Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli vəzifəsini götürən Beynəlxaq vasitəçilərin fəaliyyəti qeyri-effektiv oldu, çünki “neytrallıq fasadını” qorumağa daha istəkli idilər.
Bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov iki ölkə arasında sülh müqaviləsinin imzalamasından bir neçə gün əvvəl “South China Morning Post”a müsahibəsində bildirib.
Əmirbəyovun sözlərinə görə, vasitəçilər tərəfindən süründürməçilik, həmçinin onların Ermənistana qarşı kompromis və dözümlü münasibətləri səbəbindən münaqişə uzun illərdir ki, davam edir.
Nəşr Dağlıq Qarabağ münaqişəsi, sentyabrın 27-dən bəri Azərbaycanın əks-hücum əməliyyatları barədə məlumat verərək, Bakının bu müddət ərzində edilən təkliflər əsasında dəfələrlə atəşkəs elan etdiyini, lakin hər dəfə Ermənistanın bunu pozduğunu bildirib.
“Bu səbəbdən Çin Xalq Respublikasından və beynəlxalq birliyin digər məsul üzvlərindən təcavüzkar dövlət olan Ermənistana “dur” deməsini və beynəlxalq hüquqlara riayət etməsi barədə tələb irəli sürməsini gözləyirik”, – deyə Əmirbəyov bildirib.
O, həmçinin Pekinə beynəlxalq hüquq normalarına və beynəlxalq hüququn prinsiplərinə hörmət göstərdiyinə görə minnətdarlığını bildirib, eyni zamanda da Dağlıq Qarabağ məsələsinin həlli üçün beynəlxalq vasitəçilərə qarşı sərt ifadələr səsləndirib:
“Vasitəçi nəticə əldə etmək istəyirsə, hər şeyi öz adı ilə çağırmağı bacarmalıdır. Əgər təcavüz, işğal və beynəlxalq hüquq pozuntuları varsa, bunu təcavüzkar tərəfə bildirməlisiniz”.
“Azərbaycan beynəlxalq hüquq normalarını pozursa, bu barədə Azərbaycana məlumat verməlisiniz. Ancaq özünüzü bitərəf və qərəzsiz kimi göstərərək, atəşkəsin möhkəmləndirilməsindən başqa bir şey etməmək – bu bizim anlayışımızda vasitəçilik deyil”, – deyə o, əlavə edib.
Əmirbəyov müsahibəsində Dağlıq Qarabağda əks-hücum əməliyyatları zamanı Azərbaycan Ordusunun qazandığı uğurlardan da söz açıb.
“Bir dəqiqə özünüzü mənim yerinə qoyun. Təsəvvür edin ki, Azərbaycan hökumətini təmsil edirsiniz: Üç dəfə humanitar atəşkəsə razılıq verirsiniz… Hər dəfə qarşı tərəf atmağa başlayır, buna görə də qarşılıq verməlisiniz və o zaman (döyüş fəaliyyətləri) yenidən bərpa olunur. Üç dəfə ölkə (Azərbaycan) döyüş fəaliyyətlərini dayandırmaq vəzifəsini üstlənir. Lakin sonra gecənin bir yarısı onlar sizin dinc mülki əhaliyə hücum edir və onlarla insanı qətlə yetirir. Mənim vəziyyətimdə barışığı qorumaq üçün hansı təşviq var?”
Əmirbəyov Bakının əsas hədəfinin Ermənistanla dinc şəkildə yaşamaq olduğunu bildirib. O, əlavə edib ki, Bakı Dağlıq Qarabağ sakinlərini Azərbaycan vətəndaşları hesab edir və onlara ölkənin digər vətəndaşları kimi Konstitusyon hüquq vermək istəyir.
Birinci vitse-prezidentinin köməkçisi regionda Türkiyə və Rusiyanın planlarının olduğu barədə iddiaları da cavablandırıb.
“Bu münaqişə nə dünən, nə də bu gün yaranmayıb, münaqişə 30 ildir mövcuddur. Planlı müharibələr və ya dini aspektdə konspirasiya nəzəriyyəsi axtarmaqdansa, məsələyə düz baxmalıyıq. Məsələnin mahiyyəti birdir: Ermənistanın Azərbaycana qarşı torpaq iddiası”, – deyə o, sözlərini yekunlaşdırıb.