“Tehran rejimi Azərbaycan-Türkiyə birgə təliminə baxıb nəticə çıxarmalıdır” – RƏY + FOTO

Siyasət

“Bir müddət öncə Azərbaycanla sərhəddə hərbi təlimlərin keçirilməsi İranın bizə dostcasına yanaşmadığını bir daha ortaya qoydu. İndi isə Tehran rejimi Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” təliminə baxıb nəticə çıxarmalıdır”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O vurğulayıb ki, İran işğal dövründə Ermənistana hər cür dəstək verib, Azərbaycanın qətiyyətli qələbəsi ilə bitən Vətən müharibəsindən sonra daha da irəli gedib və regionda əbədi sülhün əldə olunmaması üçün hər vasitəyə əl atmaqdadır.

“İranın molla rejiminin bu əməli cavabsız qalmadı. Prezident İlham Əliyev noyabrın 25-də Bakıda “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı “Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar” fikirlərini səsləndirdi. Bunun ardınca isə İranla sərhəddə Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri başladı”, – V.İskəndərov vurğulayıb.

Deputat hesab edir ki, “Qardaş yumruğu” təlimi son vaxtlar İranın molla rejiminin Azərbaycana qarşı həddini aşan davranışlarına cavab kimi dəyərləndirilməlidir:

“Bu təlim iki ölkənin qardaşlığının növbəti dəfə nümayişi ilə yanaşı, həm də bizimlə təhdid dilində danışmağa cəhd edən dövlətlərə açıq mesajdır”.

Milli Məclisin üzvü söyləyib ki, Azərbaycan-Türkiyə qardaşlığı tarixin ən ağır sınaqlarından keçib və hazırda ən yüksək səviyyəyə çatıb:

“Bu iki dövlət xoş gündə də, çətin gündə də bir-birinə dayaq olub. Bu gün qardaşlıq siyasəti qətiyyətlə davam etdirilir. İki qardaş ölkə bizə düşmən mövqe sərgiləyənlərə tutarlı cavab verir. Bu dəfə də belə oldu. Bir müddət əvvəl Arazın o tayında keçirdiyi təlim zamanı ötən əsrin 70-ci illərinin köhnə texnikası ilə guya bizə “güc nümayiş edən” İran rejimi Türkiyə və Azərbaycanın müasir ordularına baxıb nəticə çıxarsın”.

Qeyd edək ki, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təlimi davam edir.

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.

Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Atilla Gülan, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və Azərbaycanın yüksək rütbəli zabitləri təlimi izləyiblər.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir