Adil Əliyev: “Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi”

Siyasət

Bu gün Müzəffər Ali Baş Komandanın rəhbərliyilə rəşadətli Ordumuz tarix yazdı, uzun illər işğal altında olan ərazilərimiz birdəfəlik işğaldan azad edildi. Müharibənin başladığı ilk günlərdən etibarən bir-bir azad olunan kəndlərimizin, qəsəbələrimizin, şəhər və rayonlarımızın siyahısını gördükcə, hər bir Azərbaycanlının ürəyi dağa dönür. Bu qalibiyyət uzun illər aparılan uğurlu siyasətin məntiqi nəticəsidir.

Bunu Milli Məclis Sədrinin müavini Adil Əliyev açıqlamasında bildirib.

O, bildirib ki, istər ordu quruculuğu, istərsə də qurulan diplomatik münasibətlərimiz bu gün öz uğurlu bəhrəsini verdi: 

“Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən üzərinə qoyulmuş bütün vəzifələrin öhdəsindən layiqincə gələrək, düşməni təslim olmağa məcbur etdi.

Ermənistan aparılan müharibədə bütün silah, texnika və şəxsi heyətini tamamilə itirdi və onlar bu müharibənin ağrı-acılarını uzun illər yaşayacaqlar. Ermənistan yalnız müharibənin davam etdiyi 44 gün ərzində hər gün məğlub olmadı, bu dəfə elə məğlub oldu ki, itirdiyi texnikalara görə illərlə ödəniş etməyə məcbur olacaq.

Qalibiyyətin məntiqi davamı olaraq, Ermənistanın baş naziri kapitulyasiya sənədinə imza atmağa məcbur oldu. 

Təbii ki, də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün şərtləri diqtə etdi və Ermənistanın baş naziri bunu qəbul etməyə razı oldu. Dəfələrlə deyilmişdi ki, bu müharibə həm də Ermənistanın baş nazirinin siyasi karyerasının sonu olacaq və Ermənistanda baş verən proseslər artıq bunu deməyə əsas verir. Ermənistanın baş naziri Şuşada yallı oynamaqla, qondarma rejimə inauqurasiya mərasimi keçirməklə Azərbaycan xalqının və onun liderinin səbrini sınağa çəkdi”.

Deputat bildirir ki, ölkə başçısı dəfələrlə xəbərdarlığını etdi, hətta BMT-nin iclasında bildirdi ki, əgər Ermənistanı dayandırmasanız, biz onları dayandıracağıq. Lakin, dünya dövlətləri sanki Ermənistanın apardığı təxribat siyasətini görmür, işğalçının bu siyasətini dəstəkləyirdilər. Nəticədə işğalçı məğlub oldu, işğal etdiyi əraziləri birdəfəlik tərk etməklə yanaşı, məğlub tərəf olaraq Azərbaycanın bütün diqtəsinə qeyd-şərtsiz əməl edəcəyini öz öhdəsinə götürdü. Habelə, Ermənistanın yeganə itkisi ərazi olmadı, həm də siyasi və iqtisadi çöküşlərini yaşayırlar, etdikləri səhvlər nə qədər böyük idisə, yaşadıqları məğlubiyyət də o qədər ağrılı oldu:

“Biz isə Ali Baş Komandanın rəhbərliyilə 30 ilə yaxın işğal altında olan ərazilərimizi işğaldan azad edərək, öz əbədi və əzəli torpaqlarımıza geri qayıtdıq, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü təmin etdik.
Şuşa şəhəri azad edildikdən sonra isə artıq Ermənistanın məğlub olduğu hamı üçün açıq-aşkar idi. Tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi hər birimiz üçün böyük bir bayramdır. Dilindən, dinindən, siyasi fikirlərindən asılı olmayaraq, hər bir Azərbaycanlının cənab Prezidentin ətrafında sıx birləşərək, həmrəylik göstərməsi isə, Azərbaycan xalqının və onun rəhbərinin qüdrətindən xəbər verir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Ali Baş Komandana göstərdiyi inam və etimad öz uğurlu bəhrəsini verdi.

Tarix bir daha göstərdi ki, Azərbaycan xalqı böyük xalqdır, onun güclü iradəsi var. Xalqımız mərhəmətli olduğu qədər də, yeri gəldikdə düşmənə zərbə vuracaq dəmir yumruğu var. Azərbaycan xalqı bu gün xoşbəxtdir, onun Prezidenti dünyanın ən güclü lideridir. Onun Prezidentinin istər diplomatiyada, istər xarici televiziyalara verdiyi müsahibələrdə keçdiyi master klaslarda, istərsə də rəhbərlik etdiyi ordunun döyüş meydanında göstərdiyi şücaətlərdə misli-bərabəri yoxdur. Cənab Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır!” dedi və Qarabağdakı düşmən işğalına birdəfəlik son qoydu”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir