Azərbaycanla Ermənistan arasındakı sülh gündəliyinin tərtibində yaranan çətinliklər fonunda Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvana gəlir.
Klaar Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətin nizama qoyulması məsələlərində kodların açılması üçün İrəvana yolunu salır.
Hərçənd ki, Klaar səfərinin ictimaiyyət üçün açdığı bəndini daha çox Şuşa-Xankəndi yolundakı azərbaycanlı ekofəalların keçirdikləri aksiyalarla əlaqələndirməyə girişir.
Aİ-nin sülh və təhlükəsizlik prioritetləri məhdud ərazi üzrə konsepsiyaya deyil, geniş rakurslu tezislərə əsaslanır. Qısası, Avropa İttifaqı anlayır ki:
1. Azərbaycan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərindəki erməni amili üzərindən manipulyasiyaları hərbi tədbirlər görmək üçün zəmin kimi qiymətləndirir;
2. Hazırkı proseslər və bunun mümkün nəticələri Azərbaycan-Ermənistan sərhədində daha geniş əks-səda verə bilər və İrəvanın zədəli onurğa sütunu tamamilə iflic olar.
Avropa İttifaqının regionda hərbi eskalasiyanı istəməməsi, bəlkə də, səmimi hisslərə söykənir. Bu nəhəng təsisatın özü də ABŞ-Britaniya ikilisi ilə Rusiyanın apardığı kəskin rəqabətin ortasında qalıb zədə almaqdan yayınır.
Ona görə də Aİ Rusiya ilə NATO arasında oynamağa məcburdur. Çünki Ukraynadakı müharibənin regional və qlobal təsirlərinin Cənubi Qafqazdakı ştrixləri də Aİ-nin öz varlığını təhdid altında saxlayan prosesdir.
Aİ daha aydın və konkret gündəliklə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki yerini müəyyən etməlidir.
Aİ-nin Ermənistan ərazilərinə gəlməsi, gözlənilən monitorinq missiyasının fəaliyyət çərçivəsi həmin yerə təsir edə biləcək incə amildir. Rusiya Aİ-nin özündən narahat olmasa da, bu cür missiyanı NATO-nun ABŞ-Britaniya çətiri altında öz meydanına keçidi kimi qavrayır.
Ancaq ortada açıq qalan suallar var – o missiya həqiqətənmi iki illik ömrə sahib olacaq?
Qərbin sürətlə regionu ələ almaq cəhdləri fonunda həmin suala, bəlkə, “bəli” cavabını verərdik, amma Aİ də özünü nəhəng maraqların içərisində itirməkdən qaçır.
Əvvəla, məsələnin strateji miqyaslarını və risk faktorlarını bir kənara qoysaq, həmin təklifin adi texniki prosedur qaydasından keçib-keçməyəcəyi də bəlli deyil.
Belə ki, missiyanın yerləşdirilməsindən əvvəl hələ də aydınlaşdırılmalı olan vacib bir addım var.
Missiyanın ikiillik mandat alması üçün məsələ Brüsseldəki Siyasi və Təhlükəsizlik Komitəsinin süzgəcindən keçməlidir.
İkincisi, Azərbaycanın ötən il fəaliyyəti iki ay müddətinə təyin olunan missiyadan fərqli olaraq, budəfəki monitorinqə razılıq vermək niyyəti yoxdur.
Azərbaycanın Aİ-nin transsərhəd missiyasına icazə vermək istəməməsi prosedur qaydalarında narahatlıqlar yaradır.
Ancaq Azərbaycan Aİ-nin Bakı-İrəvan gündəliyindəki moderatorluğuna qane olur, bir şərtlə ki, İttifaqın probemli üzvü olan Fransa prosesə burun soxmasın.
Aİ-nin Avropanın kənarlarında iddialı rol almaq səyləri istənilən halda ağrılı bir proses deyil, lakin İttifaq iqtisadi libasını hərbi uniforma ilə əvəzləməyə çalışsa, bu, xeyli çətinliklər yarada bilər.
Birincisi, Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ermənistanın İran, Gürcüstan və Türkiyə ilə sərhədlərini mühafizə edir. Üstəgəl Ermənistandakı Rusiya hərbi bazası, ölkə iqtisadiyyatının rıçaqlarının Moskvanın əlində olması Aİ-nin missiyasının sanballı olmasına ciddi maneədir.
İkincisi, Aİ bilir ki, Azərbaycan öz sərhədlərinə real təhlükələr yaransa, güc tətbiqini reallaşdıracaq. Bakının güc tətbiq etmək üçün resursları və iradəsi Aİ-nin gələcək missiyasının nüfuzuna xələl gətirə bilər.
Ancaq Bakının son məqsədi Aİ-nin reputasiyasını korlamaq yox, Ermənistanı dartıb sülh yoluna gətirməkdir.
NƏTİCƏ:
Klaar Aİ missiyasının rənginin kamuflyaj edilməsi cəhdlərinin Ermənistana vura biləcəyi zərbələri anlatmaqdan ötrü İrəvana gəlir.
Aqşin Kərimov
www.RIA24.az