Avropada Azərbaycan diasporu Qarabağla bağlı Vətən müharibəsində Azərbaycanın qələbəsini səbirsizliklə gözləyir və artıq növbəti addıma – Haaqa Tribunalına müraciətə hazırlaşır.
Bu barədə Media.Az-a Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov bildirib.
O, Ermənistan tərəfinin bəşəriyyətə qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı faciəsi, Azərbaycanın dinc şəhərlərinin Ermənistan ərazisindən operativ-taktiki raketlərlə atəşə tutulması və s. barədə faktlar toplandığını qeyd edib.
“Bütün məlumatlar Haaqa Tribunalına təqdim ediləcək. Yaxın günlərdə bununla bağlı rəsmi açıqlama verəcəyik”, – deyə AAK prezidenti əlavə edib.
Müsahibin sözlərinə görə, təmsilçilik üçün artıq Niderlanddan olan vəkillərlə razılıq əldə olunub.
“Müraciət qanuni olaraq təsdiqlənməli olduğundan son məsləhətləşmələr aparılır”, – deyə o vurğulayıb.
O, həmçinin Azərbaycan Baş Prokurorluğunun Ermənistan tərəfinin bütün cinayətlərini qeydə aldığını və faktlarla bağlı cinayət işi qaldırdığını vurğulayıb.
“Ermənistandan bütün hərbi cinayətkarların mühakiməsinə nail olmayınca müharibədəki qələbəmiz qəti olmayacaq”, – deyə Sahil Qasımov sözlərini yekunlaşdırıb.