Yevqeni Tukan: “Qaqauzlar böyük qardaşlarına – Türkiyə və Azərbaycana müraciət edəcək”

Qaqauzlar Türkiyə və Azərbaycanı özünün böyük qardaşları hesab edir.

Bunu moldovalı siyasi analitik, Komratda (Qaqauz muxtar vilayətinin paytaxtı) Dövlət Xidmətləri Agentliyinin direktoru Yevgeni Tukan Oxu.Az-a müsahibəsində bəyan edib.

Qeyd edək ki, Moldovanın Qaqauziya muxtar vilayətinin başçısı İrina Vlax VIII Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana gəlir. Onun Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlərinin olacağı gözlənilir.

Tukan bunun Qaqauziya üçün çox vacib olduğunu bildirib.

“Bizə türk dünyası, öz kökümüz, qardaş xalqlarımız, qohumlarımızla dialoq lazımdır. Bu, mədəniyyət və iqtisadiyyat baxımdan vacibdir. Azərbaycan və Türkiyə həmişə Qaqauziyaya yardım edir, infrastrukturun inkişafına köməklik göstərirlər. Bu yaxınlarda Azərbaycanın yardımı ilə Çadır-Lunqa şəhərində təhsil mərkəzi tikilib. Türkiyə kömək edir, stadionlar tikilir. Bizlər – qaqauzlar çox deyilik. Amma böyük qardaşlarımız bizə çox diqqət yetirirlər, qaqauzlar bütün bunları görür, xəbərlərdə işıqlandırılır”, – deyə o, bildirib.

Politoloq hazırda Rusiya və Avropa Birliyinin Moldovada nüfuz uğrunda mübarizə aparan iki mərkəz olduğunu deyib:

“Amma bizim üçün ilk növbədə türk qardaşlarımızın köməyi önəmlidir. Biz bu yardımı Türkiyədən və Azərbaycandan hiss edirik”, – deyə o, vurğulayıb.

Hazırda Moldovada müxtəlif siyasi proseslər getdiyini qeyd edən siyasi analitik keçən əsrin 90-cı illərinin əvvəllərində, rumıniyapərəst fikirlərin vüsət aldığını, hətta Moldovanın Rumıniya ilə birləşmək üzrə olduğunu xatırladıb. Onun sözlərinə görə, həmin vaxt Moldovaya yollanan Türkiyə lideri Süleyman Dəmirəlin sayəsində Qaqauziyaya muxtariyyət statusu verildi.

“Aydındır ki, istənilən çətin siyasi vəziyyətdə bəlada qoymayacaqları ümidi ilə qaqauzlular öz böyük qardaşlarına – Türkiyə və Azərbaycana müraciət edəcək”, – deyə o, bildirib.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir