşistlərin tərəfdarlarının Paşinyanın tərəfdarlarından dəfələrlə az olduğunu vurğulayıb. Onun sözlərinə görə, maraqlı tərəflər vəziyyətə həssas yanaşmalı və Ermənistanın müxalifət partiyalarının liderlərinin təsirini sərt tədbirlərlə də olsa, vaxtında neytrallaşdırmalıdırlar.

“Sənəd imzalandıqdan sonra isə artıq heç nə dəyişdirilə bilməz. Və elə məhz bu hayklar maliyyəsiz qalacaq. Düşünürəm ki, Rusiya Nikol Paşinyana pulları artıqlaması ilə ödənən müxalifətlə, xüsusən də dövlət üçün vacib məqamlarda necə davranmağı öyrədəcək. Xoşbəxtlikdən Moskvanın oxşar təcrübəsi var”, – deyə Yevgeni Mixaylov sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir