Deputat: “İlham Əliyevin sərkərdəlik qabiliyyəti müharibənin gedişində özünü göstərdi”

Siyasət

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Ordumuzun şücaəti sayəsində şanlı Qələbəmizin əldə olunmasının şərəfinə təsis edilmiş Zəfər Gününün ikinci ilini qeyd edirik. Biz Qələbənin əldə olunmasının təhlillərini aparsaq, görərik ki, 30 il müddətində işğalda olmuş torpaqlarımız erməni faşizmi və ekspansionizmindən azad olunub. Həmçinin təxminən 200 il boyunca xalqımızın taleyində tarixi faciəyə çevrilmiş bu ləkə aradan qaldırıldı. Əlbəttə ki, bu Qələbə heç də asan əldə olunmadı. Belə ki, xalqımız ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi ətrafında birləşdi, ona inandı. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycan xalqını “Dəmir yumruq” kimi ətrafında birləşdirərək bu Qələbəni, tarixi Zəfəri təmin etdi. Bu gün isə Zəfər Günü dövlətimizin, xalqımızın gücünün və qüdrətinin rəmzinə çevrilib. Hesab etmək olar ki, qeyd etdiyimiz bayramlar içində ən ucada duranı məhz Zəfər Günüdür”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov söyləyib.

Deputat qeyd edib ki, Azərbaycan Ordusunda aparılan islahatlar güclü dövlətin və onun qüdrətinin bir timsalı idi. Belə ki, Ordumuz dövlətimizin başçısının diqqəti, qayğısı ilə əhatə olundu, bu da Vətən müharibəsində Qələbəmizi şərtləndirən əsas elementlərdən oldu. Qırx dörd gün olduqca az bir zaman olsa da, ancaq dünyanın hərb tarixinə qızıl hərflərlə yazılan bir proses oldu. Ali Baş Komandanın rəhbərliyi, sərkərdəlik qabiliyyəti müharibənin gedişində özünü göstərdi. Xüsusilə qeyd etmək lazımıdır ki, dövlətimizin başçısı təkcə döyüş meydanında deyil, eyni zamanda, illər boyu apardığı uğurlu, diplomatik səyləri nəticəsində diplomatik arenada da sözünü dedi. Biz müharibədən öncə və savaş zamanı ayrı-ayrı dövlətlərin Azərbaycana qarşı olan münasibətini gördük. Onlar saxta xəbərləri istehsal edərək informasiya cəbhəsində bizi sarsıtmaq istəyirdilər. Bundan əlavə, xarici KİV-lərin əksəriyyəti Azərbaycan həqiqətlərini deyil, ermənilərin məzlumluğunu bütün dünyaya çatdırırdı. Prezident İlham Əliyev də dünyanın aparıcı televiziyalarına yüksək savad, intellekt, dünya siyasətini dərindən bilən bir lider kimi ölkəmizin mövqeyini çatdırırdı. Bütün bunlardan əlavə, onun tvitləri, ayrı-ayrı yaşayış məntəqələrimizin düşmən işğalından azad olunması vətəndaşlarımızı daha da ruhlandırırdı. Bu səbəbdəndir ki, xalqımız güclü liderinə son ana qədər inandı. Əlbəttə ki, 44 günlük Vətən müharibəsini bütün kontekstlərdən təhlil etmiş olsaq, Qələbənin mərkəzində, əldə olunmasında dövlətimizin başçısının uğurlu siyasətinin, cəsarətinin, məntiqinin dünya siyasətini dərindən analiz etməsinin nəticələrini görmüş olarıq. Biz bu gün Qələbəni qeyd edərkən Vətən müharibəsinin ayrı-ayrı epizodlarını bir daha xatırlayırıq. Hər bir azad olunan kənd haqqında Ali Baş Komandanın sevinclə xalqa müjdə verməsi güclü liderin inamının yüksək olduğu anlamına gəlir. Bu xüsusiyyətlər də Ordumuzun ruh yüksəkliyini artırdı və Qələbəmizi tezləşdirdi.

İlham Məmmədov bildirib ki, Azərbaycanın Qələbəsi regionun coğrafi mənzərəsini dəyişdi. Əlbəttə ki, bu müharibənin aparılması tək müasir silahlarla və yaxud da güclü ordu ilə şərtlənmirdi. Qələbə, eyni zamanda, dövlətimizin başçısının müasir dövrün çağırışlarına uyğun olaraq son 17 ildə qurub yaratmış olduğu güclü hərbi, iqtisadi potensial sayəsində qazanıldı. Yəni, ordunun təchizatı, təminatı, hərbi strukturların yaradılması, müasir texnikanı idarə edə biləcək kadr potensialının illər boyu hazırlanması müharibəyə tam hazırlıq getdiyini göstərirdi.

“Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirməyi əsas hədəf kimi qarşıya məqsəd qoymuşdu. Hesab edirəm ki, ulu öndər Heydər Əliyev qurub yaratmış olduğu müstəqil Azərbaycanı öz xalqına ərməğan bağışlayıb, bunun üçün də uzun illər mənalı ömrünü bu yolda sərf edib. Ancaq onun bir vəsiyyətini heç vaxt unutmarıq. O deyirdi: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur”. Ümummilli liderimizin xalqına ünvanladığı bu mesaj məhz Şuşa alınan gün Prezident İlham Əliyev tərəfindən fəxrlə, qürurla xatırlandı. Dövlətimizin başçısı qeyd edirdi ki, mən ata vəsiyyətini yerinə yetirdim. Azərbaycanın incisi olan Şuşanın azad olunması da Zəfərimizin rəmzinə çevrildi”, – deyə İlham Məmmədov vurğulayıb.

Deputat əlavə edib ki, qısa müddət ərzində Azərbaycanın mədəniyyət mərkəzi Şuşanın və işğaldan azad olunmuş digər torpaqlarımızın dirçəlişi qısa müddətdə Böyük Qayıdışın hədəflərini müəyyənləşdirib. Azərbaycan xalqı necə ki, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevə inanırdı, Böyük Qayıdışın da həyata keçirilməsində sona qədər öz liderinə güvənir. Çünki Azərbaycan güclü və qüdrətli bir dövlətdir. Onu inkişaf etdirən isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir