Ekspert: “Azərbaycan qitələrarası bağlantıda əlaqələndirici rol oynayır” – FOTO

Siyasət

Azərbaycan həm avtomobil, həm dəmiryolu, həm də hava nəqliyyatı baxımından yeni dəhlizlər yaratmaqla tranzit potensialını yüksəldir və bu baxımdan ölkəmiz qitələrarası bağlantıda əlaqələndirici rol oynayır.

“Report” xəbər verir ki, bunu nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev son dövrlərdə həyata keçirilən yeni layihələr haqqında danışarkən bildirib.

O qeyd edib ki, Qarabağda icra olunmuş infrastruktur layihələri regionumuzdan keçən dəhlizləri nəzərə almaqla biri-birinə əlaqələndirilmiş şəkildə inteqrasiya edilir:

“Bu baxımdan inşa edilən avtomobil yollardan biri də Şükürbəyli-Cəbrayıl-Hadrut magistralıdır. Bu yolun davamı olaraq Füzuliyə qədər hissəsinin (Füzuli-Hadrut) tikintisi hazırda gedir və bu ilin sonunda təhvil verilməsi planlaşdırılıb. Füzuli-Ağdam və Ağdam-Bərdə yollarının tikintisi də yekunlaşmaq üzrədir. Bu layihələr ya bu ilin sonu, ya da gələn ilin əvvəlində təhvil veriləcək. Bərdədən Yevlaxa əlaqə var. Oradan isə iki istiqamət üzrə Gürcüstana çıxmış oluruq. Bu yol İran sərhədinə də çıxır. Bu o deməkdir ki, yol həm şərq-qərb üzrə Bakıdan Zəngəzur dəhlizinə qədər ərazini birləşdirir, həm də cənub-qərb istiqamətində Fars körfəzi ilə Qara dəniz arasında əlaqə ola bilər”.

Rauf Ağamirzəyev

Ekspert bu baxımdan digər layihələrin də çox önəmli olduğunu qeyd edib:

“Bildiyiniz kimi, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Xudafərin-Qubadlı-Laçın, Laçın-Kəlbəcər, Toğanalı-Kəlbəcər-İstisu yolları tikilməkdədir. Bu yollar da yeni dəhliz rolunu oynayacaq və mövcud şərq-qərb dəhlizlərini əlaqələndirəcək. Bu yollar həmçinin sıxlıq, yüklənmə olduqda nəqliyyat axınını yönləndirmək baxımından da önəmlidir.

Ərazi dağlıq olduğundan tunel, estakada, süni qurğuların tikintisi də müşahidə olunur. Belə qurğular həm yolu qısaldır, həm də relyefdən asılı olmayaraq, fasiləsiz hərəkəti təmin edəcək.

Bütün bunlar regionda Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, cəlbediciliyini də yüksəldəcək”.

R.Ağamirzəyev Qarabağ və Şərqi Zəngəzurda tikilən dəmiryollarının əhəmiyyətindən də söz açıb:

“Hazırda tikilən Bərdə-Ağdam, Horadiz-Ağbənd yolları tikilməkdədir. Amma perspektivdə İmişlidən Ağcabədiyə dəmiryolu çəkmək olar ki, onu Ağdam xətti ilə əlaqələndirdikdə həm Ələt limanına çıxışı təmin etmək olacaq, həm də Poti limanına. Bu yolla ilə gələcəkdə İmişli ilə Parsabadı əlaqələndirmək də nəzərdə tutulub. Beləliklə, Fars körfəzi ilə əlaqəni yaratmaqla Ağdamın, Qarabağın dünya bazarlarına çıxışını, inteqrasiyasını sürətləndirmək mümkün olacaq.

Regionda artıq Füzuli və Zəngilan hava limanları istifadəyə verilib. Yaxın iki ildə Laçın hava limanının istifadəyə verilməsi ilə Azərbaycan hava dəhlizlərində də mövqeyini möhkəmləndirəcək”.

Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Report”a Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun əhəmiyyətindən danışarkən bildirib:

“Bu yol başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə bizi Cəbrayıl şəhərinə, o cümlədən də Hadrut qəsəbəsinə aparır. Yol bu istiqamətdə yerləşən Cəbrayıl və Füzuli rayonlarının 20 yaşayış məntəqəsini əlaqələndirir. Hazırda Füzuli-Hadrut avtomobil yolunun inşası da yekunlaşmaq üzrədir. Füzuli-Hadrut avtomobil yolu da Şükürbəyli–Cəbrayıl avtomobil yoluna birləşir. Beləliklə, yol bu istiqamətdə Füzuli şəhərinə çıxışı bu şəkildə təmin edəcək: Füzuli-Zəfər yolu və Əhmədbəyli-Şuşa yolu”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir