“Sizə məlumat verdiyim kimi, biz Tiranada səfirlik açırıq”.
Bu sözləri dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü zamanı deyib.
“Əvvəla, Albaniyaya səfərim zamanı mənə göstərdiyiniz qonaqpərvərliyə görə sizə təşəkkür edirəm. Razılığa gəldiyimiz kimi, biz fəal dialoqu davam etdirəcəyik. Sizin səfəriniz artıq razılaşdırılmış məsələlərin gedişatını izləmək xarakteri daşıyır. Hər iki tərəfdən bütün tapşırıqlar verilib. Heyətlərimiz fəal şəkildə işləyirlər. Mənim rəsmi səfərimin nəticələri olduqca müsbətdir. Bizim əlaqələrimiz güclənir və yeni imkanlar yaranır. Sizə məlumat verdiyim kimi, biz Tiranada səfirlik açırıq və bu da əməkdaşlığımızın vacib bir əlamətidir. Praktiki nöqteyi-nəzərdən bu, bizə ölkənizdə gedən proseslərlə daha yaxından tanış olmaq imkanı verəcək. Eyni zamanda, bu, bizə ikitərəfli gündəliyimizdə daha da səmərəli olmağa imkan yaradacaq. Bir daha xoş gəlmisiniz”, – dövlət başçısı bildirib.
www.RIA24.az