Cənubi Qafqaz işğal olunandan sonra ermənilər regiona köçürülüb. Bununla da bölgədə çar Rusiyasından başlayan faciələrin əsası qoyulub. Ermənilər Cənubi Qafqazda daim pozuculuq rolunu oynayıb, tanınmış şəxsləri şərləyib, sərvət sahiblərindən donoslar yazıblar. Bununla da hakimiyyət yanında özünə yer ediblər. Bu isə Azərbaycana çox baha başa gəlib. Onlar, əsasən, Azərbaycanın Şirvan-Şamaxı, Qarabağ, Gəncə və İrəvan bölgələrində yerləşdirilib. Adıçəkilən bölgələr həm də tarixi-mədəniyyət mərkəzləridir. Deməli, onların bu ərazilərdə yerləşdirilməsi türk tarixi və mədəniyyətinə qarşı yürüdülən siyasətin tərkib hissəsi olub.
Əslində, ermənilər İrəvanda və indi Ermənistan adlanan ölkədə azərbaycanlıların, türklərin tarixinin izlərini silməklə məşğul olublar. Onlara bu faciələri törətməkdə Rusiya və sovet hərbçiləri, rəsmi Moskvanın yürütdüyü siyasət yardım edib. SSRİ-nin dağılma ərəfəsində isə ermənilərin türklərə qarşı fəaliyyəti də artıb. Onlar sovet rəhbərliyində tutduqları mövqedən istifadə edərək Qərbi Azərbaycandan azərbaycanlıların tamamilə qaçqın salınmasına nail olublar. Beləliklə, 1988-ci ildə Ermənistandan Azərbaycana on minlərlə azərbaycanlı qovuldu. 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından – Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb. Azərbaycanlıların Ermənistandan qovulması həm də torpaq itkisi deməkdir. Onda azərbaycanlılar ölkə ərazisinin 25 faizində, təqribən 7,5 min kv.km-də yaşayırdılar. Sovet rəhbərliyi və hərbçilərinin dəstəyindən ruhlanan ermənilər bir az da qabağa gedərək Qarabağın Ermənistana birləşməsinə çalışdılar.
Yeri gəlmişkən, Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan 1980-ci illərin sonunda Moskvada erməni lobbisinin ən güclü nümayəndələrindən biri idi. O, 1980-ci illərin sonunda Qarabağı Azərbaycandan qoparmaq üçün başlatdıqları “Miatsum” hərəkatının əsas nümayəndələrindən olub. Aqanbekyan 1987-ci ilin noyabrında Parisdə Fransa Erməni İnstitutunun və Erməni Veteranlar Assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə bu sözləri deyib: “Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana”. O, Azərbaycanın bu bölgəsinin bir hissəsinin Ermənistana “birləşdirilməsinin vacibliyi” fikrini Fransanın “Humanite” (“L’Humanité”) qəzetinə müsahibəsində də dəfələrlə vurğulayıb. Bu prosesin Silva Kaputikiyan, Zori Balayan kimi ideoloqları da var idi. Onlar türk düşmənçiliyi ruhundan böyüyüb, tərbiyə almış ermənilər idi. Bu ideoloqların apardığı düşmənçilik təbliğatı nəticəsində Robert Koçaryan, Serj Sarqsyan, Seyran Ohanyan və başqaları Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı, Ağdaban və Azərbaycanın başqa bölgələrində qətliamlar, soyqırımlar törədiblər. Ermənistanın indiki hakimiyyəti və gəncliyi də bu çürük, insanlığa zidd türk düşmənçiliyi ideologiyası əsasında tərbiyə olunublar. Ermənilərin Azərbaycana torpaq iddiası və azərbaycanlıların Qərbi Azərbaycandan qovulması prosesi sovet ordusunun Bakıda və başqa rayonlarda qanlı faciələr törətməsi ilə davam edib.
Bu arada, azərbaycanlıların Ermənistandan kütləvi qovulmasına, Qarabağın bir hissəsinin Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı Bakıda, Gəncədə, Sumqayıtda, Naxçıvanda, Lənkəranda, Şəkidə, bir sözlə, Azərbaycanın bütün şəhər və rayonlarında etiraz mitinqləri, yürüşləri və çıxışları keçirilib. Erməniləri regiona gətirən çar Rusiyasının varisi SSRİ yenə onları müdafiə edib. Onda Moskva Azərbaycana qarşı irimiqyaslı hərbi əməliyyat həyata keçirib. 1990-cı ilin yanvarında respublika ərazisinə xüsusi təyinatlılar, əlavə sovet qoşunu yeridilib. Bu isə Bakıda, Lənkəranda, Neftçalada və respublikanın başqa şəhər və rayonlarında kütləvi qırğınlara səbəb olub.
1990-cı ilin yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Həmin günlərdə Azərbaycanın 150 vətəndaşı erməniləri müdafiə etmək üçün Azərbaycana yeridilən sovet hərbçilərinin açdığı atəş nəticəsində şəhid olub. 20 Yanvar hadisəsi həm də Azərbaycanda gedən milli azadlıq hərəkatını susdurmaq məqsədilə atılan addım idi. Həmin illərdə ermənilərin törətdikləri vəhşilikləri Azərbaycan cəmiyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqda çətinlik çəkirdi. Çünki Gürcüstan və Baltikyanı ölkələr istisna olmaqla xaricə çıxmaq mümkün deyildi. Onlar da SSRİ-nin ərazisi sayıldığından bütün informasiya vasitələrinə Kreml və ermənilər nəzarət edirdi.
Mərhum Prezident Heydər Əliyev faciədən sonra, 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib. O, həmin əməliyyatı həyata keçirənləri ifşa edib. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında mərhum Prezident Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “…Sovet İttifaqında, ölkənin daxilində – heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov (SSRİ-nin ovaxtkı müdafiə naziri – red. ) gəlib, Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”.
20 Yanvardan sonra da Azərbaycan xalqına qarşı kütləvi qırğınlar dayanmadı. 1990-cı il yanvar hadisələrindən cəmi iki ay sonra – martın 24-də Azərbaycanın Ermənistanla sərhədyanı ərazidə yerləşən Qazax rayonunun Bağanis Ayrım kəndində dinc əhali ermənilər tərəfindən kütləvi qırğına məruz qaldı. Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi. Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı. Bu həm də Azərbaycan xalqına qarşı kütləvi qırğınlar 1992-ci ilin aprelində Kəlbəcərin Ağdaban, avqustunda Goranboyun Ballıqaya, 1993-cü ilin aprelində Kəlbəcərin Başlıbel kəndlərində də davam etdi. Xocalı soyqırımı isə 613 nəfərin öldürülməsi ilə Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Ermənilər bütün bunları 1980-ci illərin sonunda Qərbi Azərbaycanda sovet hərbçiləri ilə birlikdə həyata keçirmişdilər. Orada etdikləri cinayət əməllərinə görə cəzasız qalan ermənilər oxşar vəhşilikləri Qarabağda törətdilər. Sovet rəhbərliyi isə emənilərin cinayətlərinə haqq qazandırırmışcasına onları müdafiə etmək adı altında Bakıya və başqa bölgələrə hərbçiləri yerləşdirib. Sovet rəhbərliyi bununla da azərbaycanlıların əzəli torpaqları olan Qərb Azərbaycandan qovulmasını, Qarabağın bir hissəsinin Ermənistana birləşdirilməsini Azərbaycan cəmiyyətinə qəbul etdirmək istəyirdi. Ancaq sovet rəhbərliyi məkrli siyasəti və iddianı gizlədə bilmədi.
Təəssüflər olsun ki, bu qanlı faciələrin başçısı Mixail Qorbaçov Azərbaycan xalqına qarşı Qərbi Azərbaycanda, Qarabağda, 20 Yanvarda törətdiyi cinayətlərə görə cəzalanmadan öldü. Azərbaycandakı cinayətləri nəzərə alınmadan onu Nobel Sülh Mükafatına da layiq gördülər… Halbuki 1945-46-cı illərdə faşistlərin mühakimə edildiyi “Nürnberq məhkəməsi”nin həmin faciələri törədənlərə də qurulacağı gün gözlənilir. Bu həm də tarixdə bənzər hadisələrin təkrarlanmaması üçün vacibdir. Çünki Azərbaycanın, o cümlədən Qərbi Azərbaycanın başına gələn faciələr sonradan Gürcüstan, Moldova, Ukrayna, Suriya, İraqda və s. yerlərdə təkrarlandı və davam edir.
Azərbaycan xalqı Moskvanın törətdiyi cinayətlərə yanvarın 22-də şəhidlərin dəfni mərasimində cavab verdi. 2 milyona yaxın insan sovet hərbçilərinin Bakı küçələrində olmasına, şəhərdə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsinə baxmayaraq, meydana axışdı. Bu həm şəhidlərin əziz xatirəsinə hörmət, həm də sovetin əməllərinə etiraz idi. Bu epoxal hadisə dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.
Rəsmi Bakı sonrakı fəaliyyətini ölkənin inkişafına, o cümlədən müdafiə qüdrətinin artırılmasına, torpaqların işğaldan azad edilməsinə yönəldib. Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. 2020-ci il sentyabrın 27-də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində əks-həmlə əməliyyatı başladı. 44 günlük müharibə noyabrın 8-də zəfərlə yekunlaşdı. Bu, son 100 ildən artıq dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuşların, erməni vandalizmi qurbanlarının nahaq tökülən qanın alınması idi. Torpaqlar işğaldan azad olunandan sonra Azərbaycan torpaqlarında ermənilərin törətdikləri vəhşilikləri izləri üzə çıxdı. Bu onların Qərbi Azərbaycanda etdikləri cinayətlərin davamı idi. Bu gün də həmin hadisələrin qanlı izləri azad edilmiş ərazilərdə kütləvi məzarlıqlar şəklində üzə çıxır. Zəfər bu məzarlıqlarda aşkarlanan adsız, naməlum azərbaycanlıların narahat ruhunun dinclik tapmasına kömək etdi.
Nəhayət, bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək. Hədəfsiz millət ya məhv olar, ya da assimilyasiya. Bu baxımdan, Qarabağın işğaldan azad edilməsi həm də Qərbi Azərbaycana qayıdışa, repatriasiyaya yol açır. Zəfər azərbaycanlı qaçqınların Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlarına ümidi artırır. Azərbaycanın və azərbaycanlıların son 35 ildə ermənilərin havadarları ilə birlikdə törətdikləri cinayətlərə cavabı yeni dövrün başlayacağının uzaqda olmadığına inamı artırır. 20 Yanvar hadisələrindəki milli müqavimət, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Ermənistanın diz çökdürülməsi bu ümidləri daha da gücləndirir.
Beləliklə, Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən etməsi də bu inamı artırır. Çünki Qarabağ kimi, Qərbi Azərbaycan da işğal olunub. Azərbaycan Qarabağı azad etdiyi kimi, bu bölgəyə də öz sakinlərinin qayıdışına nail olacaq. Parçalanmış Vətən torpaqlarının birləşməsi prosesi davam edir. 20 Yanvar, Zəfər bu istiqamətdə fəaliyyətə təkan verir.
“Report” İnformasiya Agentliyi
www.RIA24.az