Soçi görüşü: “Ermənistan kiminsə çətirinin altına sığınmaqla özünü daha çətin vəziyyətə salır” – MÖVQE

Siyasət

Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Soçidə görüş keçirildi.

Görüşün nəticəsi olaraq üçtərəfli bəyanat qəbul olundu.

Milli Məclisin deputatı Nurlan Həsənov nəticə ilə bağlı Oxu.Az-a şərhində deyib ki, Soçi görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində ciddi bir irəliləyişlə yadda qalmadı.

“Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində göstərdiyi təşəbbüslərdən sonra Rusiyanın bu istiqamətdə cəhdlərinin daha da kəskinləşdiyi müşahidə olunur. Bu anlaşılandır, yəni sanki Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçilik uğrunda Avropa İttifaqı-Rusiya yarışı hiss olunur”, – deyə o bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın postmünaqişə dövrü ilə bağlı mövqeyi aydındır.

“Azərbaycan 2020-ci ilin 10 noyabrında imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə sadiqdir və öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirir. Gələcəkdə də yerinə yetirəcək. Ermənistan tərəfi isə hələlik bəzi məsələlərdə öz üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışır. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazidə hələ də Ermənistan hərbçiləri və qanunsuz silahlı birləşmələri mövcuddur və bu, üçtərəfli razılaşmanın şərtlərinə ziddir”, – deyə Nurlan Həsənov əlavə edib.

O xatırladıb ki, Ermənistan Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizini açmaqdan imtina edir, həmçinin minalanmış ərazilərin xəritələrini vermir.

“Bunlar, əlbəttə ki, sülh prosesini ləngidir. Ermənistan dərk etməlidir ki, Qarabağ münaqişəsi tarixdə qalıb və bölgədə sülh hər kəsin xeyrinədir. Ermənistan kiminsə çətirinin altına sığınmaqla ilk olaraq özünü daha çətin vəziyyətə salır”, – deyə Nurlan Həsənov fikrini yekunlaşdırıb.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir