İslamın şiə məzhəbi və xomeyniçilik: bu iki məfhum bir-birinə bağlı görünsə də, daha doğrusu, bizə və bütün şiə dünyasına bu formada təqdim edilsə də, gerçək başqa, həm də dəhşətlidir. İran rejimi “Allah, Quran, Xomeyni” ideologiyası ilə dini kəsimin inancını istismar etdiyi kimi, bunun davamı olaraq, regionda siyasi hakimiyyəti ələ almaq üçün “Allahu-əkbər, Xomeyni rəhbər” şüarını irəli sürür. Bu zaman sual yaranır. Məgər Xomeyni ilahi şəxsdirmi, xomeyniçilik Allaha, yoxsa İrana ibadəti buyurur?
Şahın əleyhinə çıxdığı üçün sürgündə olan Ruhullah Xomeyni 1979-cu ildə “İslam inqilabı” ilə Fransadan Tehrana qayıtdı. Onun Avropa ölkəsindən inqilab lideri olaraq dönüşü, ardınca Qərbə qarşı düşmən mövqe sərgiləməsi suallar yaradırdı. Bu faktlar Xomeyninin hakimiyyətə gəlişində heç bir ilahi qüvvənin rol oynamadığını, əksinə, sonradan “böyük şeytan” adlandıracağı ABŞ-nin əməyi aydın görünür. İnqilabdan sonra İranın ABŞ-yə qarşı sərt mövqeyi, xüsusilə amerikalı diplomatların girov götürülməsi Vaşinqtonla Xomeyninin məxfi yazışmaları fonunda fikirləri qarışdırır. Ola bilər ki, Xomeyni əvvəlcə amerikalıları inandırdı, daha sonra razılaşmanı pozdu. Bütün hallarda Xomeyni Allahın yox, Qərbin göndərdiyi adamdır. Həm də ona görə ki, 70-ci illərdə Qərb üçün SSRİ-nin sərhədləri dibində dünyəvi və getdikcə Moskvaya ilıq münasibət sərgiləyən şah rejimindənsə, kommunizmin yayılmasının qarşısında sədd olacaq radikal dini rejim daha münasib idi.
Bəs Ruhullah Xomeyni necə “imam Xomeyni” oldu? Həzrət Əlinin oğlu İmam Hüseyn Kərbəlada qətlə yetirildi və bu, islam tarixində inqilabın simvoluna çevrildi. Nə təsadüfdürsə, Xomeyninin oğlu Mustafa da Nəcəfdə qətlə yetirilir. Bununla da İranda inqilab başlayır. Yəni Həzrət Əli və Xomeyni övladı qətlə yetirilən ata statusunda göstərilirlər.
İranın regionda siyasi hədəfləri uğrunda əsas ideologiyaya çevirdiyi xomeyniçilik nəzəriyyəsi nə qədər şiəliyə istinad etsə də, əslində, bu məzhəbin parçalanmasına xidmət edib. Xomeyninin siyasi hakimiyyətini regionda qəbul etdirmək məqsədinə xidmət edən səkkiz illik İran-İraq müharibəsi bir milyondan çox şiənin ölümünə səbəb oldu. 1980-ci ildə xomeyniçilik ideologiyası Livana ayaq açdı, onun davamçıları şiələrin birliyi olan “Amal”a qarşı çıxmağa başladılar. Həmin dövrdə İran istəyinə tam nail ola bilmədiyi üçün 1985-ci ildə “Hizbullah”ı yaratdı və beləliklə, Livandakı şiələr parçalandılar. Bu parçalanma günümüzdə də davam edir. İran xomeyniçiliyin “hakim din” olması üçün Suriya, Yəmən və Bəhreyndə də şiələri parçalamaq, vətəndaş müharibəsi yaratmaq ssenarilərini həyata keçirir.
Birinci Qarabağ müharibəsində “Azərbaycana saqqız, Ermənistana silah” göndərən İran İkinci Qarabağ müharibəsində “Azərbaycana dua, Ermənistana PUA” göndərir. Məscidlərdə donuz saxlayan, müsəlmanlara qarşı soyqırımı həyata keçirən Ermənistanı açıq mətnlə dəstəkləyir. Erməni maraqları naminə Azərbaycana – əhalisinin böyük hissəsi şiə olan bir ölkəyə müxtəlif yollarla hücuma keçir.
Faktlar təsdiq edir ki, xomeyniçilik şiələrə “parçala və hökm et” prinsipi üzərindən yanaşır: İranın maraqlarını qəbul edənlər “əsl iman gətirənlər”, digərləri “dindən çıxmışlar” olaraq bölünürlər. Hədəf bütün regionda İrana xidmət edən dini kəsimin formalaşdırılması və xomeyniçiliyin “hakim din” olacağı gücün yaradılmasıdır. Bir daha aydın olur ki, xomeyniçilik nə Allaha, nə onun dini islama, nə də şiə məzhəbinə ibadət yox, İrana biətdən, bu ölkənin imperiya maraqlarına xidmətdən ibarətdir.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.RIA24.az