Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki hərbi attaşesi polkovnik Kayl Metyu Koun ilə görüşüb.
Müdafiə Nazirliyinin yaydığı məlumatın görünən tərəfi yalnız bir cümlə ilə yekunlaşıb, bildirilib ki, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Hərbi kimi qapalı sistemdə bu, normaldır, lakin gözlərimizi geniş açaraq digər aspektləri də nəzərə almağı bacarmalıyıq.
Son günlər ABŞ Azərbaycan-İran münasibətlərinin gərginliyini öz yararına inkişaf etdirmək üçün Bakıya dəstək göstərir ki, bu da gözləniləndir.
İrana dair yenilənmiş strategiyanın həmmüəllifləri ABŞ, Böyük Britaniya və İsraildir, hərçənd ki, nəticələr və ya onların paylaşılmasına dair fikir ayrılıqları ola bilər.
ABŞ-nin İrana dair planları: Zəngin resurslara çıxış əldə edib, həmin mövqelərə yiyələnmək.
Britaniyanın planı: Əsasən kürd kartı ilə regional şəkilləndirmədən qazancla çıxmaq.
İsrailin planı: İranın sinirini iflic edib, onu özünə tabe etdirmək və Tehranı bütün təsirlərdən məhrum etmək.
ABŞ ilə Britaniyanın məqsədləri aşağı-yuxarı eynidir, İranla bağlı etnik kartların oynanılmasında vahid konsepsiyaları mövcuddur, İsrailin yanaşması isə fərqlidir.
Ən maraqlı olan isə Rusiyanın hansı koordinatda dayanmasıdır. Vurğu edilməlidir ki, Moskva da İranın əzilməsindən narahatlıq keçirmir, Çinə gəlincə isə, onu ancaq iqtisadi maraqlar düşündürür, özünü nəticələrə hazırlaşdıran ekspansiyasını da həmin maraqlarla ayaqlaşdırır.
Nəticədə İranla bağlı birləşmiş platforma var və digər oyunçular da nəhəng dalğanın qarşısını almaqda çətinlik çəkdiklərindən məşq edirlər ki, mümkün nəticələrə hazır olsunlar.
Sirr deyil ki, İran mövzusu hərbi müdaxilə risklərini də gündəlikdə saxlayır və Tehranın qlobal təhlükəsizliyi təhdid altına alan mövqeyi ona qarşı tuşlanan oxların uclarını itiləyir.
ABŞ və İsrail İrana müdaxilə imkanlarını birgə nəzərdən keçirmək qabiliyyətində görünürlər və bunun üçün ən münbit regionlardan biri elə Azərbaycandır. Azərbaycan isə bu zamana qədər öz ərazisindən üçüncü ölkəyə müdaxiləyə imkan verən siyasətə getməyib.
İranın dünyanın qarışıq və mürəkkəb dövrə qədəm qoyduğu zamanda Azərbaycana qarşı güc ritorikası isə köhnə vəziyyəti bir qədər dəyişdirə bilər, Bakının tərəfdaşları Azərbaycanın geostrateji önəmini nəzərə alaraq Tehranı cəzalandırmaq fürsətini əldən qaçırmaq istəmirlər.
Lakin sual yaranır, görəsən, İran oynanılan oyuna qarşı hansı kartı qoyacaq? Açığı, İran yalnız mötədil siyasətlə özünü böyük təhlükələrdən qoruya bilər.
Birincisi: İran özünün siyasətinə və hərbi-siyasi doktrinasına dəyişiklik edib oyunçu olmasından imtina etməlidir.
İkincisi: İran ölkə daxilində hakimiyyətin kökündən dəyişdirilməsinə nail olmalı və bu ölkədə digər oyunçuların qol-qanad açmasına münbit şərait yaratmalıdır.
Hər iki hal İrandakı molla rejimi üçün sınmaq deməkdir, ona görə də Tehran aqressiyasını artıracaq və digər ölkələrə, o cümlədən Azərbaycana qarşı kampaniyanı davam etdirəcək.
Azərbaycan əks-hücumlarını hərbi tədbirlər planını təkmilləşdirmək də daxil olmaqla bir neçə vasitə ilə gücləndirəcək. Bunlardan biri də İrandakı azərbaycanlıların hüquq və azadlıqlarının təminat altına alınması prosesinin praktiki başlanması mərhələsidir.
İrandakı azərbaycanlı faktoru isə bu ölkədə maraqları olan bütün oyunçuların karına gəlir – kürdlərdən, ərəblərdən və bəluclardan fərqli olaraq.
Kərim Vəliyevlə Kayl Metyu Kounun müzakirələri belə həssas məqamda hərbi tədbirlərin birgə işlənilib-hazırlanması məqsədlərinə xidmət edir.
Kərim Vəliyev siyasətdən uzaq biri olsa da, onun əyləşdiyi postun siyasi xüsusiyyətləri də var, ona görə də amerikalı polkovniklə müzakirələri təsvir edə bilərik.
ABŞ-nin İran üzrə siyasətində Azərbaycan da yer almaq çağırışı ilə üzbəüz dayanıb, əks təqdirdə baş verə biləcək böyük təhlükələrdən sığortalanmaq çətinləşə bilər. Buna görə də Vəliyev-Koun danışıqlarının Bakı-Vaşinqton trafikində konseptual yanaşmaları dəqiqləşdirmək mahiyyətinə kökləndiyini söyləyə bilərik.
Zənn etməyə əsaslar var ki, Azərbaycan İrandan kükrəyəcək şərti müharibənin bərqərar edəcəyi nəticələri təhlil edir və bu istiqamətdə öz tərəfdaşları ilə müzakirələrə başlayır.
Təbii ki, bütün hallarda Azərbaycan strateji müttəfiqi Türkiyənin də dəstəyini və məsləhətlərini alır.
Aqşin Kərimov
www.RIA24.az