Azərbaycan könüllüləri Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar – FOTO

Siyasət

Azərbaycan könüllü təşkilatlarının rəhbərləri və könüllülər Fəxri Xiyabanı ziyarət edərək Ulu Öndər Heydər Əliyevi böyük sevgi və dərin hörmətlə yad ediblər. 

Bu barədə Gənclər Fondu məlumat yayıb.

Məlumatda qeyd olunub ki, ziyarətin davamında Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ümummilli lider və dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə əlaqədar “Ulu Öndər və könüllülük dəyərləri” mövzusunda görüş baş tutub.

Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüşdə Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatı Şahin Seyidzadə, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Tural Hümbətov və 400-dən çox gənc iştirak edib.

Çıxışlar zamanı qeyd olunub ki, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında hər zaman qurucu və xilaskar dövlət xadimi kimi yaşayacaq. Azərbaycanın Ulu Öndərin rəhbərliyi altında tarixi qələbəsi, ölkəmizdəki tarixi izi barəsində geniş danışılaraq, məhz 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə qazandığı şanlı qələbənin bünövrəsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti əsasında formalaşdığı haqqında danışılıb. Onun yürütdüyü siyasətin davamçısı olan Cənab Ali Baş Komandan İlham Əliyev öz qətiyyətli addımları ilə Azərbaycan xalqını Qarabağa qovuşduraraq ata vəsiyyətini də yerinə yetirib.

Məlum olduğu kimi, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin müxtəlif sahələrində başlayan inkişaf könüllülük sahəsində də öz sözünü demişdir. Onun hakimiyyəti dövründə həmrəylik və sosial məsuliyyət ali dəyərlər kimi sistemləşdirilərək könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişinə gətirib çıxarmışdır. Müdrik rəhbərin idarəçiliyinin ilk illərində hərtərəfli inkişaf məqsədilə bu sahədə əməkdaşlıq diqqət mərkəzində olmuşdur. Beləliklə, 1998-ci ildə BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramı ilə birgə layihəsi nəticəsində artıq XXI əsrin əvvəllərində ölkədə güclü könüllü komandası formalaşdı və könüllülük dəyərlərinin geniş təbliğinə imkan yarandı. İlham Əliyevin 2020-ci ili “Könüllülər İli” elan etməsi ilə könüllülük fəaliyyətinin cəmiyyətimizdəki dəyəri və önəmi bir daha təsdiqini tapdı.

Görüşün sonunda könüllülər memarı Ulu Öndər olan müstəqil Azərbaycanın azad gəncləri olduqları ilə iftixar hissi keçirdiklərini qeyd edib, hər zaman ölkəmizin inkişafı üçün çalışacaqlarını və onun əziz xatirəsini yüksək tutacaqlarını bildiriblər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir