Prezidentin xüsusi nümayəndəsi: “Ağalıdakı internetin sürəti heç Bakıda belə yoxdur” – MÜSAHİBƏ + FOTO

Siyasət

“Torpaqlar azad olunandan sonra Mədəniyyət Nazirliyi tərəfindən bütün abidələrlə bağlı bu prosesə başlanıb. Onlar inventarlaşdırma işlərinə başlayıblar və artıq 100-dən çox tarixi, mədəniyyət və təbii abidələr Qubadlı, Zəngilan, Cəbrayıl üzrə müəyyənləşdirilib. Bu, çox həssas yanaşma tələb edən məsələdir. Həssas məsələ olduğu üçün bu məsələlər birbaşa Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir”.

Bu sözləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev APA-ya müsahibəsi zamanı deyib.

Oxu.Az həmin müsahibəni təqdim edir:

– 4 may 2022-ci il tarixindən Siz artıq Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunmusunuz. Təyinat Sizin üçün nə dərəcədə gözlənilən oldu?

– Əslində, bu təyinat mənim üçün gözlənilməz, amma çox sevindirici oldu. Çünki işğaldan azad edilmiş torpaqlarda çalışmaq və Prezidentin tapşırıqlarını yerinə yetirmək çox qürurverici hal və şərəfli işdir. 4 mayda təyin olunandan 3 gün sonra artıq işə başladım.

– Prezidentin xüsusi nümayəndəsi kimi fəaliyyətiniz necə təşkil olunub?

– Xüsusi nümayəndəliklərin yaradılmasının əsas məqsədlərindən biri işğaldan azad edilmiş ərazilərdə bütün bərpa-quruculuq işlərinə nəzarət etməkdir. Bu, Xüsusi Nümayəndəliklər haqqında Əsasnamədə də öz əksini tapıb. Xüsusi Nümayəndəliyin əməkdaşları Zəngilanda aparılan bərpa-quruculuq işlərini koordinasiya edirlər. Hazırda Zəngilan rayonunda kifayət qədər çox bərpa-quruculuq işləri gedir. Bundan başqa, köçürülən əhalinin qayıtması və burada yaşaması üçün lazımi infrastruktur qurulur. Ümumilikdə, Zəngilanın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması məsələləri də nümayəndəliyin fəaliyyət istiqamətlərindəndir. Bütün məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün Əlaqələndirmə Qərargahı var. Bu işlər birbaşa möhtərəm cənab Prezidentin nəzarətindədir.

– Zəngilanda mina təhlükəsi nə dərəcədə aktualdır və daha çox hansı ərazilər minalarla çirklənib?

– Mənfur düşmən təkcə Zəngilanda yox, bütün Qarabağda və Şərqi Zəngəzurda əraziləri minalayıb. Mina ilə çirklənmə səviyyəsi kifayət qədər yüksəkdir və buna görə bərpa və quruculuq işləri ləngiyir. Amma müharibədən dərhal sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyi tərəfindən çox böyük işlər görülüb. Zəngilan digər ərazilərlə müqayisədə mina ilə daha az çirklənib. Məhz bu səbəbdən, Böyük Qayıdış Zəngilandan başladı. Keçmiş məcburi köçkünləri birinci “ağıllı kənd” layihəsi olan Ağalı kəndinə köçürdük.

Zəngilanda daha çox sərhədboyu ərazilərdə minalarla bağlı böyük təhlükə var. Rayonun digər ərazilərində isə partlamamış hərbi sursatlar qalmaqdadır. Ağalı kəndinə keçmiş məcburi köçkünlər köçəndə də biz onlarla maarifləndirmə işləri aparmışıq. ANAMA tərəfindən də gündəlik əsasında kifayət qədər böyük işlər görülür.

– Mina probleminin bərpa və quruculuq işlərini ləngitməsi barədə dediniz. Bəs Zəngilanda yol infrastrukturunun qurulması, enerji, qaz və su ilə təchizatına dair planların icrası hansı mərhələdədir?

– Müharibə bitəndən dərhal sonra bu işlərə başlanılıb. Yol infrastrukturunun qurulması ilə bağlı işlər həyata keçirilir. Onlardan biri Horadiz-Ağbənd dəmiryolu ilə bağlı layihədir və gələn ilin sonuna qədər bu dəmiryolu üzrə işlərin yekunlaşması planlaşdırılır. Digər tərəfdən, avtomobil yolu tikilməkdədir və yəqin ki, 2024-cü ilin əvvəlində artıq tam fəaliyyət göstərəcək. Hazırda Ağalı kəndindən Zəngilan Beynəlxalq Hava Limanına qədər asfalt yol çəkilib, nəticədə, çox asanlıqla gediş-gəlişi həyata keçiririk. Su infrastrukturu ilə bağlı da işlər gedir və bu məsələyə də xüsusi diqqət yetirilir. Çünki hazırda bütün dünyada su qıtlığı problemi var və Prezident İlham Əliyevin Sərəncamı ilə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiya yaradılıb. Bu Komissiyanın yaradılmasının əsas məqsədi Azərbaycan üzrə ümumi su problemlərinin həll olunmasıdır. Ona görə də Şərqi Zəngəzur və Zəngilanda da su məsələləri ilə bağlı kifayət qədər böyük işlər görülür.

– Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanı açıldı. Zəngilan Beynəlxalq Hava Limanının açılışı həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin açılışda birgə iştirakı ilə yadda qaldı. Bu hava limanı Şərqi Zəngəzur və Qarabağ iqtisadi regionlarının inkişafında nə dərəcədə rol oynayacaq?

– Məhz Zəngilan rayonunun işğaldan azad olunma günündə – 20 oktyabrda Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə hava limanı açıldı. Zəngilan Beynəlxalq Hava Limanının açılması tək Zəngilan üçün yox, bütün region üçün çox böyük hadisədir. Bu, işğaldan azad edildikdən sonra açılan sayca ikinci hava limanıdır. Həmin hava limanı bütün təyyarə növlərinin enişini və qalxmasını təmin edə biləcək gücdədir, Zəngilanın və bütün bu regionun gələcəyinə çox böyük töhfəsi olacaq. Bu hava limanları azad olunmuş ərazilərlə dünya arasında əlaqəni yenidən bərpa edəcək.

– Zəngəzur dəhlizinin açılmasının bölgə üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

– Zəngəzur dəhlizinin tərkibində üç əsas yol – dəmir yolu, avtomobil yolu və hava yolu mövcud olacaq. Bu dəhlizin açılması birbaşa Avropaya çıxış təmin edəcək. Əgər biz xəritəyə baxsaq, görərik ki, bu dəhliz vasitəsilə birbaşa Bosfor boğazına çıxış təmin ediləcək. Bu dəhliz təkcə Azərbaycana gediş-gəliş üçün əhəmiyyət daşımır, eyni zamanda, Asiyadan gələn malların daha səmərəli şəkildə Avropa bazarlarına çatdırılmasına şərait yaradacaq. Digər tərəfdən də, Şimaldan, Rusiyadan gələn malların Avropa bazarına çıxışı üçün bu dəhliz mühüm əhəmiyyət kəsb edir. Ermənistan üçün də bu dəhlizin əhəmiyyəti çox böyükdür. Çünki həmin marşrut onların da ərazisindən keçəcək və onlar da bu marşrutdan istifadə edəcəklər. Sadəcə, indi onlar bunu düzgün dəyərləndirə bilmirlər. Ermənistan işğalçı siyasəti nəticəsində 30 il müddətində beynəlxalq layihələrdən kənarda qalırdı. Bu dəhlizdən də onlar kənarda qalsa, uduzan onlar olacaq. Gələcəkdə həmçinin bu dəhliz bu torpaqların turizm cəhətdən canlanması üçün də mühüm əhəmiyyətə malik olacaq.

– Dəmir yolunun Zəngilandan keçən hissəsinin tikintisi nə zaman yekunlaşacaq?

– Horadiz-Ağbənd dəmiryolunun 55,8 km-i Zəngilan rayonu üzərindən keçir və artıq Zəngilan üzrə işlərin, ən azı, 17%-i tamamlanıb. 2023-cü ilin sonunda artıq bu dəmir yolu üzrə işlərin yekunlaşacağı planlaşdırılır.

– Zəngilanda infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılmasının təşkili istiqamətində hansı işlər görülüb?

– Müharibədən dərhal sonra bütün dövlət qurumları onlara məxsus olan dövlət əmlaklarının reyestrini hazırlayıb və həmin əmlakları inventarlaşdırmağa başlayıb. Binalar və digər əmlakların inventarlaşdırma prosesi həyata keçirilib. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi vasitəsilə inventarlaşdırma reyestri yaradılıb və hazırda həmin əmlaklar onların balansındadır. Biz də Xüsusi Nümayəndəlik və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs olaraq həmin əmlaklara nəzarət edirik. Amma, açığı, Zəngilanda, eləcə də Qubadlı və Cəbrayılda inventarlaşdırma aparmaq üçün tikinti, demək olar ki, yoxdur. Çünki ermənilər hər şeyi dağıdıb: evlər, yaşayış yerləri yox dərəcəsindədir. Hər hansı əmlakdan söhbət gedirsə, bu ərazilərdə dağıdılıb, heç nə qalmayıb, talan olub.

– Təəssüf ki, bəzən müəyyən xarici media orqanlarının hazırladıqları süjetlərdə belə fikirlərə də rast gəlinir ki, insanlar ətrafı 30 il boyu xarabalıq olmuş yerlərə köçməyə ehtiyat edirlər. İlk “ağıllı kənd”in Zəngilanda salınması və qayıdış prosesinin başlamasını nəzərə alsaq, bu fikirlərə münasibətinizi bilmək istərdik.

– Son 30 il ərzində bu ərazilərdə hər şey məhv edilib, talan olunub. Həm böyük ekosid, həm də böyük urbisid həyata keçirilib. Belə fikirlərin olması da normaldır. Amma, digər tərəfdən, son 2 il ərzində Azərbaycan hökuməti tərəfindən burada çox böyük işlər görülür, böyük infrastruktur layihələri həyata keçirilib, yollar tikilir, böyük investisiyalar qoyulur. Ən əsası artıq “ağıllı kənd” layihəsi olan Ağalı kəndi tikilib. Ağalı kəndində yaşayış üçün hər bir infrastruktur mövcuddur, keçmiş məcburi köçkünlər artıq bura köçüb yaşayırlar. Bu fikirdə olan xarici media nümayəndələrini də biz Ağalı kəndinə dəvət edirik. Doğrudur, bir çox xarici jurnalistlər gəlirlər, şəraitlə yerində tanış olurlar və biz də onları qarşılayırıq. Onlar şəraitlə yerindəcə tanış olandan sonra artıq əvvəl yazdıqları fikirləri dəyişir. Mən də məsləhət verirəm ki, hansısa media qurumları xaricdə oturub, sadəcə, məqalə yazmasınlar, gəlib yerində baxsınlar.

– Bəs bu ərazilər nə dərəcədə təhlükəsizdir? Burada yaşayan sakinlər üçün hər hansı təhlükə varmı?

– Xeyr, heç bir təhlükə yoxdur. Çünki bütün ərazilər Ağalı kəndindən uzaqdır. Ona görə bura köçürülən əhali üçün təhlükə yoxdur. Biz burada 12-14 sentyabr tarixlərində Ermənistanın təxribat törətdiyi günləri birlikdə keçirmişik. Amma, təəssüf ki, Zəngilanın minalar baxımından daha az çirklənməsinə baxmayaraq, hələ də təhlükə var…

– Ağalıya tam qayıdış nə zamana yekunlaşacaq? Artıq qayıtmaq istəyən əhalinin hamısının siyahıya alınması prosesi yekunlaşıbmı? Əvvəllər Ağalıda yaşamış nə qədər məcburi köçkün qayıtmaq üçün müraciət edib?

– Statistikaya görə, 1 508 nəfər Ağalı sakini Azərbaycanın müxtəlif regionlarında yaşayır. Onlardan, ən azı, 1 350 nəfəri qayıtmaq niyyətlərini bildiriblər. Ağalı kəndində birinci mərhələdə 200 evin inşası planlaşdırılıb. Bunlar yekunlaşandan sonra yeni evlər tikildikcə biz yenə də həmin insanların Ağalıya qayıdışını təmin edirik. Məsələn, 200 ev inşa olunub və əlavə 10 ev də tikilirsə, biz həmin 10 evə də sakinləri köçürürük. Bu proses mərhələli şəkildə həyata keçirilir və növbəti aylarda da bu proses davam edəcək.

– Hansı ayda biz növbəti köçün şahidi olacağıq?

– Bu ilin sonuna qədər daha bir qrup ailənin də Ağalıya köçürülməsini planlaşdırırıq.

– Siz çıxışınızda bildirmişdiniz ki, Zəngilanda, həmçinin Ağalı kəndində məşğulluqla bağlı heç bir problem olmayacaq. Ağalıda əhalinin məşğulluğu necə təmin olunur?

– Həqiqətən də, məşğulluq sahəsində heç bir problem yoxdur. Bizim Ağalı kəndinin daxilində kifayət qədər böyük infrastruktur qurulub, burada artıq dövlət qurumları mövcuddur. Digər tərəfdən, Ağalıda bank, minimarketlər, telekommunikasiya mağazaları, yanacaqdoldurma məntəqəsi, ictimai iaşə obyektləri və s. mövcuddur. Bunlar hamısı eyni zamanda iş yerləridir. Bütün bu iş yerləri Ağalı kənd sakinləri üçündür və sakinlər bu gün bu işlərdə çalışırlar. Eyni zamanda, bizim artıq Ağalı kəndində tikiş fabrikimiz fəaliyyət göstərir. Həmin tikiş fabrikində 20-yə yaxın Ağalı kənd sakini çalışır. Ağalıdan kənarda azad olunmuş ərazilərimizdə də böyük quruculuq işləri gedir, tikinti işlərinə minlərlə insan cəlb olunub. Bu ərazilərdə holdinqlər, aqroholdinqlər fəaliyyət göstərir, həmin holdinqlərdə də insanlar çalışırlar.

Sakinlərin köçü ilə bağlı onu deyə bilərəm ki, bu gün Zəngilanda iş yerləri çoxdur və gələcəkdə nə qədər çox insanı bu ərazilərə köçürsək, onların da hamısı işlə təmin olunacaq.

– Kənd Təsərrüfatı Nazirliyinin planına görə, Ağalı kəndində 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qara saxlamaq mümkün olacaq. Ancaq Ağalı kəndində tikilən evlərin yanında tövlə tikmək nə dərəcədə real görünür?

– Hər bir evin öz sahəsi ilə yanaşı, quş hini də tikilib. Sakinlər istəsələr, toyuq-cücə saxlaya bilər. Məhz həyətyanı sahələrdə iribuynuzlu mal-qara saxlanması məsələsi “Ağıllı kənd” konsepsiyasında nəzərə tutulmayıb. Həmin layihə çərçivəsində kənd sakinləri üçün ictimai ferma tikintisi planlaşdırılır. İctimai ferma sakinlərin istifadəsində olacaq və hər hansı sakin heyvandarlıqla məşğul olmaq istəsə, həmin ictimai ferma daxilində heyvandarlıqla məşğul ola biləcək.

– Beynəlxalq anlamda “ağıllı” qəsəbə tam avtomatlaşdırılmış ekosistem deməkdir – su və elektrik təchizatının avtomatlaşdırılması, nəqliyyatın hərəkətinin təşkili, həmçinin XXI əsrdə insanın həyatını asanlaşdıra biləcək bir çox elektron yeniliklər təmin edilməlidir. Ağalı bu tələblərə cavab verirmi?

– BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə 17 məqsəd daxildir və biz layihələndirmə işləri aparanda onlardan, ən azı, 11-ni baza kimi istifadə edirik. Həmin məqsədlərdən də biri “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyalarıdır. Əgər “ağıllı kənd” konsepsiyasına baxsaq, o, təkcə avtomatlaşdırmadan asılı deyil. Əlbəttə, Ağalı kəndində ağıllı texnologiyalar mövcuddur. Birincisi, isti su təchizatı üçün Günəş panellərindən istifadə olunur, evlər termos şəklində tikilib və xüsusi izolyasiya ilə əhatə olunub. Bu o deməkdir ki, enerji sərfiyyatı az olur. Digər tərəfdən, damların üzərində Günəş panelləri quraşdırılıb. Günəş panelləri vasitəsilə elektrik enerji istehsal edilir və evlər həmin enerji ilə təchiz olunur. Həmçinin Ağalı kəndində süni göl var. Həmin göldə Arximed qurğusu quraşdırılıb. Su elektrik stansiyası (SES) vasitəsilə istehsal olunan enerji bütün kəndə kifayət edir. Bu da bərpaolunan enerji mənbələrindən biridir. Bunun özü də “Ağıllı kənd” konsepsiyasına daxildir. O cümlədən, bütün kənddə yüksək sürətli internet mövcuddur. Ən azı, 100 meqabitlik internetdən söhbət gedir. Ağalıdakı internetin sürəti heç Bakıda belə yoxdur.

Eyni zamanda, Ağalı kəndində insanların dövlət qurumlarına əlçatanlığı da təmin olunur. Bu da “Ağıllı kənd” konsepsiyasının tərkibidir. Bütün dövlət qurumları Ağalı kəndində mövcuddur. Pasport dəyişdirmək, hansısa digər sənədləri əldə etmək də Ağalı kəndinin özündə təmin olunur. Digər konsepsiyalara məşğulluq məsələləri daxildir. Məşğulluğun artırılması da “Ağıllı kənd” konsepsiyasına daxildir.

İnsanlar bəzən “Ağıllı kənd” və “Ağıllı ev” anlayışlarını qarışdırır. Bu, birinci layihəmizdir, Azərbaycanda ümumiyyətlə, belə layihə olmayıb. Dünya ölkələrində belə nümunəvi layihələr də çox az olub. Biz baxırıq, öyrənirik. Hər hansı çatışmazlıqlar varsa, biz bunları aradan qaldıracağıq və digər “Ağıllı kəndlər”in yaradılması zamanı nəzərə alacağıq.

– Zəngilanın digər kəndlərindən söz düşmüşkən, onların Baş Planları və müfəssəl planları nə zaman tamamlanacaq? İkinci köç Zəngilanın hansı kəndinə olacaq? Bunlar müəyyənləşdirilibmi?

– “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” mövcuddur. Xidmətin fəaliyyəti artıq Qubadlı, Zəngilan və Cəbrayılı əhatə edir. Bu ilin may ayından nümayəndə kimi fəaliyyətə başlayarkən digər kəndlərdə də işlərə başlamışıq. Hələ həmin kəndlərin adlarını çəkə bilmirəm, çünki onların təməlqoyma mərasimləri hələ keçirilməyib. Növbəti aylar ərzində bu barədə artıq ictimaiyyətə məlumat veriləcək. Amma qısa olaraq onu deyə bilərəm ki, Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarının hər birində, ən azı, iki kəndin layihələndirmə işləri artıq yekunlaşdırılıb və müfəssəl planları hazırlanıb. Bu, çox mürəkkəb prosesdir. Çünki biz müfəssəl planlara və Baş planlara çox həssas yanaşırıq. Çünki biz planlamaya nə qədər çox vaxt sərf etsək, gələcəkdə kəndlərin tikintisi o qədər asan olacaq, idarəetməsi asan şəkildə həyata keçiriləcək. Növbəti kəndlərin planlaması həm Zəngilanda, həm Cəbrayılda, həm də Qubadlıda aparılır.

– Hazırda Zəngilan əhalisinin sayı nə qədərdir və işğaldan əvvəl nə qədər olub? Ümumiyyətlə, Zəngilan rayonunda əhalinin yerləşdirilməsi hansı prinsip əsasında baş tutacaq?

– İşğaldan sonrakı dövrdə əhalinin sayında artım qeydə alınıb. İşğaldan qabaq Zəngilanın ümumi əhalisi 34 min nəfər olub. Bugünkü statistikaya görə isə, artıq Azərbaycanın fərqli bölgələrində 44 mindən çox zəngilanlı yaşayır. Böyük Qayıdışın 2022-2026-cı il strategiyasına baxsaq, təxmini 16 min nəfəri Zəngilan rayonunun müxtəlif yerlərinə qaytarmağı planlaşdırırıq. Bu istiqamətlərdən biri də Zəngilan şəhəridir. Zəngilan şəhərində artıq Prezident İlham Əliyev tərəfindən yaşayış kompleksinin təməli qoyulub. Bu istiqamətdə hazırda böyük işlər görülür.

– İşğaldan azad edilmiş ərazilərə qayıdacaq məcburi köçkünlərin bir hissəsi öz əvvəlki evlərini tapmaq və yenidən eyni formada qurub yaşamaq istəyir. Onlar təqdim edilən layihələrlə razılaşmır. Bu şəxslərin qayıdışı necə təmin ediləcək? Həmin şəxslərə öz vəsaitləri hesabına evlərini tikməyə icazə veriləcəkmi? Zəngilan rayon əhalisi arasında da bu cür təkliflərlə çıxış edənlər varmı?

– Bəli, az da olsa, belə şəxslər var. Bu istiqamətdə danışıqlar gedir.

– Zəngilana qayıdacaq əhalinin əvvəllər evləri, torpaq sahələri olub. Ancaq işğal özəlləşdirmədən öncəki dövrə təsadüf edib, həmin şəxslərin özəl mülkiyyəti və pay torpaqları olmayıb. Bu baxımdan, bura köçürüləcək əhaliyə həm də kənd təsərrüfatı təyinatlı torpaq payının verilməsi nəzərdə tutulurmu?

– Hazırda qaytarılan keçmiş məcburi köçkünlər, əsasən, yataqxanalarda yaşayan, kirayədə qalanlardır. Biz ilk mərhələdə onları qaytarmağı nəzərdə tutmuşuq. Bu proses davam edir. Bu gün onlara pay torpaqlarının verilməsi istiqamətində fərqli qurumlar işləyirlər. Dövlət tərəfindən mexanizmlər hazırlanır və ictimaiyyətə təqdim ediləcək.

– Yəni pay torpaqlarının verilməsi nəzərdə tutulur…

– Bu məsələ haqqında yalnız işlər yekunlaşandan sonra danışmaq olar.

– Elə torpaqdan danışırıq. Bəs Zəngilanda kənd təsərrüfatı üçün yararlı torpaqların sahəsi və onların keyfiyyət göstəriciləri müəyyənləşdirilibmi? Bu ərazilərdə əkinçiliyin daha çox hansı sahəsi inkişaf etdiriləcək?

– Zəngilan rayonunun kənd təsərrüfatı baxımından çox zəngin torpağı var və kifayət qədər keyfiyyətli torpaqdır. Biz artıq bəzi dövlət qurumları tərəfindən təqdim edilən nəticələr əsasında da bunu deyə bilərik. Zəngilanda taxılçılıq sahəsinə investisiyalar qoymaq olar. Digər tərəfdən, işğaldan qabaq Zəngilan bağçılıq sahəsində kifayət qədər inkişaf etmiş rayon sayılırdı. Bu gün də bu sahənin Zəngilanda inkişaf etdirilməsinə şərait var. Bostançılıq da bu qəbildəndir. Zəngilanda heyvandarlıq sahəsinin də inkişaf etdirilməsinin çox böyük potensialı var. Məhz buna görə bizim böyük holdinqlər artıq heyvandarlıqla məşğul olurlar. Artıq Zəngilanda “Dost Aqropark” açılıb və burada gələcəkdə 10 min baş iribuynuzlu heyvana 6 min hektar sahədə bitki mənşəli istehsal sahəsi yaradılacaq. Eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan anbar inşa ediləcək. Kompleks həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. Qarabağda istehsal olunan məhsulların “Made in Karabağ” brendi ilə dünya bazarına çıxarılması üçün “Aqro Market” də qurulacaq. Hazırda artıq 3000 baş iribuynuzlu heyvan Zəngilana gətirilib. Kənd təsərrüfatı sahəsində kifayət qədər geniş spektrli şərait var ki, investorlar, sakinlər və digərləri bu istiqamətdə işləsin.

– Taxılçılıqla bağlı görülən işləri bir az genişləndirə bilərikmi? Zəngilanda əkilən taxıl ölkənin ərzaq təhlükəsizliyində hansı rola sahib olacaq?

– Hazırda əkin aparılır. Əkin mövsümü yeni başlayıb və noyabrın sonuna qədər davam edəcək. Hazırda nə qədər taxıl əkini aparıldığını deyə bilmərəm. Amma kifayət qədər böyük ərazilərdə artıq əkinlər aparılır. Əkinə yararlı ərazilər minalarla çirklənib. Gərək ərazilər əvvəlcə minalardan və partlamamış hərbi sursatlardan təmizlənsin ki, bütün ərazilərdə bu istiqamətdə işlərə tam başlanılsın. Ona görə bu, çox mürəkkəb və vaxt aparan məsələdir, həm də çox təhlükəli işdir. Digər tərəfdən, bu işlərin görülməsi böyük sərmayə tələb edir. Bu istiqamətdə də işlər gedir. Taxılçılıqla bağlı daha yaxşı məhsul əldə etmək üçün yaxşı investisiya qoymaq lazımdır. Dəmyə şəklində məhsul yetişdirmək mümkündür, amma investisiya qoyulsa, həmin ərazilərdə müasir suvarma sistemləri qurulsa, daha yaxşı məhsul əldə etmək olacaq.

– Zəngilana investorları cəlb edə biləcək hansı layihələr var? Hazırda investorlar tərəfindən bu layihələrə maraq varmı?

– İqtisadiyyat Nazirliyi tərəfindən bu işlər üzrə ayrıca əlaqələndirmə qurumu formalaşdırılıb. Bu qurum vasitəsilə bütün investisiyalar mərkəzləşdirilmiş qaydada nəzarətdə saxlanılır, qiymətləndirmə həyata keçirilir və hansı investisiyaların haraya cəlb olunması tövsiyə edilir. Bizi maraqlandıran 3 hissə var. Birincisi, investisiya qoyan şirkətin gələcəkdə gəlir əldə etməsi, ikincisi, dövlətin bu sahədə maraqları, üçüncüsü isə yerlərdə yaşayan sakinlər üçün bu investisiyanın nə dərəcədə faydalı olacağıdır. Bu 3 tələbə cavab verən investisiyaların azad olunmuş ərazilərə cəlb olunması mümkündür.

Kifayət qədər şirkət – bura həm yerli, həm də xarici şirkətlər daxildir – investisiya ilə bağlı öz təkliflərini verib. Yerli şirkətlərin artıq kifayət qədər təcrübələri var. Xarici investorları isə biz cəlb edirik ki, onlar yeni texnologiyalar gətirirlər və s. Kifayət qədər investor öz təkliflərini verir.

– Zəngilan rayonunun turizm potensialından necə istifadə edilməsi planlaşdırılır?

– Həm Mincivan, həm Rəzdərə, həm Şayıflı, həm Zəngilan şəhəri turizm baxımından çox böyük potensiala malikdir. Zəngilan şəhəri dağlıq və düzənlik olmaqla iki hissədən ibarətdir. Sovetlər dövründə 1 000 hektar təbii çinar meşəsi mövcud idi. Amma işğaldan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ilkin monitorinqlər apardıq və həmin meşənin 42 hektardan çox hissəsinin kəsildiyinin şahidi olduq.

– Turizm potensialı geniş olan Zəngilana, ümumiyyətlə, bu ərazilərə müntəzəm marşrutlarla, o cümlədən, sərnişin qatarları ilə ölkə əhalisinin və turistlərin səfərləri nə zamandan mümkün olacaq? Hər kəsi maraqlandıran məsələlərdən biri də budur. Zəngilana müntəzəm marşrut xəttinin nə zamandan açılması planlaşdırılır?

– Artıq hava limanı fəaliyyət göstərir. Oktyabrın 22-si birinci kommersiya uçuşu həyata keçirilib. Zəngilan rayonuna idmançılar səfər ediblər. Digər sahələrdə də işlər gedir. Dəmiryolu 2023-cü ilin sonuna kimi fəaliyyət göstərəcək. Avtomobil yolu mövcuddur. Amma bu yol hələ asfalt örtüyü ilə örtülməyib, hazırda burada iş gedir. Sakinlər bu yoldan istifadə edə bilir. Amma asfalt örtüyü çəkiləndən sonra bu yol daha əlverişli olacaq. Sərnişinlərin müntəzəm marşrut xətti ilə gəlib-gedişi üçün işlərə artıq başlanıb və bunu da həyata keçirəcəyik.

– Bayaq ermənilər tərəfindən çinar meşəsinin məhv edilməsi məsələsindən bəhs etdik. Prezident İlham Əliyev Sizi videoformatda qəbul edərkən Ermənistanın işğal dövründə işğal altında olan torpaqların ekologiyasına vurduğu böyük zərərdən, Zəngilanda Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi olan Bəsitçay təbiət qoruğu barədə danışmışdı. Bu qoruğa dəyən ziyan qiymətləndirilib? Hazırda bu qoruğun bərpası istiqamətində hansı işlər aparılır?

– Qeyd etdiyim kimi, bu qoruq Sovet dövründə 1000 hektar ərazini əhatə edirdi, işğal dövründə kifayət qədər böyük ərazidə meşə sahəsi məhv edilib. Müharibədən dərhal sonra kifayət qədər ağac əkilib. 2020-ci ilin dekabr ayında artıq Zəngilanda 20 mindən çox çinar ağacı və 1000 kq-a yaxın palıd toxumu əkilmişdi. Ümumiyyətlə, çalışırıq ki, hər özəl gündə fürsətdən istifadə edərək ağacəkmə aksiyası həyata keçirək. Son 3 ay ərzində biz artıq 3 500 əlavə ağac əkmişik. Həm Ağalı kəndində, həm də Zəngilanın digər ərazilərində ağaclar əkilib, bu işlər bu gün də gedir. Yaxın günlərdə yenə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zəngilan şəhəri ətrafında ağacəkmə aksiyası həyata keçiriləcək.

– Təbii fəlakət zonaları arasında Zəngilanın ərazisindən keçən Oxçuçay çayı yer alır. Oxçuçay da Ermənistanın ekoloji terroruna məruz qalıb. Burada fəaliyyət göstərən xarici şirkət də bu ekoloji terrorun ermənilərlə birlikdə müəllifi olub. Bu istiqamətdə hansı işlər görülür.

