Makronun bicliyi, Əliyevlə Paşinyanın yeni görüşü, Putinin qabağına qoyulacaq mövzular – TƏHLİL

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti görüş gözlənilir, bir ilə yaxındır ki, Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqlar raundunu yenidən Moskva əvəzləyir.

Danışıqların Brüssel modeli zahirdə Rusiyanın ziddinə platforma kimi görünsə də, batini reallıqlarda Moskva üçün problem yaratmırdı.

Ancaq Rusiya-Ukrayna müharibəsinin qızışması fonunda ABŞ Avropa İttifaqının təşəbbüslərini məharətlə öz xeyrinə dəyişdirməyi hədəflədi ki, Moskva da bundan qəzəbləndi.

Hərçənd ki, Rusiya, Azərbaycan-Ermənistan sərhədindəki toqquşmalarda Bakının maraqlarını önə çəkdi, çünki İrəvanı cəzalandırma mexanizmində bu cür hərbi güc tətbiqi Kremlin regiondakı faydalı iş əmsalına müsbət təsir edirdi.

Elə sərhəddəki genişmiqyaslı əməliyyatlardan sonra ABŞ ilə Rusiya Cənubi Qafqazdakı səhmlərini artırmaq üçün rəqabətini əsaslı şəkildə gücləndirdi, Fransa Prezidenti Emmanuel Makron oyuna girərək guya Qərbin maraqlarının təəssübkeşi obrazını yaradırdı.

Az sonra isə Makron özünü Əliyevlə Paşinyanın Praqada keçirilən görüşünə pərçim edərək guya vasitəçilik statusunu nümayiş etdirdi.

Praqadakı danışıqlardan sonra Makron Azərbaycan-Ermənistan toqquşmasına görə Rusiyanı ittiham etməklə əynindəki libası yırtdı. Bu, Makronla Kreml arasındakı sövdələşmənin təzahürü kimi qiymətləndirilə bilər, məhz Makron Praqadakı danışıqlardan sonra Brüssel formatını zədələdi və ABŞ-ın gizli şəkildə üstünlük qazanmaq cəhdlərinin qarşısına keçdi.

Rusiya-Ukrayna münaqişəsinin əvəzsiz “tənzimləyicisi” olan Makron ölkəsinin Cənubi Qafqaz regionunda da Britaniya və ABŞ ilə olan rəqabətini Rusiyanın əlinə oynayan topa çevirməyə girişir.

Azərbaycan isə qlobal tərəflərdən birinin maraqlarının diktəsi ilə yox, yalnız özünün strateji-təhlükəsizlik məntiqi ilə istər Rusiyanı, istər ABŞ-ni, istərsə də Fransanı kəskin tənqid etmək qabiliyyətinə malikdir.

Görünür ki, Rusiya dairələri Əliyevlə Paşinyanın Praqadakı danışıqlarından sonra belə qənaətə gəliblər ki, Bakı balans siyasətindən çıxaraq Qərbin regionda üstünlüyünü təmin etməyə çalışır.

Ona görə də son günlər Rusiya mediasında Azərbaycanı ittiham edən və Ermənistanın maraqlarına oynayan motivlər yayımlanır, lakin Azərbaycan da dövlət televiziyası və XİN səviyyəsindəki bəyanatlarla adekvat cavablar verməkdədir.

Hər halda Azərbaycanla Rusiya arasında hansısa nöqtədə bir gərginlik mənbəyi ərsəyə gəlib, yəqin ki, bu, daha çox Praqadakı danışıqlarda hansısa bir tezislə bağlıdır.

Bununla belə, Azərbaycanın nə ABŞ, nə də Rusiya ilə münasibətlərinin ruhuna əsaslı xələl gəlib, Fransa isə özünü çoxdan “yandırıb”.

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Əliyevlə Paşinyanın danışıqlarındakı budəfəki müzakirə predmetləri İrəvanın öhdəliklərdən boyun qaçırması mövzuları, Moskvanın üzərinə düşən öhdəliklər toplusu, Azərbaycanın sərhəddə maraqlarının təmin edilməsi yolundakı addımlar istiqamətində inkişaf etdiriləcək.

Rusiya Azərbaycanın Türkiyə ilə dərinləşən strateji müttəfiqliyinin Qərbin əlinə fürsət verməməsi üçün 10 Noyabr Bəyanatının, həmçinin 11 Yanvar və 26 Noyabr Bəyanatlarının (müvafiq olaraq Moskva və Soçi) icrasında tələsir.

Rusiya Zəngəzur dəhlizinin açılmasına da maraq göstərir, lakin 10 Noyabr Bəyanatının 4-cü bəndinin icrası üzrə işlər axsamaqdadır.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində hələ də erməni silahlı birləşmələri qalmaqdadır və Moskva onları kənara tullamaq üçün keyfiyyətli bir həmlə həyata keçirmir, hətta az qala məsuliyyətindən boyun qaçırır.

Düzü, Rusiyanın kənarda qalması Azərbaycan üçün ziyanlı da deyil, çünki Bakı Qarabağdakı erməni faktorunu daxili təhlükəsizlik məsələsi səviyyəsinə endirib, elə Moskvanı da narahat edəcək amil bu ola bilər.

Ona görə ki, Rusiyanı da, Qərbi də bir xətt birləşdirir – erməni amili, lakin hərəsi öz məntiqi çərçivəsində məsələyə yanaşdığından maraq toqquşmaları şiddətlənir.

Rusiya hazırda qoşunlarının Qarabağda qalmasına hədsiz maraq göstərmir, ondansa həmin zonada rus icmasının formalaşması Moskva üçün daha böyük dividenddir. Azərbaycan isə olanları izləyir və perspektiv niyyətləri duyur, buna görə də Moskvaya bəzi xatırlatmalar veriləcək.

Üstəgəl İlham Əliyev istər Putinə, istərsə də Paşinyana Azərbaycanın sərhəddə tətbiq edə biləcəyi yeni hərbi əməliyyatlar barədə mesajları çatdıracaq, Rusiya liderinin buna qarşı çıxması gözlənilmir.

Ona görə ki, Putin Paşinyanı elə həddə cəzalandırmaq istəyir ki, baş nazir Qərbdən üz çevirsin və Rusiyanın forpostu olduğunu unutmasın.

Bu baxımdan Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin ilkin versiyası üzərində Bakının qoyduğu tələblər Moskvanı qane edəcək, lakin detalların müəyyən edilməsində müzakirələr uzun sürəcək.

Ümumilikdə Putinin təşəbbüsü ilə baş tutması gözlənilən budəfəki görüş 10 Noyabrdan sonrakı danışıqların məntiqi davamıdır və Brüssel formatına qarşı duruş sərgiləmək xətti kimi inkişaf etməyəcək.

Görüşdə nəticə olaraq bəyanat qəbul edilməsi də gözləniləndir.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir