Ordumuz XXI əsrdə həm də yeni ilkə imza atdı

Siyasət

Doğrudan da hər qaranlıq gecənin işıqlı bir sabahı olur. Məcazi mənada həmin “qaranlıq gecə” uzun çəksə də, nəhayət xalqımız işıqlı sabahına qovuşdu. 30 ilə yaxın hamımızın ürəyində gəzdirdiyi Qarabağ dərdinə, Qarabağ nisgilinə son qoyuldu.

Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu düşməni darmadağın edərək torpaqlarımızı erməni işğalından azad etdi. Bununla da biz bütün dünyaya sübut etdik ki, nə qədər sülhsevər xalq olsaq da, yeri gələndə haqqımızı tapdalayanların başını əzməyi də, burnunu ovmağı da bacarırıq. İkinci Qarabağ savaşında əsgər və zabitlərimiz inanılmaz rəşadət göstərdilər, vəhşi ermənilərin dərsini verdilər. Bu döyüşlərdə 2783 şəhid verdik, 100-dək hərbiçimiz itkin düşdü, o cümlədən yaralananlarımız oldu. Qələbəni də məhz belə qeyrətli, vətənpərvər oğullarımız sayəsində qazandıq.

Dekabrın 10-da biz Bakının Azadlıq meydanında tarixi Zəfər paradını böyük qürur hissi ilə izlədik. Hər bir azərbaycanlı üçün möhtəşəm görüntülər idi! İndi bu Qələbəyə görə hamımızın başı dik, alnı açıqdır. 

Bu, həm də XXI əsrin yeni texnologiyalarla aparılan bir müharibəsi idi. Elə bu səbəbdən də Şuşanın alınmasına qədər bəzi qərb mütəxəssisləri Azərbaycanın döyüşlərdəki uğurlarını PUA-larla əlaqələndirirdilər. Əsgər və zabitlərimiz isə Şuşa uğrunda əlbəyaxa vuruşdular, düşmənin gözləmədiyi, ağlına və təsəvvürünə gətirmədiyi cəsarət, igidlik nümayiş etdirdilər.

İkinci Qarabağ müharibəsindəki zəfərimiz nəinki bunların üstündən xətt çəkdi, ümumiyyətlə, ermənilərin 200 il ərzində türk dünyasına, o cümlədən xalqımıza qarşı törətdikləri vəhşiliklərə, soyqırımlara, qətliamlara nöqtə qoydu.

Zəfər paradında türk mehmetciyinin iştirak etməsi bir daha iki qardaş ölkənin möhkəm və sarsılmaz birliyinə işarə idi. Doğrudan da 44 günlük savaşda Türkiyə əvvəldən sonadək Azərbaycanın yanında oldu, daim bizi dəstəklədi, dünyaya mesaj verdi ki, ordumuz haqq yolunda döyüşür və kimsə bunun qarşısını ala bilməz.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu mənada Zəfər paradına görə Bakıya gəlməsi, tribunada Azərbaycanın dövlət başçısı ilə qoşa durması “bir millət, iki dövlət” deyiminin təsdiqini nümayiq etdirirdi. Üstəlik Ərdoğanın özünəməxsus tərzdəki çıxışı paradı izləyənləri xeyli təsirləndirdi, ürəkləri riqqətə gətirdi.

Qarabağ savaşındakı qələbəmiz kimi, Zəfər paradımız da Azərbaycan tarixinin qızıl səhifələrindən biri kimi yaddaşlarda əbədi qalacaq. Çünki bu, müstəqil respublikamızın tarixində ilk Zəfər paradı idi. Ümumiyyətlə, İkinci Dünya müharibəsindən sonra mənim bildiyim qədər belə parad keçirilməmişdi. Azərbaycanda isə sonuncu hərbi nümayiş ordumuzun yaranmasının 100 illiyi ilə əlaqədar 2018-ci ildə olmuşdu. Yəqin ki, çoxlarının yadından çıxmayıb: o zaman Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, ölkə başçısı, cənab İlham Əliyev öz çıxışında Qarabağ torpaqlarının erməni işğalından azad olunacağını əminliklə bildirmişdi. 

Zəfər paradında Ali Baş Komandanımız qalib ordunun sərkərdəsi kimi vüqarla dayanmışdı. Son Vətən Müharibəsi bir daha xalq-iqtidar, xalq-ordu həmrəyliyinin nə qədər güclü olduğunu bir daha nümayiş etdirdi. Bu savaş həm də Azərbaycan xəritəsini bütövləşdirdi. Dünya hərb tarixində yeni səhifələr açdı. Ölkəmiz kiçik olsa da, hamı gördü ki, xalqımız hansı böyük ürəyə sahibdir. Bütün pisliklərə baxmayaraq, Azərbaycan dövləti yenə ermənilərə şans verir, onların çürük fikirlərdən, əsassız torpaq iddialarından əl çəkməyini təklif edir. Qoy düşünsünlər, zira xəstə beyinlərin tezliklə sağalacağına inanmaq çətindir. Bir baxın, Ermənistan bu gün hansı kökdədir?!

Zəfər paradının əhəmiyyəti olduqca böyükdür. Paradda müxtəlif qoşun növlərini təmsil edən 3000 nəfər şəxsi heyət üzvləri iştirak etdi. Döyüş texnikamız, artilleriya, raket qurğularımız, müasir silah döyüşlərimiz nümayiş olundu. Düşməndən hərbi qənimət kimi götürülən bahalı avadanlıqların bir qismi meydanda görünəndə, ermənilər görəsən hansı hissləri keçirdilər? Heç utanıb yerə girdilərmi? Axı, bu görüntülər bütün dünyaya yayıldı…

Azərbaycan hələ tarix yazmaqda davam edəcək. Daha gözəl günlərimiz irəlidədir. İndi hamı inanır ki, işğaldan, murdar erməni tapdağından azad olunan şəhər və kəndlərimiz sürətlə yenidən qurulacaq, illərlə köçkün həyatı yaşayan soydaşlarımız öz dədə-baba torpaqlarına qayıdacaqlar. Artıq bu istiqamətdə işlərə başlanması da dediklərimizi təsdiqləyir.

Sonda bir daha vurğulamaq istəyirəm ki, biz bu Qələbəyə görə, ilk növbədə canından-qanından keçən şəhidlərimizə borcluyuq. Allah onların hamısına rəhmət eləsin, yaralanan qazilərimiz tezliklə şəfa tapsınlar. Sözsüz ki, dövlətimiz şəhid ailələrinə, qazilərimizə hər cür yardım göstərəcək, ancaq bizlərdən də hər birimiz belələrinə qarşı həssas və qayğıkeş yanaşmalıyıq. Axı, bu Zəfəri onların sayəsində qazanmışıq!

Millət vəkili
Əliabbas Salahzadə

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir