Kiyevin abadlaşdırılmasında, şəhərdə müasir infrastrukturun inşasında Bakının ən yaxşı təcrübəsi tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova ilə görüşdə bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən xoş xatirələrini bölüşən mer bir neçə dəfə Bakıda olduğunu və paytaxtın sürətli inkişafının şahidi olduğunu qeyd edib.
“Bakının ən yaxşı təcrübəsini Kiyevdə tətbiq etdim, xüsusən də Ukraynanın paytaxtında bayraq meydanı yaratmaq fikrini Bakıdan götürdüm”, – deyə Kliçko əlavə edib.
Azərbaycan şirkətlərini Kiyevdə yolların bərpasına və infrastrukturun inşasına investisiya qoymağa çağıran mer bu məsələdə hər zaman dəstək verməyə hazır olduğunu da vurğulayıb.
Vitali Kliçkonu yenidən Kiyev meri seçilməsi münasibətilə təbrik edən səfir Elmira Axundova qardaş Bakı və Kiyev şəhərləri arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu, lakin bunların daha da dərinləşdirilməli olduğunu qeyd edib. O bildirib ki, xüsusilə ortaq mədəni layihələrin həyata keçirilməsi çox vacibdir.
Səfir Bakıda və Kiyevdə mədəniyyət günlərinin keçirilməsi ilə bağlı təklif irəli sürüb. Bu tədbirlər çərçivəsində Azərbaycanın “Yeddi Gözəl” baletinin Kiyev Opera və Balet Teatrının səhnəsində tamaşa qoyulmasını qeyd edib.
Elmira Axundova çoxsaylı Azərbaycan şirkətlərinin Kiyevdə müxtəlif sahələrdə fəaliyyət göstərməyə hazır olduqlarını vurğulayıb. O, Azərbaycan şirkətlərinin Kiyevdəki layihələrə investisiya yatırması üçün ortaq əməkdaşlığın gücləndirilməsinin vacibliyini bildirib.
Görüşün sonunda Elmira Axundova Kiyev merinə müəllifi olduğu üç cildlik “Heydər Əliyev: Şəxsiyyət və Zaman” kitabını, habelə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında miniatür kitab və digər əsərlərini hədiyyə edib.