Azərbaycan Avropa Parlamentinin üzvlərinə Zəngəzur dəhlizi barədə məlumat verib – FOTO

Siyasət

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsselə işgüzar səfəri çərçivəsində Avropa Parlamentində təşkil olunan “Avropa və Asiya arasında dayanıqlı nəqliyyat əlaqəsi üçün yeni baxışlar və imkanlar” mövzusunda dəyirmi masada iştirak edib və Zəngəzur dəhlizi barədə məlumat verib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Tədbirə Avropa Parlamentinin üzvləri, Avropa Komissiyasının, Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələri, beyin mərkəzlərinin təmsilçiləri və Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya qatılıb.

R.Nəbiyev dəyirmi masada çıxış edərək Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələr və ölkəmizin iştirakçısı olduğu beynəlxalq nəqliyyat dəhlizləri barədə Avropa Parlamentinin üzvlərinə məlumat verib.

Bildirilib ki, son iki onillikdə Azərbaycan öz nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyub:

“Avtomobil və dəmir yolları çəkib, yeni beynəlxalq hava limanlarını istifadəyə verib, mülki dəniz və hava yük donanmasını gücləndirib. Həmçinin Bakı Beynəlxalq Dəniz Limanını inkişaf etdirib, Ələt Azad İqtisadi Zonasını yaradıb”.

Diqqətə çatdırılıb ki, bu layihələr Azərbaycanın daxili ehtiyaclarını üstələyərək daha geniş regional əməkdaşlığı dəstəkləmək üçün nəzərdə tutulub və Azərbaycanı beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevirib. Mövcud geosiyasi vəziyyət ölkəmizin beynəlxalq daşımalarda strateji əhəmiyyətini daha da artırıb. Qısa müddət ərzində ölkəmizin ərazisindən keçən tranzit yüklərin həcmində kəskin artım müşahidə olunub.

Qeyd olunub ki, Azərbaycan Orta Dəhlizin güclü təbliğatçısı olub. 2017-ci ilin oktyabrında Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirən, Orta Dəhlizin əsas arteriyalarından biri olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib.

Əlavə edilib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Zəngəzur dəhlizinin açılması təşəbbüsü ilə çıxış edib. Landşaft üstünlüklərinə görə bu dəhliz Çin və Mərkəzi Asiya ölkələri arasında Avropaya doğru ən qısa və təhlükəsiz tranzit marşrutuna çevrilə bilər.

“Bu gün ölkəmiz nəqliyyat infrastrukturuna, xüsusən də Qarabağın avtomobil və dəmir yollarına sərmayə yatırmaqda davam edir, şimal və şərq dəmir yolu şəbəkələrini cənub və qərb şəbəkələri ilə birləşdirərək regionun tarixi əlaqəsini bərpa edir”, – deyə vurğulanıb.

Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya çıxış edərək Azərbaycanın Orta Dəhlizin inkişafı istiqamətində səylərini müsbət qiymətləndirib. Baş katib Orta Dəhliz boyunca sərhəd prosedurlarının rəqəmsallaşdırılması və uyğunlaşdırılmasının zəruriliyini diqqətə çatdırıb.

Sonra Boston Consulting Group – BCG-nin partnyoru Stuart Vestqeyt Orta Dəhlizin imkanları haqqında geniş təqdimatla çıxış edib.

Sonda dəyirmi masa iştirakçıları Orta Dəhlizin əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir