20 Yanvara beynəlxalq reaksiyalar: Dünya mətbuatı nə yazırdı? – ARAŞDIRMA + FOTO

Siyasət

Azərbaycan xalqının yaddaşında və qəlbində dərin iz buraxan 20 Yanvar hadisələrindən 33 il ötür. Qətliamla bağlı statistik rəqəmlər, Sovet ordusunun Bakıda törətdiyi qırğın, Moskvanın Azərbaycanın müstəqillik arzularını gözündə qoymaq və xalqı qorxutmaq arzuları – bunların hamısı məlumdur.

Bu hadisələrə beynəlxalq səviyyədə adekvat hüquqi-siyasi qiymət verilməsi olduqca vacibdir. Pribaltika regionunda, Ukrayna və Gürcüstanda, eləcə də Qazaxıstanda baş vermiş oxşar proseslərə – SSRİ qoşunlarının insanların hüquq və azadlıqları uğrunda apardığı demokratik və sivil mübarizəyə silahla cavab verməsinə və dinc etirazçılara qarşı qətliam törətməsinə göstərilən xarici reaksiyalar geniş vüsət alsa da, 20 Yanvara ilkin dövrdə lazımi şəkildə münasibət bildirilməmişdi. Təbii ki, bunda erməni diasporunun rolu, Azərbaycanın hələ qlobal informasiya məkanına çıxa bilməməsinin və Sovet Rusiyasının yaratdığı informasiya blokadasının təsiri və digər faktorların özünü büruzə verməsi də əhəmiyyətli olmuşdu. Bununla belə, proseslərlə bağlı xarici mətbuatda müəyyən informasiyalar yayılmışdı.

Dünya mediası 20 Yanvar hadisələri ilə bağlı nə yazırdı?

Modern.az bununla bağlı apardığı kiçik araşdırmanı təqdim edir.

ABŞ mətbuatında “Los Angeles Times”, “The New York Times”, “Washington Post”, “The Christian Science Monitor”, “The Baltimore Sun” və başqa nəşrlər proseslər barədə xəbərləri dərc etmişdilər.

Məsələn, “Los Angeles Times” qəzeti 23 yanvar 1990-cı ildə yazırdı: “Yanvarın 20-də və 21-də yürüşlər keçirilmişdi. Ayın 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür nümayişləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıq-aşkar meydan oxumaqdı. Şəhidlər xiyabanında keçirilən dəfn mərasimi “Moskva” mehmanxanasının yuxarı mərtəbələrində yerləşdirilmiş xüsusi nəzarətçilər və snayperlər tərəfindən diqqətlə izlənilirdi. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, cəsur insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular”.

“The Washington Post” qəzeti 1990-cı il 21 yanvar tarixli sayında Azərbaycandakı hadisələrin Qorbaçovun hakimiyyətə gəldiyi 1985-ci ildən bəri “ən ağır böhran” olduğunu yazmışdı.

Böyük Britaniyada isə The Times qəzetində, The Guardian nəşrində, BBC kanalında və digər mətbuat səhifələrində məlumatlar yayılmışdı.

The Times 29 yanvar 1990-cı il sayında belə bir xəbər vermişdi: “Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir”.

“Financial Times” yazırdı ki, hətta millətçi “Pamyat” təşkilatı da Moskvadan qoşunların Azərbaycandan çıxarılmasını tələb edib. Qəzet həmçinin 20 Yanvar qətliamından dərhal sonra təsdiq edirdi ki, 19-20 yanvar gecəsi Bakıya yeridilən qoşun Stavropol, Rostov və Krasnodar cinayətkarlarından ibarət olub.

“Independent” qəzeti isə 2 fevral 1990-cı il nömrəsində yazırdı: “General-leytenant Dubinyak elan edib ki, vəziyyət yaxşılaşarsa, Bakıda komendant saatının müddəti qısaldılacaq. O ümid etdiyini bildirib ki, Bakıda yerləşdirilmiş 17 minlik qoşun gələn ayın ortalarınadək şəhərdən çıxarıla bilər”.

Bununla yanaşı, Türkiyə KİV də Moskvanın Bakıda törətdiyi qətliamı sərt tənqid etmiş və bunu qırğın hesab etmişdi.

Məsələn, “Cumhuriyet”, “Hürriyet”, “Günaydın” kimi qəzetlərdə hadisələr geniş şəkildə işıqlandırılmış, ictimaiyyətə ətraflı məlumatlar çatdırılmış və Azərbaycana dəstək ifadə olunmuşdu. Azərbaycan Kültür Dərnəyinin, siyasətçilər Bülent Ecevit, Alparslan Türkeş, Yıldırım Akbulutun və digər ictimai xadimlərin 20 Yanvarla bağlı qardaş xalqın yalnız qoyulmaması haqqında açıqlamaları yer almışdı.

Bundan başqa, Avropa ölkələrinin media orqanlarında, habelə müstəmləkə xalqların SSRİ-dən kənarda yaşayan nümayəndələrinin – jurnalistlərin və dissidentlərin yaydıqları bülletenlərdə, mətbu yayımlarda 20 Yanvarla bağlı informasiyalar getmişdi.

Hadisələrdən 33 il keçməsinə baxmayaraq, hələ də dünya mətbuatında 20 Yanvarla bağlı geniş materialların dərc olunmasına, dünya birliyinin baş verənlərlə bağlı dolğun və dəqiq şəkildə məlumatlandırılmasına böyük ehtiyacın olduğunu müşahidə etmək olduqca asandır…

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir