Qarabağın ermənicə “blokadası”: 27 gündə ərzaqla dolu yüzlərlə yük maşınının hərəkəti – İNFOQRAFİKA

Siyasət

Artıq 27 gündür ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunun Şuşa şəhərinin altından keçən hissəsində azərbaycanlı ekoloqların və ictimaiyyət nümayəndələrinin etiraz aksiyası davam edir.

Azərbaycanlı fəalların etiraz aksiyasının başladığı ilk gündən başlayaraq dünyanın müxtəlif yerlərində məskunlaşmış ermənilər və onlara rəğbət bəsləyənlər süni şəkildə Qarabağın “blokadası” ilə bağlı tezisləri dövriyyəyə buraxıblar.

Azərbaycan tərəfi dəfələrlə Xankəndindəki qeyri-qanuni qruplaşmanın nümayəndələrinin və Ermənistan hakimiyyətinin “blokada” ilə bağlı yalanlarını təkzib edib və Laçın yolu ilə humanitar yük daşıyan avtomobillərin keçidinin açıq olması barədə məlumatı dünya ictimaiyyətinin diqqətinə çatdırıb və vurğulayıb ki, yolun bağlı saxlanılmasından söhbət gedə bilməz.

Bunu özünü Qarabağdakı qanunsuz hərbi birləşməyə “rəhbəri” elan etmiş Vardanyan da təsdiq edib. O açıqlamalarından birində qeyd edib ki, Qarabağda məskunlaşan ermənilər Rusiya sülhməramlıları və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən ərzaqla təmin edilirlər.

Caliber.Az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, 2022-ci il dekabrın 12-dən azərbaycanlı ekoloqların etiraz aksiyasının keçirildiyi yoldan 5 yanvar 2023-cü il tarixinə qədər 370-ə yaxın müxtəlif təyinatlı avtomobil yolun hər iki istiqaməti üzrə keçid həyata keçirib.Bunlardan 330-u Rusiya sülhməramlı kontingentinə, 31-i avtomobil, o cümlədən təcili yardım maşınları daxil, Beynəlxalq Qızıl Xaç Komitəsinə, 3 təcili yardım maşını isə yerli erməni sakinlərə məxsus olub.

Xüsusilə qeyd edirik ki, etirazçılar yuxarıda sayı qeyd edilən yüzlərlə maşının hərəkətinə heç bir maneə yaratmayıblar.

Nəzərə alsaq ki, Ermənistan tərəfinin iddialarının əksinə olaraq, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan erməni əhalisinin sayı 30 min nəfəri ötmür, əminliklə deyə bilərik ki, Xankəndinə doğru hərəkət etmiş yüzlərlə yük maşını bu qədər insanı təmin etmək üçün kifayətdir.

Bu qədər ağır tonnajlı maşınların hərəkəti yaradılmış şərait İrəvanın və Xankəndindəki qanunsuz qurumun nümayəndələrinin Qarabağdakı “blokada” və “etnik təmizləmə” ilə bağlı kinli və isterik bəyanatlarını tamamilə təkzib edir.

Onu da xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib: həqiqətən də humanitar yük daşıyan nəqliyyat vasitələri üçün heç bir məhdudiyyət mövcud deyil.

Yekunda Ermənistan tərəfinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin sözləri ilə cavab vermək qalır: “Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir