Enerji və nəqliyyat layihələri, Azərbaycanın Gürcüstana yatırdığı sərmayələr iki ölkəni bir-birinə daha da yaxınlaşdırır. GUAM çərçivəsində isə Bakı ilə Tbilisinin həm ikitərəfli, həm də çoxtərəfli formatda hüquqi cəhətdən tənzimlənən azad ticarət rejimi mövcuddur.
“Kaspi” qəzeti Azərbaycan Prezidentinin Gürcüstan səfərinin məqsədləri ilə bağlı şərh dərc edib.
Oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfər edərək bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə məhsuldar görüş keçirdi.
Dövlət başçısı və baş nazirin danışıqlarının məzmununu göstərməkdən ötrü ilk olaraq iki ölkənin münasibətlərinə nəzər salmaq lazımdır.
Azərbaycanla Gürcüstan strateji tərəfdaş kimi yaxın münasibətdədir, ikitərəfli münasibətlərin dinamikası yüksək səviyyədədir.
Azərbaycan-Gürcüstan münasibətlərinin enerjisi
Enerji və nəqliyyat layihələri, Azərbaycanın Gürcüstana yatırdığı sərmayə iki ölkəni bir-birinə daha da yaxınlaşdırır, GUAM çərçivəsində isə həm ikitərəfli, həm də çoxtərəfli formatda Bakı ilə Tbilisinin hüquqi cəhətdən tənzimlənən azad ticarət rejimi mövcuddur.
Əliyevlə Qaribaşvili keçirilən görüşlərdən sonra mətbuata birgə bəyanatlarında iqtisadi layihələrin yeni-yeni prinsiplərlə davam etdiriləcəyinin anonsunu verdilər, lakin perspektiv cığırların təhlükəsizlik qarantiyası altına alınması üçün bir sıra çağırışlar var.
Əliyevin səfərinin məqsədi gözlənilən iqtisadi möcüzələrin sülh və əmin-amanlıq şəraitində zühurunu təmin etmək tezislərinin praktiki baxımdan inkişafı üçün əhəmiyyətli idi.
Regional təhlükəsizlik mühitinin təhlili
Elə buradan yola çıxaraq deyə bilərik ki, Azərbaycanla Gürcüstan müştərək layihələri gələcək risklərdən sığortalamağın modulunu tapmaq üçün regional təhlükəsizlik mühitini sağlam məntiqlə təhlil edir.
Ona görə də hərbi-siyasi ölçüdəki tərəfdaşlıq xəttinin artan şkalasına nail olmaq qarşıda duran birinci hədəflərdəndir ki, burada Azərbaycan-Türkiyə-Gürcüstan üçbucağı ön plana çıxır.
Bakı da, Ankara da Gürcüstanın təhlükəsizlik zəmanətçisinə çevrilmək yolunda böyük məsafə qət ediblər. Rusiyanın Gürcüstanda yaratdığı ərazi münaqişələrinin həllində Azərbaycanla Türkiyə yarıgizli və ya aşkar vasitəçilik missiyasını həyata keçirə bilər, çünki hər iki ölkənin Kremllə münasibətləri üstün tərəfdaşlıq prinsiplərinə söykənir.
Lakin hər şey rəvan getmir, Rusiya-Ukrayna müharibəsinin davam etməsi ilə Moskva postsovet məkanında itirdiyi resursların heyfini Gürcüstandan çıxmaq meylinə yönələ bilər ki, bu da Bakı-Ankara ikilisini narahat edir.
Rusiyanın əlindəki yenə erməni kartı
İkinci bir məsələ Rusiyanın Gürcüstandakı erməni kartını oynamaq cəhdlərinin baş qaldıra bilməsi ehtimalıdır, bu isə onsuz da gərginlik içərisində olan Azərbaycan-Ermənistan münasibətlərinin kontekstinə mənfi təsir etmək potensialına malik mənbə kimi inkişaf edə bilər.
Ona görə də, masada daim bir “B” planı saxlanılır ki, bu da əsasən hərbi sferadakı üçtərəfli əməkdaşlıq modelidir, yəni Azərbaycanla Türkiyə Gürcüstanın hərbi cəhətdən inkişafında maraqlıdır.
Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli tərəfdaşlığının hərbi sferası beynəlxalq nizamın dəyişdirilməsi cəhdləri fonunda üzləşilə biləcək regional maneələrin aradan qaldırılması baxımından aktuallıq qazanır.
Əliyevlə Qaribaşvili Azərbaycan-Ermənistan münasibətlərinin müzakirəsini aparıblar və Cənubi Qafqazda Bakı, Tbilisi və İrəvanın üçtərəfli əməkdaşlıq prioritetləri qurmağının da mesajını çatdırıbar.
Açıq demək lazımdır ki, Gürcüstan Bakı-İrəvan gündəliyinin sülhlə yekunlaşması üçün moderator statusuna yiyələnmək istəyir, lakin bu, onun öz təşəbbüsündən çox, Qərbin təlimatına əsaslanır.
Azərbaycan-Türkiyə-Gürcüstan ortaq maraqları bölüşür
Əliyevin səfəri nəqliyyat-enerji infrastrukturunun qorunması, üç ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın dərinləşdirilməsi, regionda sabitlik və təhlükəsizlik şəraitinin düzgün proqnozlaşdırıla bilməsinə hesablanmışdı. Azərbaycan-Türkiyə-Gürcüstan bu müstəvidə ortaq maraqları bölüşür və onu inkişaf etdirir.
Rusiyanın Gürcüstanı təhdid etməsinin önünə keçilə biləcək tarazlaşdırıcı qüvvə Azərbaycan və Türkiyədir ki, bu da strateji maraqlardan irəli gəlir.
Azərbaycan, Türkiyə və Gürcüstanı təhlükə ssenariləri bir-birinə üçtərəfli formatda yaxınlaşdıracaq və tərəflər bu əməkdaşlığın praqmatik ruhunu qoruyub saxlamaq üçün əməkdaşlığı genişləndirəcəklər.
Xüsusilə müdafiə tərəfdaşlığının daha da inkişaf etdirilməsi üçün bir sıra addımların atılması gözlənilir.
Maneələrin dəf edilməsi ümumi regional sabitliyi gücləndirir və təhlükəsizliyə əhəmiyyətli töhfələr verir.
Töhfələr Cənubi Qafqaz dəhlizini etibarlı edir ki, bu da Mərkəzi Asiya və Avropa kimi qonşu regionlar üçün faydalı olacaq.
www.RIA24.az