“Son illər beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək, öz məqsədlərinə çatırlar. Beynəlxalq hüquq kağızda qalır. Belə olan halda münaqişənin hərbi yollarla həll edilməsi qaçılmazdır”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəfər Paradında çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, xüsusilə son iki il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları müharibəni qaçılmaz etmişdir:
“Ermənistan rəhbərliyinin çox zərərli bəyanatları, “Qarabağ Ermənistandır” deməklə danışıqlara son qoymuşdu. Bizim tarixi torpaqlarımızda xaricdən gətirilmiş erməniləri məskunlaşdırmaq hərbi cinayətdir. Bu, danışıqları mənasız edirdi”.
“Bu ilin sentyabr ayında müharibəyə üç gün qalmış BMT Baş Assambleyasının kürsüsündən demişdim ki, Ermənistan müharibəyə hazırlaşır və bu dayandırılmalıdır. Bu, belə də oldu. Bu il bizə qarşı üç dəfə hərbi təxribat törədildi və Ermənistan layiqli cavabını alaraq yerinə oturduldu”.
“Mən Ali Baş Komandan kimi sentyabrın 27-də əmr verdim ki, biz Azərbaycan torpaqlarını işğaldan azad etməliyik. 44 gün ərzində Azərbaycan istədiyinə nail oldu. Ədaləti bərpa etdi. Bu günlər ərzində bir gün də olmamışdı ki, biz geri çəkilək. Ermənistanın 30 ilə yaxın müddət ərzində yaratdığı istehkamı yararaq keçmişik.
Bu istehkamlar elə qurulmuşdu ki, əsgərimiz orada keçə bilməsin. Böyük qəhrəmanlıq göstərərək, Azərbaycanın əsgər və zabiti şərəfli missiyanı yerinə yetirdi və torpağını işğaldan azad etdi”, – deyə Prezident qeyd edib.
İlhamə Əbülfət