“Amerika Birləşmiş Ştatlarının Türkiyəyə qarşı sanksiya tətbiq etməsi gözlənilən idi. Müəyyən qədər prezident seçkiləri ilə bağlı məsələ qarışıqlıq yaratmışdı. Amma sual oluna bilər ki, nə üçün Yunanıstan da Rusiyadan eyni hava hücumundan müdafiə sistemlərini aldığı halda onlara sanksiya tətbiq olunmur, Türkiyəyə isə tətbiq olunur?”
Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Tahir Kərimli deyib.
O bildirib ki, hər şeydən əvvəl Türkiyə kimi dövlətin özünün önəmində axtarmaq lazımdır:
“Əhalisi 11 milyon, daxili istehsalının həcmi 200 milyard dollar olan Yunanıstanla NATO-nun ikinci ən qüdrətli hərbi dövləti sayılan, 83 milyonluq əhalisi, daxili istehsalının həcmi 800 milyard dollardan artıq olan, yüksək hərbi potensiallı Türkiyəni müqayisə etmək olmaz.
Qərb bilir ki, bu yolla Türkiyəni itirə bilər. Məsələ bundan ibarətdir ki, dəfələrlə Türkiyə Qərb dövlətlərinə, NATO-ya müraciət edib. Müraciətində Türkiyə Hərbi Hava Qüvvələrinin yenidən qurulmasına ehtiyacının olduğunu, müxtəlif müdafiə sistemlərinin alınmasının vacibliyini vurğulayıb. Hətta Türkiyə bu məqsədlə bir milyard həcmində vəsait köçürülməsini də həyata keçirib. Bu məsələ Niderlanda həvalə olunsa da, Qərb öz öhdəliyini yerinə yetirmədi. Bununla yanaşı, Türkiyənin ödədiyi pulu da geri qaytarmadı. Türkiyə isə bunu çox gözəl başa düşürdü və daha səmərəli, alternativ yollar axtarırdı”.
Deputat onu da əlavə edib ki, Türkiyəyə tətbiq edilən sanksiyalar onu daha da güclənməyə vadar etdi:
“Türkiyə mövcud vəziyyəti dəyərləndirərək, uğurlu alternativ olaraq Rusiyadan S-400 sistemlərini almaq məcburiyyətində qaldı. Bu, Türkiyə üçün doğru addım idi. Çünki Türkiyə özünün təhlükəsizliyini ciddi şəkildə qoruyan ölkədir. Bu da hər bir dövlətin haqqıdır və təbiidir. Məsələ odur ki, tətbiq olunan sanksiyalar Türkiyədə hərbi sənayənin inkişafına güclü təkan verdi. F-35 təyyarələrinin satışından imtina edilməsi, Türkiyədə beşinci nəsil silah-sursatların istehsalı istiqamətində işlər gücləndirildi. Türkiyə prezidenti açıq şəkildə qeyd etdi ki, vaxt gələcək Türkiyənin bayrağı kosmosda dalğalanacaq.
Bu gün Türkiyənin çox ciddi hərbi sənayə kompleksləri var. Ölkə ən müasir standartlara cavab verən tanklar istehsal edə bilir. Eləcə də “Bayraktar” dronlarlarının istehsalı dünyada ən qabaqcıl texnologiyalardan birinin tətbiqi deməkdir. Bu nöqteyi nəzərdən, Qərbin Türkiyəyə daha çox ehtiyacı var”.
Könül Cəfərli