“Biz siyasi partiyalar olaraq “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət etdik və Sahibə xanım müsbət cavab verdi. Biz də yeni çağırışları nəzərə alaraq öz təkliflərimizi vermişik. Bu layihə kollektiv düşüncənin nəticəsidir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, belə formatda qanun layihəsini müzakirə edir.
“Bu, Azərbaycanın siyasi sistemində bir ilkdir. Hər bir qanun layihəsini zəruri edən amillər və şərtlər var. 1990-cı illərdən fərqli olaraq Azərbaycanda siyasi partiyaların fəallığı kifayət qədər artıb və bu fəallıq mövcud qanuna uyğun deyildi. Yeni qanun layihəsi isə siyasi partiyaların siyasi sistemdə yerinin və rolunun artırılması üçündür. Bu, ölkədə həyata keçirilən siyasi islahatların məntiqinə uyğundur”, – deyə o əlavə edib.
www.RIA24.az