Vardanyan ÇƏTİNƏ düşdü, iç üzünü açdı: Paşinyan üçün təhlükəli layihə – TƏHLİL

Siyasət

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərinə məkrli gündəliklə gələn milyarder Ruben Vardanyanın BBC-də “Hard Talk” verilişinə müsahibəsi onun üzərinə çəkdiyi “erməni hüquqlarının müdafiəçisi” pərdəsini qaldırır.

Vardanyan aparıcı Stiven Sakurun çətin sualları qarşısında tab gətirməyərək mövzunun axarını ənənəvi erməni mifi üzərində qurmağa çalışır. Lakin verilişin gedişatında Vardanyanın Kremlin layihəsi olduğunu gizlətməsi cənab Sakuru daha sərt suallar verməyə vadar edir.

Vardanyan Kremlin siyasi texnoloqları tərəfindən hazırlanan layihənin elementidir, lakin siyasətdə hələ naşıdır. Bu xamlığını o, müsahibədə əyani formada göstərir.  

Vardanyan müsahibəsində Rusiya, Fransa və ABŞ-yə təriflər yağdırmaqla özünün Qarabağa hansı gündəliklə gəldiyinin üzərini örtməyə çalışır.

Vardanyan öz niyyətlərinə, daha doğrusu, bünövrəsi Kremldə qoyulan planın tərkib hissəsi olduğuna xaricdən idxal olunan örtüklər çəkməyə girişsə də, bu, əbəsdir.

Vardanyan özünü “müstəqil dövlətin” naziri kimi qələmə vermək üçün dəridən-qabıqdan çıxsa da, cavablardan yayınmaqla özünün müstəqil iradəsi olmadığını ortaya qoyur.

Vardanyan üç əsas sualdan qaçır:

1. Ermənistanın baş naziri Nikol Paşinyanla arasındakı ixtilafların mətnini elan etməkdən çəkinir;

2. Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətdə olduğunu etiraf etmir;

3. Rusiya-Ukrayna müharibəsinin Ermənistana təsirləri barədə suala cavab vermir.

Vardanyanın sual yağışı altında inləməsi başadüşüləndir, çünki o, xüsusi təlimatla Qarabağa gələrək Rusiyanın strateji layihəsinə xidmət edir.

Rusiya Ruben Vardanyanı Ermənistana hazırlayır, söhbət heç də ondan getmir ki, Vardanyan mütləq Paşinyanı devirəcək və hakimiyyətə gələcək.

Məsələnin mahiyyəti belədir ki, Qarabağdakı tramplin üzərindən Vardanyanın Ermənistana tulladılması nəzərdə tutulur. Vardanyan Gürcüstanda boz kardinala çevrilən Bidzina İvanişvilinin prototipi olmağa namizəddir.

Rusiya Vardanyandan Ermənistanda qibləsini Qərbə çevirən Paşinyan hakimiyyətini cəzalandırmaq üçün vasitə kimi istifadə edir. Burada Paşinyanın devrilməsi ssenarisi də mövcuddur, ona ciddi təsir edəcək alternativ institut yaradılması ssenarisi də.

Rusiya Ermənistanda Robert Koçaryan və Serj Sarqsyanın nüfuzunun darmadağın olmasından sonra Vardanyanı zühur etdirərək itkilərini kompensasiya etməkdə maraqlıdır.

Deməli, Vardanyan Paşinyana müxalifdir – özü də Kremlin mətbəxində hazırlanmış və erməni xalqının iradəsini əks etdirməyən siyasi obraz kimi.

Ancaq Vardanyana Qərbdə də sərmayə qoyulur, çünki onun Qarabağdakı varlığı Qərbin xarici siyasətinin tələblərinə cavab verir.

Üstəgəl, Vardanyan Qərblə Rusiya arasındakı çirkli bağlantılarda açardır, onun maliyyə maxinasiyalarındakı rolu bir-birinə əks qütbdə dayanan tərəflərin ortaq nöqtələrindən biridir.

Rusiya, onsuz da, Ermənistandan heyfini çıxacaq, Ukraynadakı müharibənin nəticələri aydınlaşdıqca bunun əlamətləri daha aşkar sezilə bilər. Ancaq Vardanyan bu mövzuda da ağzına su alıb oturur, çünki gələcək layihələrin cizgilərini göstərmək istəmir.

Azərbaycan Ermənistanın cəzalandırılması məsələsində Rusiya ilə həmrəy kimi görünə bilər, amma Bakı bunun Vardanyan vasitəsilə reallaşmasına qarşıdır. Kreml strateji layihəsini Azərbaycan əraziləri üzərindən həyata keçirmək istəyir ki, bu da Azərbaycana qarşı bəzi neqativ tendensiyalarla müşayiət olunur.  

Burası da var ki, Ermənistana keçmək üçün Vardanyan hələ Qarabağda Rusiyanın təlimi ilə bəzi məşqləri etməlidir.

Birincisi: Vardanyan özünü maksimal tanıtmalı və Paşinyanın proseslərdə funksiyaya malik olmadığını göstərməlidir.

İkincisi: Vardanyan Azərbaycan ərazilərindəki təbii sərvətləri talamaqla varlanmağı davam etdirməlidir. Əldə ediləcək qeyri-leqal gəlirlər növbəti siyasi layihələrin maliyyə tutumudur.

Azərbaycanla Rusiya arasındakı anlaşılmazlıq mühitində “Vardanyan və qızıl” mövzusu ayrıca bir aspekt kimi keçir.

Ancaq Azərbaycan Vardanyanın təhdidlərinə qarşı onun qovulmasını və ya Rusiya tərəfindən başqa formada cəzalandırılmasını tələb etməkdə inadkarlıq göstərir.

Vardanyanın müsahibəsində “Qarabağı tərk etməyəcəyi”nə dair siqnalı Azərbaycanı yeni oyun qaydaları qurmağa təhrik edir.

Bu qaydaların işartıları ya hərbi müdaxilə ilə təcəlla edəcək, ya da Rusiya ilə anlaşıb başqa formatda mexanizm qurmaqla özünü göstərəcək.

Aqşin Kərimov  

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir