Prezident İlham Əliyev Qarabağdakı döyüş əməliyyatları zamanı, Azərbaycan ordusu Qurtuluş Müharibəsi apararkən, 2019-cu ilin payızından bəri Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatı (NAM) üzvlərinin ölkəmizə verdiyi dəstəyi qeyd edib.
Onda Minsk Qrupunun həmsədr ölkələri yeni bir qətnamə qəbul etmək üçün BMT Təhlükəsizlik Şurasının iclasını çağırdılar. Oktyabr ayında Azərbaycan dövlətinin başçısının dediyi kimi, Qoşulmama Hərəkatına üzv dövlətlər bu sənədin qəbul edilməsinin qarşısını alaraq, Azərbaycana dəstək verdilər.
Noyabr ayının sonunda Prezident İlham Əliyev Ağdamdakı çıxışı zamanı bu məsələyə bir daha toxundu və Azərbaycanın lazımi beynəlxalq dəstəyi almağa müvəffəq olduğunu vurğuladı:
“… İkinci Qarabağ Müharibəsi zamanı BMT-də, BMT Təhlükəsizlik Şurasında yeni bir qətnamənin qəbul edilməsinə cəhd göstərildi. Bu qətnamə qəbul olunsaydı, şübhəsiz ki, bizi dayandıra bilməzdi, amma lazımsız mənzərə yarada bilərdi.
Məhz Qoşulmama Hərəkatına üzv ölkələr bu qətnamənin qəbul edilməsinə imkan vermədilər, bizi dəstəklədilər. Və mən onlara təşəkkürümü bildirdim, dedim ki, cəsarətlə arxamızda dayandılar”.
Qeyd edək ki, NAM sədrliyi keçən il Venesueladan Azərbaycana keçib. Venesueladan olan politoloq Visente Kintero Media.Az-a verdiyi müsahibəsində belə deyib:
“Azərbaycan hər zaman Venesuelaya arxalana bilər. Ölkəmiz siyasi və hərbi münaqişələrin beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının qətnamələri çərçivəsində həllini dəstəkləyir”.
“Venesuelalılar Ermənistanla Azərbaycan arasındakı münaqişənin tarixi, etnik və siyasi əsaslarını başa düşürlər. Yeri gəlmişkən, universitetlərimizdə Sovet İttifaqının tarixi tədris olunur.
Problemin həllinin Azərbaycan ərazilərinin azad edilməsində olduğuna inanırdıq və inanırıq. Bu tələb müxtəlif BMT qətnamələri ilə təsdiqlənir. Razılaşmaları ATƏT-in Minsk qrupu çərçivəsində yerinə yetirmək lazım idi.
Vurğulamaq istərdim ki, Venesuela Ermənistan qarşısında müttəfiqlik öhdəliyi götürən Rusiya ilə yaxşı münasibətlərə malikdir. Karakas həm İranla həm də Azərbaycanın müttəfiqi olan Türkiyə ilə əlaqələrini davam etdirir.
Beləliklə, Venesuelanın mövqeyi diplomatik olaraq təsdiqlənir. Bakının Qoşulmama Hərəkatı daxil olmaqla, ölkəmizin Azərbaycana dəstəyə davam etməyə hazır olmasına şübhəsi olmasın”, – deyə Kintero bildirib.