Son vaxtlar Türkiyə-Rusiya əlaqələrində ciddi müsbət meyllər müşahidə olunur. İkitərəfli münasibətlər üçüncü dövlətlərin iştirakından asılı olmayaraq ciddi dəyərə malikdir. Bu ikitərəfli əlaqələr təkcə iqtisadi-siyasi maraqlar prizmasından deyil, həm də regional konfiqurasiyada təhlükəsizlik baxımından da önəm kəsb edir.
Bu barədə “Kaspi” qəzetində dərc edilən siyasi təhlildə qeyd olunur.
Müəllif hesab edir ki, Türkiyə NATO-nun üzvü olsa da, onun Rusiya ilə əlaqələrinin dərinləşən mahiyyəti özünü büruzə verməkdədir və indi Ankara-Moskva əlaqələrinin dinamikası müsbət meyillərlə yüksək göstəricilərə doğru irəliləyir.
Cənubi Qafqazda hərbi-siyasi əməkdaşlıq platforması
Ankara ilə Kremlin ikitərəfli münasibətləri üçüncü dövlətlərin iştirakından asılı olmayaraq hərtərəfli dəyərə malikdir, çünki əlaqələr təkcə iqtisadi-siyasi maraqlar prizmasından deyil, həm də regional konfiqurasiyada təhlükəsizlik baxımından önəm kəsb edir.
Hərçənd ki, Türkiyə ilə Rusiya Suriyadakı münaqişənin başlanması, inkişafı zamanı gərgin münasibətlərdə idilər, bununla belə, son illərdə tərəflər “ərəb baharı”nın uzanan yorucu coğrafiyasında mövqelərini bir-birinə yaxınlaşdırmağı bacarıblar.
Üstəgəl, imperiya varisləri olan iki ölkə Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən sonra Cənubi Qafqaz regionunda hərbi-siyasi əməkdaşlıq platforması qurublar, lakin ortaya çıxa biləcək düyünlər də bəzi problemlər yarada bilər.
Qısası, ikitərəfli münasibətlərdə müsbət və mənfi rol oynayan xarici amillər var, burada Cənubi Qafqaza dair dərin narahatlıq kompleksi yoxdur. Ancaq Suriya, Liviya, Ukrayna mövzusundakı fikir ayrılıqları, Rusiya-Ukrayna müharibəsi fonunda isə Qara dəniz bölgəsindəki güc balansının dəyişdirilməsi təhlükələri ön plana çıxır.
Rusiya və Türkiyənin prioritetləri üst-üstə düşür
Ankara-Moskva xəttində mehribanlıq olsa da, batini təhlükəsizlik qayğıları səbəbindən Türkiyə Qara dənizdəki qüvvələr balansı nisbətinin paylaşdırılması yarışında təklənmiş kimi görünür.
Qara dəniz regionu hər nə qədər Qərblə Türkiyənin prioritetlərini bir-birinə inteqrasiya etsə də, Ankaranın böyük hədəfdə rəqib kimi görülməsi bir çox müşküllər yaradır.
Üstəgəl, Rusiyanın Ukraynada apardığı müharibə də Türkiyənin Qara dənizdəki hərbi-siyasi və iqtisadi mövcudluq dairəsinə təhdiddir, indi Ankara bu məsələyə münasibətdə Qərblə Moskva arasındakı gərgin ipdə elə oynamalıdır ki, maraqlarına xələl gəlməsin.
Problemlərə və imperiya keçmişi ilə əlaqəli maraqlardan irəli gələn qarşılıqlı qısqanclıqlara baxmayaraq, Türkiyə ilə Rusiyanın bir-birinə etimad səviyyəsi, müştərək təhlükəsizlik və xarici siyasətdəki maraqları yuxarı nöqtəyə çatır.
Ankara-Moskva yaxınlaşmasını təmin edən amillərdən biri də hər ikisinin Qərbin rəqibi olmasıdır, buna görə də istər Rusiya, istərsə də Türkiyənin prioritetləri bir-biri ilə üst-üstə düşür. Bu prioritetləri möhkəmləndirmək üçün tərəflər müxtəlif birgə iqtisadi layihələrə, hərbi-texniki əməkdaşlıq sferasında əməkdaşlığa imza atır.
Cənubi Qafqaz stimullaşdırıcı coğrafiya kimi
“Mehriban düşmən” olan bu iki aktorun müştərək strateji məqsədlərinin təmin olunmasında Cənubi Qafqaz teatrı da stimullaşdırıcı platforma qismində çıxış edir.
İki ölkənin maraqları yalnız Gürcüstan mövzusunda kəsişir. Lakin bu məsələdə ulduzlar barışmasa da, bu, regiondakı iştirak səviyyəsini laxlatmır.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qalibiyyət nəticələri ilə Türkiyə-Rusiya maraqlarının Cənubi Qafqaz bölgəsindəki birgə təhlükəsizlik məqsədlərinə söykənən prioritetləri əhəmiyyətli dərəcədə uyğunlaşdırıldı.
Azərbaycanın mövqeyi bir növ Rusiya ilə Türkiyə arasındakı iplərin qırılmaması üçün vasitəçiliyi simvolizə edir. Bakının dayandığı nöqtə istər-istəməz Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli maraqlarının inkişafına təkan verir ki, bunun da nəticələrini bir sıra hadisələrə və ya perspektiv baxışa münasibətdə görürük.
Belə ki, hər üç ölkənin reallaşması gözlənilən Zəngəzur dəhlizindəki maraqlarında toqquşan elementlər gözə dəymir, üstəgəl Rusiya əvvəlki illərdən fərqli olaraq Azərbaycanın Ermənistanı cəzalandırmasına qarışmır.
Qurulan mexanizmlər Türkiyə və Rusiyanın Cənubi Qafqaz səhnəsindəki arzu və istəklərini böyük gərginlik nöqtəsinə çevirmir.
Bəs risklər nədir?
Lakin Ukraynadakı müharibə davam etdikcə, bu, qlobal aktorların Cənubi Qafqazda var-gəl etməsini sürətləndirir, məqsəd Moskvanın maraqlarının dibə sıxışdırılması və Rusiyasız təhlükəsizlik modeli qurmaqdır.
Ona görə də regional nizam tərəzisindəki çəkilərin dəyişə bilməsi fonunda Ankara ilə Moskva nisbətən yeni, ziddiyyətli maraqlar sahəsi ilə üzləşə bilər.
Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik əlaqələrində yeni səhifələrin açılması da gələcəkdə cücərib boy atacaq risklərə qarşı birgə fəaliyyətin əsaslarını təşkil edir.
Nəticə kimi deyə bilərik ki, Azərbaycan da, Türkiyə də, Rusiya da Cənubi Qafqaz üzrə strateji qazanclarını riskə atmadan üstünlüklərini qoruyub-saxlamağın alternativ yollarını tapacaq və bu düsturlar üç ölkə üçün incə bir xətt olacaq.
Aqşin Kərimov
www.RIA24.az