Oktyabrın 31-də Soçidə növbəti üçtərəfli görüş baş tutdu. 44 günlük Vətən müharibəsindən sonra Vladimir Putinin təşkilatçılığı, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirakı ilə üçtərəfli formatda keçirilən sayca dördüncü olan bu görüş də əvvəlkilər kimi normallaşma prosesinə xidmət edirdi. Ona görə də yekun nəticə olaraq Soçidə növbəti üçtərəfli bəyanat qəbul olundu.
Məsələni Oxu.Az-a şərh edən politoloq İlqar Vəlizadə təəssüflə qeyd edib ki, tərəflər arasında fikir ayrılıqları hələ də qalır:
“Ermənistan tərəfi iddialarından əl çəkmir və çalışır ki, öz mövqelərini reallaşdırsın, moderatorlar Ermənistanın mövqeyini dəstəkləsinlər. Bu isə danışıqlar prosesinin məhsuldarlığını azaldır və nəticə etibarilə danışıqlara ümidi azaldır”.
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan heç bir halda tutduğu mövqedən çəkilməyəcək:
“Delimitasiya və demarkasiya getməlidir və burada əsas şərt prosesin sinxron şəkildə həm Azərbaycan, həm də Ermənistan tərəfindən aparılmasıdır. Ermənistan isə işin icrasından boyun qaçırır, ona görə də demək olar ki, proses getmir. Yalnız ümumi danışıqlar aparılır.
Azərbaycan hər dəfə bildirir ki, Qarabağ münaqişəsi bitib. Biz bunu niyə deyirik? Çünki əgər belə fikirlər səslənsə ki, münaqişə bitməyib, deməli, münaqişəyə aid olan gündəm danışıqlar prosesini müəyyən edəcək: yəni Minsk qrupu, mərhələli plan və Qarabağın “status”u gündəmə gətirilməyə çalışılacaq, ancaq bunların hamısı 44 günlük müharibədən əvvəlki vaxtda qalıb. Ona görə də Azərbaycan bunları qarşı tərəflərin diqqətinə çatdırır. Yeni şəraitdə başqa reallıqlar mövcuddur və onlardan çıxış etmək lazımdır”.
Ekspert bildirib ki, Qarabağ problemi yoxdur, Qarabağ ermənilərinin gələcəyini Azərbaycan müəyyənləşdirəcək:
“Şərtlər bəllidir, onlar Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, Azərbaycan vətəndaşı kimi Azərbaycanda yaşamalıdırlar. Həmçinin onlara heç bir imtiyaz verilməməlidir, çünki Azərbaycan çoxmillətli ölkədir, burada müxtəlif millətlərin nümayəndələri yaşayırlar və Azərbaycan ayrı-seçkilik etmək niyyətində deyil. Ermənilərə hansısa imtiyazlar vermək, digər millətlərin nümayəndələrinə imtiyazlar verməmək düzgün olmaz.
Digər tərəfdən, Azərbaycan unitar dövlətdir, konstitusion əsaslarımız var. Konstitusiya əsaslarına görə, hansısa bir federativ quruma bənzər olan qurumların yaradılması düzgün olmaz. Naxçıvan Muxtar Respublikasına gəldikdə isə bu, tarixi bir istisnadır, o vaxt beynəlxalq sənədlər çərçivəsində muxtar respublikanın sərhədləri və statusu müəyyənləşdirilib. Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşən bir vilayət kimi belə bir muxtariyyət statusu qazanıb. Qarabağ isə Azərbaycanın digər bölgələri ilə sərhəddir, Azərbaycanın ayrılmaz hissəsidir, ona muxtariyyətin verilməsi məntiqəuyğun olmaz”.
Milli Məclis deputatı Sahib Alıyev isə hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Soçi və ya başqa bir görüşdə nə dediyinin elə də önəmi yoxdur:
“Çünki Paşinyan situasiyaya uyğun danışır. Məsələn, Praqa və Brüsseldə olanda Qərbin maraqlarının təmsilçisi, özünü regionda “demokratiya adası”nın “Robinzon Kruzo”su kimi təqdim edir. Rusiyaya gəldikdə isə – Moskvadakı son açıqlamasından da göründüyü kimi, – təkidlə Putindən istəyi bu olur ki, Azərbaycanla Ermənistan arasında normallaşdırma prosesində aparıcı variant kimi məhz Moskvanın irəli sürdüyü variant götürülsün. Yəni bu dərəcədə ciddi olmayan bir adamdan söhbət gedir.
Hazırda Ermənistanın havadarları kimi çıxış edənlər belə, tam olaraq onun maraqlarından çıxış etmirlər. Sadəcə, öz maraqları üçün Ermənistandan faydalanırlar, bu da heç də həmişə Ermənistanın xeyrinə olmur. Biz açıq şəkildə görürük ki, iş Ermənistan rəhbərliyindən asılı olsa, Paşinyan Qarabağ yükündən tezliklə canını qurtararaq Azərbaycanla sülh anlaşması imzalaya bilər. Amma “Valday” forumunda səslənən fikirlər, onun ardınca Xankəndidə təşkil edilən qurama mitinqlər və digər addımlar onu göstərir ki, Nikol Paşinyana ölkəsini konstruktiv yolla idarə etməyə, Azərbaycanla danışıqlar aparmağa imkan vermirlər. O baxımdan Nikol Paşinyanın nə dediyi bizim üçün o qədər də önəmli deyil. Vacib olan – Azərbaycanın mövqeyinin nəzərə alınıb-alınmamasıdır”.
Millət vəkili bildirib ki, İlham Əliyev, hətta görüş təşkil edən böyük dövlət əleyhimizə olan gündəliklə çıxış etmək istəyirsə belə, ya həmin gündəliyi neytrallaşdırır, ya da tam lehimizə çevirir:
“Bunu Soçi görüşündə də gördük. Putinlə görüşdə Azərbaycanın dövlət başçısı açıq şəkildə bildirdi ki, Qarabağ münaqişəsi başa çatıb, artıq tarixdir, ona görə də Qarabağla bağlı müzakirə ediləcək heç nə yoxdur, ancaq və ancaq Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması müzakirə edilə bilər və bu məsələdə Rusiyanın dəstəyinə ehtiyac duyulur. Ona görə də Soçidəki yekun bəyanatda Qarabağla bağlı bir kəlmə də yoxdur.
Bu o deməkdir ki, “Valday”da, Xankəndidə gördüyümüz cəhdlərə; İranın sərhəddə keçirdiyi təlimlərə, Rusiyanın Ermənistana açıq dəstəyinə, Azərbaycana birmənalı olmayan yanaşmasına rəğmən, bu danışıqlarda da məhz Azərbaycan Prezidenti İlham Əliyevin diktə etdiyi gündəlik əsas götürüldü. Əlbəttə, sülhün əldə olunması elə də asan deyil. Çünki böyük dövlətlər heç də sülh tərəfdarı kimi çıxış etmir və məsələnin tezliklə bağlanmasını istəmirlər. Amma bütün bunlara baxmayaraq, bütövlükdə proseslərin gedişi onu göstərir ki, Azərbaycan öz məqsədinə doğru addım-addım irəliləyir və məcburetmə yolu ilə də olsa, gec-tez bu regionda dayanıqlı sülh təmin ediləcək. BMT qətnamələrini Azərbaycan təkbaşına yerinə yetirdiyi kimi, burada da biz belə bir reallıqla üzləşəcəyik”.
Sayad Həsənli
www.RIA24.az