Prezident İlham Əliyev ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Fərmanla ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 200 manat müəyyən edilib.
Qeyd edək ki, dəyişikliyə qədər bu kateqoriyadan olan şəxslərə verilən Prezident təqaüdünün məbləği 130 manat idi.
Bundan başqa, dövlət başçısı Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 100 manat müəyyən edilib.
Qeyd edək ki, dəyişikliyə qədər bu kateqoriyadan olan şəxslərə verilən Prezident təqaüdünün məbləği 80 manat idi.
www.RIA24.az