Yuri Butusov: “Yaşayış məntəqələrinə atılan raketlər Vətən müharibəsinin nəticəsini dəyişə bilməzdi”

2020-ci ilin oktyabrın 11-də gecə saat 1-də Ermənistan ordusunun atdığı taktiki raket Azərbaycanın Gəncə şəhərinə düşdü. Yaşayış binaları dağıldı, aralarında uşaqlar da olmaqla 10 nəfər həyatını itirdi.

Bu faciədən bir il sonra Azərbaycan hökuməti bir qrup ukraynalı media nümayəndəsini Gəncəyə dəvət edib. Onların arasında Yuri Butusov da var.

Ukraynalı jurnalist bu səfəri ilə bağlı təəssüratlarını özünün “Facebook” səhifəsində bölüşüb.

“Bura (Gəncədə raketin düşdüyü yer –  red.) aşağı mərtəbəli yaşayış binalarının ərazisidir, kiçik park var, yaxınlıqda heç bir hərbi və ya inzibati obyekt yoxdur. Ərazidə hər şey bir il əvvəl olduğu kimi qorunub saxlanılır… Dağıntılar, şəhər raket atəşinə tutularkən həlak olan 26 nəfərin portreti, Gəncəyə raket hücumlarının xəritəsi (“Toçka”nin düşmə nöqtələri narıncı nöqtələrlə işarələnib)…

Möhkəm quruntda çala dərindir – 4 metrə qədər, deyilənə görə bu “Elbrus” raketi ola bilərdi, amma onun çəkisi 990 kq-dır, mənə elə gəlir ki, bu halda çala daha dərin olmalı idi. Zənnimcə bu “Toçka”nın düşmə yeri ola bilərdi; onun çəkisi 480 kq-dır”, – deyə jurnalist fikirlərini izah edib.

O, Gəncədə, Ağdamda olduqlarını, döyüş ərazilərindən – Horadizdən keçərək, Azərbaycan qoşunlarının əsas hücumunun istiqamətinin və Ermənistan müdafiəsinin əsas mərkəzinin yerləşdiyi Lələ-Təpə yaxınlığındakı yol boyunca getdiklərini, Cəbrayıl, Füzuli, Şuşada olduqlarını və Şuşaya qayalar boyunca eyni vaxtda üç istiqamətdən daxil olan Azərbaycan xüsusi təyinatlılarının hücum istiqamətini çəkdiyini bildirib.

“Qarabağ müharibəsi haqqında çox yazmışam, indi isə döyüş yerlərini keçəndə, bunları öz gözlərimlə görəndə çox şey aydın oldu. Görə bildiyim digər yerlər haqqında da yazacam. Azərbaycan hərbçiləri ilə danışdım, hərbi quruculuq işləri ilə bağlı əvvəllər mediada dərc olunmamış çoxlu dəyərli məlumatlar aldım. Azərbaycan 2013-cü ildə struktur hərbi islahatlara başladığı üçün bu müharibədə zəfər çaldı, hücumun başlamasından yeddi il əvvəl verilən qərarlar ölkəni qalib etdi. Yaşayış məntəqələrinin atəşə tutulması isə artıq heç nəyi dəyişə bilməzdi”, – deyə ukraynalı jurnalist əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir