Ombudsmanın Milli Preventiv Qrupu 5 saylı Cəzaçəkmə Müəssisəsinə baş çəkib

Siyasət

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Salyan rayonunda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib.

Bu barədə Ombudsman Aparatının Mətbuat xidməti məlumat yayıb. 

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmə çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri müəssisənin cərimə təcridxanasına, sanitar-tibb hissəsinə, yeməkxanaya, mətbəxə, görüş və karantin otaqlarına, habelə digər obyektlərə baxış keçiriblər.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı müəssisənin sanitar-tibb hissəsinin təmir olunduğu, lakin cərimə təcridxanasında əsaslı təmirə ehtiyac olduğu müşahidə edilib.
Məhkumların saxlanma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb. Fərdi və konfidensial qəbul zamanı məhkumların hüquqları, Ombudsmanın səlahiyyətləri və müvafiq qanunvericiliyin tələbləri izah edilib.

Başçəkmə çərçivəsində Ombudsmana ünvanlanmış yazılı müraciətlər qəbul olunub, bir sıra müraciətlər yerində təmin edilib.

Yekunda MPQ üzvləri tərəfindən müəssisənin rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, habelə saxlanma şəraitinin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib. 

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir