İranın Şirazdakı terrorda “Azərbaycan izi” axtarmasının məqsədləri – ŞƏRH

Siyasət

İranın Kəşfiyyat Nazirliyi Şirazdakı Şahçıraq ziyarətgahında törədilən terror aktına görə Azərbaycanı ittiham edən bəyanat yayımlayıb.

Bəyanata əsasən, terror aktını İŞİD-lə əlaqəli olan, Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşları törədiblər və proseslər Azərbaycandan yönləndirilib.

Hərçənd ki, bir neçə səbəbə görə bu məlumatın inandırıcılıq gücü yoxdur.

Teokratik rejim hələ Azərbaycanla bağlı başqa ittihamlarını sübut edən bir dənə də normal dəlil ortaya qoymayıb. 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə İran əzbərlənmiş fərziyyələrlə regionda terrorçu ünsürlərin olduğunu bildirdi, lakin bunu təsdiq edən faktlar yoxdur.

İndi İran ölkə daxilindəki “sunami”nin qarşısını almaqda çətinlik çəkdiyindən diqqətləri gərginlik yaşadığı Azərbaycanın üzərinə yönəltmək və terrorçuluğa dair iddialarını “sübuta yetirmək” istəyir.

İran həm də ölkədə siyasi şiəlik hərəkatını terror amili ilə birləşdirməyi hədəfləyir, bu mənada Şirazdakı terrorda ən böyük şübhə elə molla rejiminin üzərinə yönəlir.

İranın terror aktı ilə bağlı məsələni Azərbaycanla əlaqələndirməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tehranın Bakıya qarşı kəşfiyyat-pozuculuq fəaliyyətini ifşa edən məlumatları yayımlamasından sonra baş tutdu.

Bu, təsadüfi bir qarşılaşdırma deyil və İran Azərbaycana öz aləmində əks-hücum həyata keçirdiyinin işarəsini verir.

Tehran ölkədə iğtişaşlar başlayandan bəri bunun mənbəyini həmişəki kimi xarici qüvvələrə proyeksiya edir və Azərbaycanı da özünün bu ittihamının içərisində saxlayırdı.

Bu, İranın Azərbaycandakı şəbəkəsinin ideoloji və fiziki çöküşünə Tehranın verdiyi əsəbi reaksiyanın davamıdır. Molla rejimi “arqument”lərinə inandırıcılıq elementi qatmaq üçün Azərbaycanla sərhəddə hərbi təlimlərə start verdi, bunu regiondakı oyunçulara mesaj kimi göylərə qaldırdı.

Amma təlimlər Azərbaycanı qorxutmadı, dövlət ölkənin cənub sərhədlərində xüsusi təyinatlıların təlimini keçirməklə Tehrana adekvat cavablar verdi.

İndi terror hadisəsində Azərbaycan izi axtarmaqla molla rejimi özünün boş və dişsiz fərziyyələrinə dünya ictimaiyyətini və daxili auditoriyanı inandırmaq məqsədləri güdür.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir