Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində aparılan proses Rusiya, Avropa, ABŞ və Gürcüstanda müxtəlif platformalarda fəal müzakirə olunur.
Bu fonda, yəni sülh müqaviləsinin tezliklə imzalanması ehtimalının hiss olunduğu bir vaxtda, Rusiya mediası aktiv şəkildə qanunsuz olaraq Qarabağa gedən rusiyalı milyarder Ruben Vardanyanın təbliğatını aparmağa başladı. Erməni əsilli milyarder Ruben Vardanyan “Kommersant”, RBK, “Dojd” telekanalı və digər KİV-ə silsilə müsahibələr verir və bu müsahibələrdə hətta Azərbaycana qarşı təhdidlər səslənir.
İctimai xadim, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov Oxu.Az-a müsahibəsində qeyd edib ki, həqiqətən də, son vaxtlar Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində müəyyən mütərəqqi, intensiv hərəkətlilik nəzərə çarpırdı:
– Bu xüsusda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşünü, bu yaxınlarda ABŞ Dövlət katibi Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqları xatırlamaq olar. Bunların fonunda Qarabağa qeyri-qanuni gəlmiş (o, rəsmi olaraq Azərbaycan sərhədlərini keçməyib) milyarder Ruben Vardanyan amili ortaya çıxır. İndi ona Rusiya mətbuatında çıxış üçün şərait yaradılır və bu, çox şeydən xəbər verir. O, özünü sülhməramlı kimi təqdim edir, lakin tamamilə əks bəyanatlar verir. Sonra isə müəyyən “vəzifə” alır.
Hesab edirəm ki, Ruben Vardanyanla əlaqədar bütün bu “intriqalar”, onun Rusiya vətəndaşlığından imtinası ilə bağlı məqam, sadəcə, manipulyasiyadır. Onu kukla kimi idarə edənlər var və bu, göz qabağındadır. Onun Ermənistanda və ya Rusiya sülhməramlı kontingentinin Qarabağdakı müvəqqəti məsuliyyət zonasında hansı biznes maraqları ola bilər? Onun biznesi Rusiyada və digər ölkələrdə yerləşir. Görünür, Ermənistanla Azərbaycan sülh sazişini imzalamağa yaxın olduqları bir vaxtda bu kiməsə sərf etmir, ardınca vəziyyəti gərginləşdirən Vardanyan peyda olur və Rusiya mətbuatı da onu piar edir. Amma mən ümid edirəm ki, yeni ilə qədər həm sərhədin delimitasiyası və demarkasiyası, həm də sülh müqaviləsi ilə bağlı ciddi irəliləyişlər olacaq.
– Axı Rusiya üçtərəfli bəyanatların yerinə yetirilməsinin qarantıdır, bəs o zaman niyə Rusiya mətbuatında Ruben Vardanyana tribuna verilir? Bəlkə, müsahibələr peşəkarcasına həyata keçirilsəydi, bunu haradasa anlamaq olardı, lakin “Kommersant”da dərc olunan mətndən aydın görünür ki, bu, jurnalist işi yox, tərsinə rus dama oyunu, manipulyasiyadır. Belə bir versiya var ki, Rusiya sülhməramlıların Qarabağda qalma müddətini uzatmaq istəyir, Nikol Paşinyanın sülhməramlı kontingentin daha 10-20 illik mövcudluğuna razı olmasına dair açıqlaması da bunu dolayısı ilə təsdiqləyir…
– Bəli, bunlar hamısı bir-birinə bağlıdır. Nəzərə almaq lazımdır ki, Rusiya və İran bütövlükdə Cənubi Qafqazda, xüsusən də Ermənistanda olan təsir imkanlarını itirirlər. İndi bölgədə Türkiyənin nüfuzu artır. Tehran və Moskva Cənubi Qafqazdakı mövqelərini itirmək istəmirlər və buna görə də Qarabağdan möhkəm yapışıblar, düşünürlər ki, bu vasitə ilə öz mövqelərini qoruyub-saxlaya bilərlər. Amma bu, yanlış yanaşmadır.
Nə Ermənistan, nə də Qarabağdakı Vardanyan regionda heç nəyi həll etmirlər. Mənə elə gəlir ki, Ermənistanın baş naziri Nikol Paşinyan anlayır ki, İrəvan Bakı və Ankara ilə münasibətləri yaxşılaşdırmalıdır. Erməni cəmiyyətinin bir hissəsi üçün nə qədər qəribə səslənsə də, bu, Ermənistan üçün xilasedici iqtisadi və siyasi çıxış yoludur.
Rusiya sülhməramlılarının səlahiyyət müddətinin uzadılmasına gəlincə, qalxıb Vardanyanın fiqurunu təbliğ etmək, yaxud başqa addımlar atmaq mənasızdır. Sülhməramlılar 2025-ci ildə Qarabağı tərk etmək məcburiyyətində qalacaqlar, Qarabağ erməniləri isə Azərbaycan cəmiyyətinə daha tez inteqrasiya etməyə hazır olacaqlar. Mən özüm də Azərbaycan tərəfinin icazəsi ilə oraya gəlməyə hazıram. Ruben Vardanyanın meydana çıxması isə, yeri gəlmişkən, o, əslən Qarabağ ermənisi deyil, Ermənistandandır, bir çox qüvvələrin Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasından ehtiyatlandığının göstəricisidir. Amma Azərbaycan xalqı öz multikulturalizmi, insani keyfiyyətləri ilə tanınır və Qarabağ erməniləri bunu qiymətləndirə biləcəklər.
Nair Əliyev
www.RIA24.az