– Zəngilanda 4 çay mövcuddur. Bunlar Bəsitçay, Oxçuçay, Araz və Həkəri çaylarıdır. Biz Zəngilana gəlib Oxçuçayı gördükdə çox təəccübləndik. Çünki bu çay sarı rəngdə idi və çox çirklənmişdi. Ona görə biz bu istiqamətdə dərhal işlərə başladıq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Oxçuçayda monitorinqlər həyata keçirildi və bütün qurumlara bu məlumatlar ötürüldü. Oxçuçay barədə məlumatların beynəlxalq təşkilatlara, xarici mediaya çatdırılması üçün işlərə başlanıldı. Almaniyanın “Cronimet Holding” şirkəti Oxçuçayın çirkləndirilməsində əsas iştirak edən şirkət idi. Biz həmin ölkəyə təzyiq göstərməyə başladıq ki, bu çirklənməni dayandırsınlar və dünyada bu çirklənməni ekoloji terror kimi qəbul etsinlər. Bu təzyiqlər bir az kömək oldu. Amma biz bu gün də monitorinqləri həyata keçiririk və baxırıq ki, hansı mövsümlərdə bu çirklənmənin səviyyəsi artacaq. Biz bilirik ki, bunu edənlər hansı ölkənin şirkətləridir, hansı şirkətlərdir. Bu məlumatların hamısı sübut kimi dəqiqliklə yığılır və beynəlxalq məhkəmədə ekoloji cinayətin sübutu kimi istifadə ediləcək.

– Ermənilər qızıl və digər qiymətli metal yataqlarını da vəhşicəsinə istismar edib. Zəngilanda Vejnəli qızıl yatağı da bunlardan biridir. Yeri gəlmişkən, Vejnəli qızıl yatağının hazırda işlənilməsi sahəsində hansı işlər görülür?

– Vejnəli yatağı da böyük terrora məruz qalıb. Təkcə Vejnəli deyil, Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızda olan bütün təbii sərvətlər və faydalı qazıntı yataqları da qanunsuz istismar edilib, dövlətimizə böyük zərər vurulub. Bu zərəri biz hələ də qiymətləndiririk. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qiymətləndirmə artıq yekunlaşıb və monitorinqlər həyata keçirilir. Azərbaycana vurulan ziyan, o cümlədən, Vejnəli yatağının ehtiyatları da müəyyənləşdirilir.

– Siz həm də “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının sədrisiniz. Bir sözlə, artıq tək Zəngilan deyil, ümumən Şərqi Zəngəzur İqtisadi Rayonu üzrə çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinə əsas məsul şəxs statusundasınız. Xidmətin fəaliyyəti necə təşkil olunacaq? Bu ərazilərdə bütün kəndlər “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyası ilə tikiləcəkmi?

– Xidmətin əsas fəaliyyət istiqamətləri bərpa, tikinti və gələcəkdə idarəetmənin təşkilidir. Bu istiqamətdə artıq komanda üzvləri müəyyənləşdirilib və fəaliyyətə başlayıblar. Bu qurum son bir neçə ay ərzində yaradılıb. Gələcəkdə tikiləcək kəndlərin və şəhərlərin layihələndirilməsi həyata keçirilir. Əməkdaşlar bu sahədə kifayət qədər böyük işlər görürlər. Onların əsas vəzifəsi hazırda planlama işlərini həyata keçirməkdir. Planlama işləri yekunlaşandan sonra bu qurum kəndlərin və yaşayış komplekslərinin sifarişçisi qismində çıxış edəcək. Əlbəttə ki, bu işlər düzgün qaydada aparılmalıdır. Bu məqsədlə tenderlər təşkil olunacaq. Tenderlər yekunlaşandan sonra isə tikintiyə başlanacaq. Bu istiqamətdə Zəngilan, Cəbrayıl və Qubadlıda artıq işlər başlanıb.

– Xidmət müvafiq ərazidə dövlət və bələdiyyə mülkiyyətində olan tarix və mədəniyyət abidələrinin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası işlərinə zəruri təşkilati dəstək göstərməlidir. Ümumiyyətlə, Şərqi Zəngəzurda tarix və mədəniyyət abidələrinin qiymətləndirilməsi işləri yekunlaşıbmı? Neçə bərpası mümkün olan və bərpası mümkün olmayan tarix və mədəniyyət abidələri aşkarlanıb? Bu abidələrdən neçəsi Zəngilanın payına düşür?

– Torpaqlar azad olunandan sonra Mədəniyyət Nazirliyi tərəfindən bütün abidələrlə bağlı bu prosesə başlanıb. Onlar inventarlaşdırma işlərinə başlayıblar və artıq 100-dən çox tarixi, mədəniyyət və təbii abidələr Qubadlı, Zəngilan, Cəbrayıl üzrə müəyyənləşdirilib. Bu, çox həssas yanaşma tələb edən məsələdir. Həssas məsələ olduğu üçün bu məsələlər birbaşa Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir. Ona görə hər gedən tikinti işləri zamanı xüsusi diqqətli olmaq tələb olunur. Tikinti işlərinin gedişində torpağın altında hər hansı mədəni obyektlər aşkarlanırsa, bu tikinti protokola uyğun olaraq dərhal dayandırılır. Müvafiq qurumlar tikinti gedən əraziyə səfərbər olunurlar. Burada arxeoloqlar lazım olan işləri aparır. Hətta ola bilər ki, bu tədqiqatların aparılması bir neçə ay çəksin və bu müddət ərzində həmin tikintidə olan bütün işlər dayandırılır. Çünki prioritet məsələ mədəniyyət abidələri ilə bağlıdır. Digər tərəfdən, bu ərazilərdə bizim məscidlərimiz olub. Zəngilan şəhərinin köhnə məscidini tövlə kimi istifadə ediblər. Heydər Əliyev Fondu tərəfindən artıq bu məscidin bərpası həyata keçirilir. Bununla yanaşı, Zəngilan şəhər əhalisinin sayına uyğun olaraq daha böyük məscid tikilir. Bunlar hamısı Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir.

