“Azərbaycan və Türkiyənin bir yerdə olması sülhün bərqərar olmasını istəməyən qüvvələrə verilən ən yaxşı və tutarlı cavabdır”.
Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili idi.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şərqi Zəngəzura səfərindən danışan komitə sədri bildirib ki, birgə layihələr bir çox cəhətdən mühüm əhəmiyyət kəsb edir:
“Zəngilan Beynəlxalq Hava Limanının açılması Zəngəzurdan keçən nəqliyyat dəhlizinin imkanlarını daha da artırdı. Kənd təsərrüfatı, meşəçilik sahəsində Azərbaycan-Türkiyə birgə layihələrinə start verilməsi regionun iqtisadi imkanlarını daha da artıracaq, öz yurdlarına dönən insanların məşğulluq imkanlarını və gəlirlərini artıracaq. Digər tərəfdən, beynəlxalq layihələrin işə salınması regionun investisiya cəlbediciliyini də artırır”.
Hazırda regionda dayanıqlı sülhün bərqərar olmasını istəməyən qüvvələrin olduğunu qeyd edən deputat nəzərə çatdırıb ki, bu qüvvələr bəzən siyasi, bəzən də hərbi cəhətdən Azərbaycanı hədələyirlər, bizim iqtisadi layihələrimizi əngəlləmək üçün ona siyasi don geyindirirlər, bu layihələrin guya hansısa sərhədlərin dəyişilməsinə gətirib çıxaracağını iddia edirlər. Bununla da Azərbaycanın haqq işinə kölgə salmaq istəyirlər:
“Belə bir şəraitdə Azərbaycan və Türkiyənin bir yerdə olması sülhün bərqərar olmasını istəməyən qüvvələrə verilən ən yaxşı və tutarlı cavabdır. Zəngəzur dəhlizi ilə bağlı hər hansı çətinliyin olmasını görmədiyini qeyd edən Türkiyə Prezidenti Ermənistanın dağıntılara görə kompensasiya ödəməli olmasını deməklə, əslində regionda ədalətin tam bərpa olmasının yolunu göstərdi. Eyni zamanda, Azərbaycan Prezidentinin Şuşa Bəyannaməsini, Türkiyə ilə müttəfiqliyi xatırlatması indidən sonra da regionda ola biləcək hər hansı təhdidlərə qarşı Azərbaycan və Türkiyənin birgə mübarizə aparacağının bəyanı idi”.
“Şərqi Zəngəzurda bərpa işlərinin sürətlənməsi regiona sürətlə həyatın qayıtması deməkdir. Bu, öz yurdlarına qayıtmağı səbirsizliklə gözləyən insanlara böyük bir dəstəkdir. Zəngilanın Ağalı kəndində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdə kənd sakinlərinin sevinc dolu üzləri və inam dolu baxışları Azərbaycan dövlətinin gələcəyə yönəlmiş sosial siyasətinin mühüm göstəricisi idi. Bu hisslər artıq hər kəsdə var”, – T.Mirkişili əlavə edib.
www.RIA24.az