Qatilə çevrilən Tehran hakimiyyəti: Arzuları gözündə qalan gənc Ayların ölümü – ŞƏRH + FOTO

Siyasət

İranda etiraz aksiyaları davam edir. Bu da cəmiyyətin mövcud hakimiyyətə olan münasibətinin göstəricisidir. Aksiyaçıların tələblərinə qarşılıq verməyən, bu istiqamətdə heç bir addım atmayan rəsmi Tehran nümayiş və yürüşlərin qarşısını hərbi-polis qüvvələri vasitəsilə almağa çalışır. Dinc, silahsız etirazçılara qarşı odlu silah tətbiq olunur. Noyabrın 17-də polislər metro stansiyasında vaqonlara hücum edərək dinc sərnişinləri dəyənəklə döyüblər.

Əslində, İran ordusu ölkənin müxtəlif şəhərlərində elan edilməmiş hərbi-polis rejimi tətbiq edib. Şəhərlərə hərbi texnika yeridilir. Şərqi Azərbaycan əyalətinin Məlikkənd (farslaşdırılaraq Məlikan olub) şəhərində xeyli sayda hərbçi və texnika görünüb. Hərbi-polis qüvvələri əhalinin gözünü qorxutmaq, onların qarşısını almaq üçün dinc aksiyaçıları yaşından asılı olmayaraq qətlə yetirir. Aciz qalan Tehran hakimiyyəti uşaq, gənc, qadın, yaşlı demədən öz vətəndaşlarını gülləbaran edir. Belə ki, noyabrın 16-sı axşam saatlarında Təbrizdəki etiraz aksiyası zamanı Tibb Elmləri Universitetinin tələbəsi, 23 yaşlı Aylar Həqqi qətlə yetirilib. Polisin və ya hökumətin güc qüvvələrinin əsas vəzifəsi aksiyanı dağıtmaq, etirazçıların hadisə yerindən uzaqlaşmasını təmin etməkdir. Aylar xanım hökumət qüvvələrinin nümayişçilərə qarşı zorakılığı və güc tətbiqindən sonra ərazidəki binalardan birinə sığınıb. Etirazçıları təqib edən bir neçə məmur onun ardınca binaya girərək Aylar Həqqini oradan aşağı atıblar. Bəzi mənbələr onun qaçarkən arxadan güllə ilə vurulduğunu qeyd ediblər. Ağır bədən xəsarətləri alan gənc tələbə Tehranın hərbi-polis qüvvələrinin vəhşiliyi nəticəsində hadisə yerində vəfat edib. Qeyd edək ki, Aylar Həqqi Güney Azərbaycanın Məlikkənd (Məlikan) şəhərində doğulub. Təbrizdə yaşayan Aylar Həqqi bu şəhərdə keçirilən etiraz aksiyalarına qoşulub. Qohumları bildiriblər ki, 23 yaşlı Aylar Təbriz Universitetinin Tibb fakültəsinin 4-cü kurs tələbəsi idi.

Deməli, İran hakimiyyəti 43 il əvvəl inqilabın ilk illərində qətlə yetirdiyi etirazçılara sərf edilən güllənin pulunu onun ailəsindən alardı. Həmin dövrdə öldürülənin nəşini ailələrə verməzdilər. Yaxud qohumları rejimin öldürdüyü ailə üzvünün meyitini min bir çətinliklə alardı. Heç bir istiqamətdə dəyişməyən, islah olunmayan, ölkəni az qala yarım əsrlik təcrübə ilə idarə edən Tehran hakimiyyəti builki aksiyalarda da eyni şəkildə davranır. Aylar Həqqinin qohumlarından birinin sözlərinə görə, İranın xüsusi xidmət orqanlarının təmsilçiləri onun ailəsinə qızlarının bədbəxt hadisə nəticəsində hündürlükdən yıxılaraq öldüyünü söyləmələri üçün təzyiq göstərirlər. Atası Rəcəb Həqqi təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılır.

Bu arada, İran hakimiyyəti Aylar Həqqinin qətlini ört-basdır etmək üçün müxtəlif bəhanələr uydurur. Rejimin KİV-si onun Təbrizdə Şəhran qülləsinin yanındakı qazıntı sahəsində qəza nəticəsində öldüyünü iddia edib. Müxalif media rejimi “qətl saxtakarlığı”nda ittiham edib. Qvardiyanın himayə etdiyi “Fars” xəbər agentliyi isə iddia edib ki, Aylar Həqqi maşından endikdən bir az sonra çuxura düşərək həyatını itirib. Ancaq onların yaydığı qurama videoda Şəhran qülləsi yaxınlığında, sadəcə, bir qadının maşından düşdüyü görünür və hətta həmin şəxsin üzü və kimliyini belə müəyyən etmək olmur. İran hakimiyyəti qətl etdiyi etirazçıların məsuliyyətini üzərinə götürmür. Onların ölümünü müxtəlif hadisə və xəstəliklərlə əlaqələndirməyə çalışır. Yeri gəlmişkən, bu il İslam İnqilabı Keşikçiləri Korpusu, İran İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) əməkdaşları və başqa məmurların müəmmalı ölümlərini də “yüksəkdən yıxılma”, “intihar”, “ürək problemi” və başqa uydurmalarla əsaslandırmağa səy göstərilir. Ancaq bütün ölüm hallarının arxasında İran hakimiyyətinin dayandığını ölkə və beynəlxalq ictimaiyyət çox yaxşı bilir. Çünki İranda məhkəmə-tibbi ekspertiza, məhkəmə sistemi rejimin istədiyi nəticəni açıqlayır, hökmü çıxarır. Bundan başqa, hadisələrin müstəqil istintaq qrupu tərəfindən araşdırılmasına maneə törədilir.

Aylar Həqqinin dəfn mərasimi noyabrın 18-də Təbrizin Vadi-Rəhmət qəbiristanlığında keçirilib. Hakimiyyət qətlə yetirdiyi Ayların dəfninə də mane olmağa cəhd göstərib. Hərbi-polis qüvvələri mərasim iştirakçılarının üzərinə hücum edib. Xüsusi təyinatlı polis bölmələri və təhlükəsizlik qüvvələri qəbiristanlığın giriş yollarını bağlayaraq bir çox etirazçının ora getməsini əngəlləyib. Mərasim iştirakçıları “Diktatora ölüm!”, “Xameneiyə ölüm!”, “Azadlıq, ədalət, milli hökumət!”, “Azərbaycan milləti çəkməz bu zilləti!”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq!”, “Hamımız Aylarıq, mübarizə davam edir!”, “Biri cavab verməlidir, Ayları mənə verməlidir!” kimi şüarlar səsləndiriblər. Aylar Həqqinin dəfn mərasimində iştirak edənlərdən bəzilərinin həbs olunduğu da deyilir. Bu, İranda gənc azərbaycanlı qızın faciəvi həyatıdır. Bu həm də Güney Azərbaycan türklərinin İranda apardığı mübarizəyə nümunədir. Qeyd edək ki, İranın 20 iri şəhərinin gəncləri birgə bəyanat yayaraq noyabrın 28-dən dekabrın 3-dək əhalini, bütün məktəbləri, universitetlərin müəllim və tələblərini, neft və neft-kimya müəssisələrinin işçilərini etiraz aksiyalarına, tətilə çağırıblar.

Ümumiyyətlə, hərbi-polis rejimi aksiya zamanı yetkinlik yaşına çatmayanlara da amansızlıq göstərir. Güney Azərbaycanın Zəncan şəhərində 12 yaşlı Arşiya Sultani İran hökumət qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib. İranın Xuzistan əyalətinin İze şəhərində doqquz yaşlı Kiyan Pirfələk İran hakimiyyətinin vəhşiliyinin qurbanı olub. Qeyd edək ki, mərkəzi Norveçdə yerləşən İran İnsan Hüquqları Müdafiə Təşkilatı sentyabrın 17-dən başlayan etiraz aksiyaları zamanı 16 813 nəfərin həbs olunduğunu bildirib. Onlardan 2 756 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Həbs olunanların 524-ü tələbədir. Nümayişlərə 140 universitetin tələbələri qoşulub. Məlumata görə, etirazlarda 402 nəfər həlak olub. Bildirilib ki, İranda keçirilən etiraz aksiyalarında hərbi-polis qüvvələrinin qətlə yetirdiyi 58 nəfərin yaşı 18-dən azdır.

Nəhayət, İrandakı hakimiyyət, İslam İnqilabı Keşikçiləri Korpusu, polis, bəsic, ordu və dövlətin başqa qurumları kimə xidmət edir? Azadlıq, ədalət, firavan həyat istədikləri üçün öz vətəndaşlarını öldürəcəklərsə, yaxud etiraz aksiyasında iştirak edənlərin qətli barədə əmr verəcəklərsə, onlar kimə lazımdır? Onlar bununla həm də bir cəmiyyətin gələcəyini öldürür, soyqırımı edirlər. O halda çıxış yolu hamısının dəyişməsindədir, deyilmi?! Çünki bu rejim uşaqların, gənclərin, xanımların qatilidir. Qatillərin yeri hakimiyyət deyil.

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir