Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Oklahoma Ştatının Qubernatoru Kevin Stitt və Milli Qvardiyasının rəisi briqada generalı Tomas Mançino ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
General-polkovnik K.Vəliyev K.Stittin 2021-ci ildə ölkəmizdə olarkən işğaldan azad edilmiş bölgələrə səfər etməsini əlaqələrimizin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi dəyərləndirib.
Azərbaycan Ordusunun hərbi qulluqçularının beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakından danışan general-polkovnik K.Vəliyev, Azərbaycanın üzərinə götürdüyü vəzifə və öhdəlikləri layiqincə yerinə yetirərək Əfqanıstandan sülhməramlılarını çıxaran son tərəfdaş ölkələrdən biri olduğunu qeyd edib.
Tərəflər “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında keçirilən birgə tədbirlərə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Sonra nümayəndə heyətimiz Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
www.RIA24.az