Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın yeni təyin olunmuş səfiri Ann Buayon ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, C.Bayramov səfir Ann Buayonun etimadnaməsinin surətini qəbul edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu, regional vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyi və digər məsələlər müzakirə edilib.
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesindən danışan nazir sülh gündəliyi, habelə sözügedən prosesin irəli aparılması üçün Azərbaycan tərəfindən atılan addımlar və təşəbbüslər barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistan tərəfindən törədilən təxribatları və təhdidləri diqqətə çatdırıb.
Nazir Fransa tərəfindən səslənən qərəzli fikirlərin və Fransa Parlamentində qətnamələrin Azərbaycan-Fransa münasibətlərinə zərbə vurduğunu və sülh prosesinə töhfə vermədiyini vurğulayıb.
Səfir Ann Buayon qəbul üçün C.Bayramova təşəkkür edib və münasibətlərin inkişafına çalışacağını bildirib.
www.RIA24.az