Zəngəzur dəhlizi: “Cənubi Qafqazda sülh və inkişaf vaxtıdır” – RƏY

“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən Zəngəzur dəhlizinin təməlinin qoyulması nəinki ölkəmiz, bütün bölgə xalqları üçün tarixi gündür”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov deyib.

Oktyabrın 26-da Türkiyə lideri Füzuliyə, oradan da Zəngilana səfər edib. R.T.Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etdikdən sonra Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.

Nurlan Həsənov hesab edir ki, Cənubi Qafqazın böyük nəqliyyat dəhlizinə çevrilməsi istiqamətində həyata keçiriləcək bu layihədən hər kəs faydalanacaq.

“Dünyada bu gün sülh və təhlükəsizlik dedikdə, sadəcə müasir silahlar, güclü ordu və ya güclü müdafiə mexanizmlərinə sahib olmaq barədə düşünməməliyik”, – deyə deputat əlavə edib.

Onun sözlərinə görə, sülh və təhlükəsizlik üçün ən güclü təminatlardan biri də açıq nəqliyyat dəhlizi, qarşılıqlı ticarətin olması və nəticədə xalqların rifah içərisində yaşamalarıdır.

“Zəngəzur layihəsinin hədəfi məhz budur. Artıq Cənubi Qafqazda sülh və inkişaf vaxtıdır”, – deyə Nurlan Həsənov fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir