Zəfərin 100 günü: Növbədə Böyük qayıdışdır – TƏHLİL

Bu gün Vətən müharibəsindəki qələbədən 100 gün ötür. 2020-ci il sentyabrın 27-də Ermənistan cəbhəboyu ərazilərdə genişmiqyaslı təxribatlar törədib, Azərbaycan ordusu isə sürətli əks-hücum əməliyyatlarına başlayıb.

Əks-hücum əməliyyatları ilk gündən müsbət nəticə verib, bir neçə kənd və Murovdağ yüksəkliyi işğaldan azad edilib.

Əməliyyatların sonrakı mərhələlərində isə rayonlar azad olunub. Azərbaycan ordusu İkinci Qarabağ müharibəsində ən müasir və yüksək dəqiqlikli silahlardan, pilotsuz zərbə aparatlarından istifadə edib.

Vətən müharibəsində Azərbaycan hərb meydanı ilə yanaşı diplomatiyada da üstünlük qazanıb, siyasi dəstəklər alıb.

Ermənistan isə Vətən müharibəsində ard-arda sarsıdıcı zərbələr aldığına görə, acığını mülki əhalidən çıxıb, mülki əhaliyə qarşı raketlərdən istifadə olunub. Nəticədə 100 mülki vətəndaş ölüb, 416-sı yaralanıb.

Ancaq bu da Azərbaycan dövlətini öz haqq mübarizəsindən çəkindirməyib və xalqın əzmini qıra bilməyib.

Xalq müharibə dövründə Ali Baş Komandanın, dövlətinin yanında olduğunu bəyan edib, orduya dəstək göstərib.

Sistemli işin nəticəsi olaraq Azərbaycan ordusunun düşmənə layiqli cavab zərbələrinin miqyası genişlənib, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan, ümumilikdə 300-dən çox yaşayış məntəqəmiz işğaldan azad edilib. Qarabağın incisi olan Şuşa noyabrın 8-də düşmən əsarətindən azad edilib. Bundan sonra Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atıb və İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələnib.

Azərbaycan və Rusiya Prezidentləri ilə Ermənistanın Baş naziri arasında imzalanan üçtərəfli bəyanata əsasən, müharibə dayandırılıb və Ermənistan qoşunların Qarabağdan çıxarılması üçün öhdəlik götürüb. Artıq dekabrın 1-dək erməni işğalçı qüvvələri Kəlbəcər, Ağdam və Laçın rayonlarını boşaldaraq Azərbaycan ordusuna təhvil verib.     

Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək, regionda yeni geosiyasi reallıq yaradıb.

Dekabrın 10-da Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə Zəfər paradı keçirilib. Paradda Azərbaycan və Türkiyə Prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Ermənistan atəşkəs bəyanatından sonra da təxribatlarına ara verməyib. Ermənistanın Şirak vilayətindən gələn diversantlar Xocavənddə terror fəaliyyəti ilə məşğul olublar. Azərbaycan antiterror əməliyyatları ilə 62 erməni diversant-terrorçunu saxlayıb. Biabırçı məğlubiyyət, uğursuz diversiya cəhdləri Ermənistanın onurğa sütununu qırıb. Bu günün özündə də Ermənistanda daxili didişmələr davam edir.

Azərbaycan yerdə qalan məsələlərin həllini diplomatik masada həll etmək istəyir. 2021-ci ilin yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

Görüşdə nəqliyyat-kommunikasiya xətlərinin bərpası, Türkiyə və İrana dəmir yolu xəttinin çəkilməsi, Türkiyə ilə Rusiyanın nəqliyyat arteriyalarının birləşdirilməsi müzakirə olunub.

Artıq işğaldan azad olunan ərazilərdə bərpa işləri başlanılıb, geniş layihələrin icrasına, o cümlədən Füzuli-Şuşa avtomobil yolunun, Füzulidə hava limanının inşasına başlanılıb.   

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir