Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də bina qoymayıblar. Yalnız o tərəfdə özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, məktəblər, binalar, ictimai binalar hamısı düşmən tərəfindən sökülüb. Onlar buna görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl şəhərinə səfər edərkən deyib.
Prezident qeyd edib:
“Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Bugünlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində. Bütün buraları yenidən bərpa edəcəyik”.