Ceyhun Bayramovla italiyalı həmkarı arasında telefon danışığı olub

Siyasət

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Respublikasının Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Ceyhun Bayramov ilk növbədə həmkarını bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsində baş tutan ali və yüksək səviyyəli səfərlərin, xüsusilə İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ildə və cari ilin sentyabr ayında İtaliyaya, habelə sabiq xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Mayonun 2022-ci ildə ölkəmizə səfərlərinin mühüm rol oynadığını qeyd edib.

Ölkələrimiz arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin və siyasi dialoqun “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” çərçivəsində daha da genişlənməsinin vacibliyi vurğulanıb. Nazir təhsil sahəsində iki ölkə arasında əməkdaşlıqdan bəhs edərək, İtaliya xarici işlər nazirinin Bakıya səfəri zamanı təməli qoyulmuş İtaliya-Azərbaycan Universitetinin əhəmiyyət daşıdığını bildirib. Enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq qeyd edilməklə yanaşı, sonuncu dəfə Romada keçirilmiş Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının Bakıda təşkilinə hazırlıq ifadə olunub.    

Nazir Vətən müharibəsindən sonra post-münaqişə dövründə aparılan bərpa və quruculuq işləri, Ermənistanla normallaşma və sülh prosesi barədə məlumat verərək, İtaliyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib. Eyni zamanda, İtaliyanın işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində ilk iştirak edən ölkələrdən olduğu qeyd edilib.   

Nazir Antonio Tayani Azərbaycanla İtaliya arasında strateji dialoq və əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb. İtaliyanın bölgəmizdə sülh və sabitliyə daim dəstək verdiyi bildirilib. Nazir energetika ilə yanaşı, təhsil və mədəniyyət sahəsində də geniş əməkdaşlıq perspektivlərinin olduğunu diqqətə çatdırıb.   

Tərəflər, Azərbaycan və İtaliya arasında iqtisadi sahədə səmərəli əməkdaşlıq əlaqələrinin mövcudluğunu, bu xüsusda İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, Azərbaycanın isə İtaliyanın ən böyük enerji təchizatçılarından biri olduğunu məmnunluqla qeyd ediblər. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsində Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan “TAP” qaz boru kəmərinin əhəmiyyətini vurğulayıblar.  

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Nazir Ceyhun Bayramov İtaliya xarici işlər nazirini ölkəmizə səfərə dəvət edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir