Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dost dövlətlər alqışladı. Onlar Azərbaycanın bu haqlı savaşına dəstək də verdi. Bu qələbəyə ən çox sevinən, heç şübhəsiz, dünya azərbaycanlılarıdır. Hansı ölkənin vətəndaşı olmalarından asılı olmayaraq, onlar Azərbaycan torpaqlarının işğaldan azad edilməsini istəyiblər, bununla bağlı dünyanın bir çox ölkələrində aksiyalar keçiriblər. Onlar da 8 Noyabr – Zəfər Gününə ürəkdən sevinir, bu bayramı qeyd edirlər.
Azərbaycan Respublikası həm də dünyanın müxtəlif ölkələrinin vətəndaşı olan azərbaycanlıların dövlətidir. Dünya azərbaycanlılarının hüquqlarının müdafiəsi və birliyini nümayiş etdirmək məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilimiş və toplantıda mərhum Prezident Heydər Əliyev Şuranın sədri seçilmişdi. 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II Qurultayı keçirilib və Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib. Bu iki qurultay Azərbaycan dövlətinin soydaşlarına və həmvətənlərinə verdiyi qiymətin göstəricisidir.
Elə bu toplantılara da qarşı çıxanlar tapıldı. Çox təəəsüfləndirici haldır ki, Azərbaycanın torpaqlarını işğaldan azad etməsinə, dünya azərbaycanlılarının həmrəyliyinə qarşı ən çox İran hakimiyyəti çıxır. Belə görünür ki, rəsmi Tehran Azərbaycan Respublikasının uğurlarına sevinə, dünya azərbaycanlılarının həmrəyliyinə dözüm göstərə bilmir. İslam dini arxasında pərdələnsə də, bu onun fars şovinisti düşüncəsindən irəli gəlir. Bu ideoloji düşüncə türk etnosuna qarşıdır. Həmin ideologiya İrandakı Azərbaycan türklərini farsdan ayrı etnos olaraq qəbul etmir. Bu düşüncəyə əsasən, türklər (azərbaycanlılar) fars dili və mədəniyyətinin törəməsidir. Ən yaxşı halda iddia edirlər ki, türklər səlcuqlarla farsların qarışığıdır. Həmin panfarsçılar Azərbaycan türklərini “azəri” adlandırırlar.
Azərbaycan torpaqları işğal altında olanda, 44 günlük müharibə zamanı və savaş başa çatandan sonra bir il müddətinə Azərbaycan Respublikasına qarşı yalan və iftira dolu çıxışlar edib. Hətta Rusiyadan silahlar İran ərazisindən keçməklə Ermənistana ötürülürdü. İslam rejiminin bu xəyanətinə qarşı çıxan Güney azərbaycanlıları hakimiyyət orqanlarının təzyiqlərinə məruz qalırdı. Həmin dönəmdə İslam Respublikasının ən yüksək səviyyəli rəsmiləri Ermənistan hakimiyyəti və erməni lobbisi kimi çıxış, bir sıra hallarda ermənilərdən də artıq ermənilik edirdilər. Niyə? Bu, İrandakı hakimiyyətin mayasının antitürk mahiyyəti təşkil etdiyinin göstəricisidir. İslam Respublikasının rəhbərliyi Tehranda Nikol Paşinyanın ermənilərlə görüş keçirdiyi “Ararat” idman zalında “Qarabağ Ermənistandır, nöqtə!” şüarının yazılmasına şərait yaratmışdı. Bununla da İran hakimiyyəti beynəlxalq hüququn pozulmasına, dövlətlərarası münasibətlərə, Azərbaycanla İran arasında imzalanan müqavilələrə qarşı çıxmışdı. Bu qanun pozuntusuna göz yummuşdu.
İran hakimiyyəti ölkənin indiki və keçmiş tarixində danılmaz, əvəzedilməz xidmətlər göstərmiş Azərbaycan türklərinin milli, qanuni, konstitusiya hüquqlarını addımbaşı pozur.
Hazırda İranda etiraz aksiyaları davam edir. Bu hadisələr fonunda Tehran hakimiyyəti Güney Azərbaycanın şəhər və kəndlərində aksiya iştirakçılarına qarşı amansızlıq göstərir, onları təqib edir, işgəncəyə məruz qoyur. Oktyabrın 13-də baş verən hadisə daha dəhşətli olub. Güney Azərbaycanın Ərdəbil şəhərində Azərbaycan türkü Əsra Pənahi Xangah vəhşicəsinə döyülərək qətlə yetirilib. Rəsmilər hadisə ilə bağlı açıqlama verməyib. Təsdiqlənmiş məlumatlara görə, lisey şagirdləri həyətdə sıraya düzüləndən sonra onlara İranın ali rəhbəri Xameneini vəsf edən “Salam, Fərmande” marşını oxumaq əmr olunub. Əsra Pənahi oxumaqdan imtina edib. Hadisə yerinə çağırılan əxlaq polisləri 16 yaşlı azərbaycanlı qızı amansızcasına döyərək qətlə yetiriblər. Bu, İran hakimiyyətinin Güney Azərbaycan türklərinə münasibətinə dair çoxsaylı mənfi münasibətə bir nümunədir.
Öz dilində təhsil almayan, bağçadan universitetə, sonra bütün həyatı boyu əcnəbi dilin və mədəniyyətin təsiri altında yaşamaq Azərbaycan türkləri üçün doğrudan da məşəqqətdir. İranda azərbaycanlılar doğulan gündən milli haqlarının tapdalanmasına məruz qalır. Çünki ata-analara övladına öz dilinə, mədəniyyətinə uyğun ad qoymaq yasaqlanıb. İranda və ədəbi ictimaiyyət arasında məşhur olan yazıçı Qulamhüseyn Əliəsgər oğlu Saidi müsahibələrindən birində deyib:
“Mən öz ana dilimi zəif bildiyim üçün böyük əsərlər yaza bilmədim. Elə kiçik hekayə və pantomimlər yazmaqla kifayətləndim”.
Yeri gəlmişkən, o, 1936-cı il yanvarın 4-də Təbrizdə anadan olub, 1985-ci il noyabrın 23-də Parisdə vəfat edib. Azərbaycan türklərinin milli-mədəni haqlarını tələb edənlər, yaxud İran konstitusiyasının milli dil, mədəniyyət və bərabərliklə bağlı 15, 19, 20-ci maddələrinə əsasən, fəaliyyət göstərənlər daim təqib olunurlar.
Azərbaycan Respublikası dünya azərbaycanlılarının da mili-mədəni hüquqlarının qorumağa, bu istiqamətdə addımlar atmağa çalışıb. 1918-ci ildən indiyədək Azərbaycanda siyasi-ideoloji baxışlarından asılı olmayaraq, hakimiyyətə gələn qüvvələr Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunmasına səy göstərib. Bunların arasına 1945-46-cı illərdə mövcud olmuş Azərbaycan Milli Hökumətinə yardım etmiş Əziz Əliyevin komandasını göstərmək olar. Bundan başqa, məhrum Prezident Heydər Əliyev Azərbaycan Kommunist Partiyasnın Birinci katibi olduğu illərdə o vaxtkı Yazıçılar İttifaqında və Azərbaycan Milli Elmlər Akademiyasının Cənubi Azərbaycan şöbəsinin açmasını da vurğulamaq yerinə düşər.
Dünya Azərbaycanlılarının II Qurultayında dövlət başçısı İlham Əliyev 50 milyonluq azərbaycanlının Prezidenti olduğunu bəyan etdi. Prezident bununla Azərbaycan Respublikasının dünya azərbaycanlılarının hamisi olduğunu da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısı bu kursu davam etdirdiyini Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən bir daha vurğulayıb:
“Azərbaycanda öz tərəfimizdən bizim təşkilatımıza daxil olan ölkələrin birliyini möhkəmləndirmək üçün hər şeyi edəcəyik, dünyanın müxtəlif ölkələrində yaşayan qardaşlarımızı, – on milyonlarla qan qardaşlarımızı, – dəstəkləyəcəyik. Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.
Dövlət başçısı bu açıqlaması ilə həm də milli-mədəni hüquqlarının təminindən tamamilə məhrum olan 35 milyondan çox İran vətəndaşını, Azərbaycan türkünü nəzərdə tutur. Dünyada milli, haqqı tapdanılan və kimliyi danılan etnos Güney Azərbaycan türküdür. Dünyada onun qədər milli sitəmə, irqi ayrı-seçkiliyə və ədalətsizliyə məruz qalan cəmiyyət, etnos yoxdur. Sayı İran əhalisinin yarısını təşkil etsə də, milli-mədəni hüquqlarının təmin olunması baxımından ən geridədir. Odur ki, Azərbaycan Respublikasının fars şoviniziminin davamlı təzyiqi ilə üz-üzə qalan güneyli soydaşlarına yardımı dünyanın mövcud yazılı bütün qanunlarına uyğundur. Azərbaycanın haqlı olduğunu həm dünyəvi, həm də səmavi qanunlar təsdiqləyir. Əksini edənlər bu gerçəkliyə qarşı olanlar, azərbaycanlıların milli-mədəni haqlarını dananlardır. Odur ki, Tehran hakimiyyəti öz vətəndaşlarına hörmət etmir, onlara nifrət edir. Belələri öz eybəcərliklərini heç İslam pərdəsi ilə də örtə bilmirlər.
“Report” İnformasiya Agentliyi
www.RIA24.az