– Bayaq dediniz, bəzən elə hallar olur ki, mədəniyyət abidələri aşkarlanarsa, tikinti dayandırılır. İndiyə kimi belə halla rastlaşmısınız?

– Dəfələrlə belə hallar olub. Bu, hər bir böyük layihə ilə bağlı normal prosesdir. Hətta Bakı-Tblisi-Ceyhan boru kəməri tikiləndə də çoxlu sayda türbələr, yeraltı kurqanlar aşkarlanıb. Qarabağ və Şərqi Zəngəzurda gedən böyük bərpa və quruculuq işləri zamanı da belə abidələr aşkarlanır.

– Bu ərazilərdə perspektivdə nəzərdə tutulan planlar barədə də fikirlərinizi bilmək istərdik.

– Əgər bütün Şərqi Zəngəzur və Qarabağa baxsaq, burada 5 istiqamətdə layihələrin həyata keçirilməsi mümkündür: mədən-sənaye, kənd təsərrüfatı, logistika, turizm və “yaşıl enerji”. Yəni hər bölgədə bu elementlərdən hər hansı biri mütləq ki, mövcuddur. Məsələn, Şuşada kənd təsərrüfatı olmaya bilər, amma turizm potensialı mövcuddur. Eyni qaydada Ağdamda kənd təsərrüfatı potensialı mövcuddur, amma, bəlkə, hansısa element mövcud deyil. Zəngilanda isə hər 5 istiqamət üzrə layihələrin həyata keçirilməsi mümkündür. Zəngilan Azərbaycan iqtisadiyyatına çox böyük töhfələr verəcək. Həm kənd təsərrüfatı, həm təbii ehtiyatların mövcudluğu, həm logistika və turizm, həm də “yaşıl enerji”dən söhbət gedir. Logistika baxımından Zəngilandan keçəcək Zəngəzur dəhlizi bütün regiona öz töhfəsini verəcək. Digər tərəfdən, turizm potensialı çox yüksəkdir. “Yaşıl enerji” baxımından da Zəngilan ümumiyyətlə, “yaşıl zona”ya aiddir. Günəşli saatların miqdarını nəzərə alsaq, Zəngilanın Günəş enerjisindən istifadə etmək üçün çox böyük potensialı var. Ona görə də Zəngilanda 5 istiqamət üzrə işlər gedir və dövlət qurumları da bu layihələrin həyata keçirilməsi üçün çox böyük işlər görürlər. Layihələr kifayət qədər çoxdur. Kəndlər tikilməkdədir, layihələndirilməkdədir. Zəngilanda tikiləcək yaşayış kompleksi çox gözəl olacaq. Zəngilanda tikiləcək məktəb konsepsiyasına görə, ümumiyyətlə, Azərbaycanda analoqu olmayan bir layihədir. Bu, ancaq başlanğıcdır. Digər tikililər də bu istiqamətdə layihələndiriləcək. Zəngilan şəhəri regionda ən müasir və yüksək texnologiyalara malik bir şəhər olacaq.

– Bəs məktəbi fərqləndirən nə olacaq?

– Dairəvi formada inşa olunacaq məktəb seksiyalara bölünəcək. Məktəb 960 nəfər şagird üçün nəzərdə tutulub. Amma məktəbə 960 uşaq təhsil almasa, deyək ki, 400 nəfər uşaq bu məktəbdə təhsil alası olsa, o zaman biz bəzi seksiyaları bağlayacağıq. Bağlanan digər seksiyaların yerində isə şagirdlər üçün gəzinti və vaxtlarını səmərəli keçirmələri üçün yerlər quraşdırılacaq. Şagirdlər çoxaldıqca bağlanmış seksiyaları açacağıq. Məktəbin dairəvi şəklində layihələndirilməsinin də mənası var. Yaponlar iddia edir ki, dairə içərisində hərəkət edən şagirdlərin, ümumiyyətlə, insanların düşüncələri daha yaxşı olur, fikirlərini daha yaxşı cəmləyə bilirlər və bu da onların inkişafına töhfə verir. Bu gəzinti kifayət qədər vacibdir. Məktəbin damında isə süngər sistemi quraşdırılacaq. Zəngilana kifayət qədər çox yağış yağır. Süngər bu yağışları özünə çəkəcək və birbaşa yağışın ətrafa yayılmasının qarşısını alacaq, eyni zamanda, süngərdən süzülən suyu biz əkinin suvarılmasında istifadə edəcəyik. Zəngilanda yaşıllıqlar çoxdur, ona görə də park şəhəri olacaq. Zəngilan üçün maraqlı konsepsiyalar nəzərdə tutmuşuq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir