XİN başçısı 20 Yanvar hadisələrindən DANIŞDI

Siyasət

“33 il bundan əvvəl sovet ordusunun xüsusi təyinatlı qoşunlarının Bakı şəhərinə, ölkəmizin bir sıra yaşayış məntəqəsinə təcavüz etməsinin nəticəsi olaraq 149 insanın həyatına son qoyuldu, 744 soydaşımız ağır yaralandı”.

Oxu.Az xəbər verir ki, bu sözləri 20 Yanvar şəhidlərini yad etmək üçün Şəhidlər xiyabanına ziyarətə gələn xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Həmin tarixdən sonra 20 Yanvar müasir Azərbaycan tarixində Qara Yanvar kimi qaldı. Ancaq hesab edirəm ki, bu, faciəvi tarix olmaqla yanaşı, eyni zamanda da tariximizin şanlı səhifəsidir. Çünki Azərbaycan vətəndaşları öz torpaqlarına nə qədər bağlı olduqlarını, sevdiklərini və müstəqillik eşqi ilə yaşadıqlarını sübut etdilər. Bununla da Azərbaycanda keçmiş Sovet İmperiyasının siyasətinə qarşı daha da barışmaz hərəkət başladı.

Həmin gün bir çoxlarımızın yadındadır. Hadisədən bir gün sonra ümummilli lider Heydər Əliyev Moskvadakı daimi nümayəndəliyimizdən xalqımıza müraciət etdi. Ozamankı sovet rəhbərliyinə də müraciət edərək bu qətliamı ən sərt formada pislədi. Azərbaycan xalqı orada mənəvi dəstək aldı. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Onların Azərbaycanın çiçəklənməsində müstəsna rolu var. Onların əziz xatirəsini böyük ehtiramla yad edirik”, – deyə nazir əlavə edib.

Sayad Həsənli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir