“Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən növbəti tədbir keçirilib – FOTO/VİDEO

Siyasət

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan vətənpərvərlik tədbirləri həftəsinin proqramına əsasən növbəti tədbir görkəmli sərkərdənin doğulduğu Lənkəran şəhərində keçirilib.

Oxu.Az xəbər verir ki, Lənkərana gələn Müdafiə Nazirliyinin rəsmiləri, rəşadətli Azərbaycan Ordusunun tankçı qəhrəmanları, veteranlar, ictimaiyyət nümayəndələri və Həzi Aslanovun ailə üzvləri əvvəlcə Ümummilli Liderin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə qızılgüllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Lənkəran şöbəsinin sədri Əlimərdan Əliyev ziyarətçilərə məlumat verib ki, keçən əsrin 69-cu illərindən respublikamızın bütün regionlarında olduğu kimi, Lənkəran rayonu da Heydər Əliyev zəkasının işığında tarixinin ən şərəfli mərhələsinə qədəm qoyub. Vurğulayıb ki, Ulu Öndər dəfələrlə Lənkəranda olub. Hər dəfə də bu torpağın əməkçilərinə “Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş iki dəfə “Sovet İttifaqı Qəhrəmanı” adı almış general Həzi Aslanovun varislərisiniz, onun həmyerlilərisiniz, onun doğmalarısınız”, – deyə müraciət edib. Bu torpağın zəhmətkeş insanları ilə görüşüb, onların problemlərinin həlli istiqamətində çox böyük işlər görüb. İndi tarixin yaddaşına həkk olunan bu görüşləri lənkəranlılar heç vaxt unutmurlar.

Xalqımızın igid oğlu Həzi Aslanovun adını daşıyan Xatirə parkında da böyük qələbəlik yaşanıb. Əfsanəvi sərkərdənin möhtəşəm heykəli qarşısına Müdafiə Nazirliyinin adından əklil qoyulub, güllər düzülüb. Həzi Aslanovun timsalında şəhadətləri ilə tarix yazan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abidə qarşısında Azərbaycan hərb tarixinin, görkəmli sərkərdələrin, milli qəhrəmanların, xalqın cəngavər oğullarının adlarının əbədiləşdirilməsində Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs olunub.

Qəhrəmanın ad və soyadını şərəflə daşıyan nəvəsi polis general-mayoru Həzi Aslanov Ulu Öndərlə bağlı xatirələrini danışaraq vurğulayıb ki, Heydər Əliyev Həzi Aslanovun ailəsinə həmişə xüsusi diqqət göstərib. Hər il 9 May – Qələbə Günündə Xavər nənəmizə gül çələngi göndərər, onu təbrik edərdi. Həzi Aslanovun övladları da hər zaman Ulu Öndərin qayğısından danışar, o böyük şəxsiyyətin Azərbaycanın gələcəyi naminə həyata keçirdiyi möhtəşəm layihələrdən fəxrlə söhbət açardılar. Bu parkın yaradılması və burada Həzi Aslanovun möhtəşəm heykəlinin ucaldılması təşəbbüsü də unudulmaz dahi rəhbərimizin ideyasıdır.

Yetmiş yeddi il əvvəl yanvarın 24-də Həzi Aslanov Pribaltika cəbhəsində müəmmalı şəkildə həlak olmuşdu. Hər il bugünkü gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Həzi Aslanovun ev muzeyində də tədbirlər keçirilir. Builki anım mərasimi forma və məzmununa görə digər tədbirlərdən fərqlənib və tamaşaçıların böyük marağına səbəb olub.

Qonaqları və ziyarətçiləri Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və muzeyin əməkdaşları səmimiyyətlə qarşılayıblar.

Vətən müharibəsi iştirakçısı Hərbi Hava Qüvvələrinin zabiti Təbriz Əlizadənin pilot uniforması geymiş oğlu Məmməd Arazın “Həzi burada doğulub” şeiri ilə qonaqlara bələdçilik edib.

Həzi Aslanovun 113 il öncə doğulduğu evin qarşısındakı abidə ziyarət olunub, önünə qərənfillər düzülüb.

Layihənin və Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bir neçə gündür davam edən vətənpərvərlik tədbirləri həftəsinin gedişatı barədə ətraflı məlumat verib.

Unudulmaz sənətkarlarımız xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun 30 il öncə yaratdıqları, xalqımızın və Azərbaycan Ordusu şəxsi heyətinin “Döyüşən teatr” adlandırdığı Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivinin Abdulla Qurbaninin “Həzi Aslanov xatirələr işığında” adlı pyesi əsasında hazırladıqları tamaşa böyük maraqla izlənilib.

Ehtiyatda olan general-mayor Altay Mehdiyev deyib: “Həzi Aslanov mənim üçün ideal bir sərkərdədir. Sovet dövrü hərb tarixində müstəsna yeri olan Həzi Aslanovun xidmətləri bu gün də dünyanın hərbi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Lakin Həzi Aslanov şəxsiyyətinə və qəhrəmanlığına ən yüksək qiyməti bu il 100 illiyini dövlət səviyyəsində qeyd edəcəyimiz xalqımızın iftixarı Heydər Əliyev vermiş və onun adı layiqincə əbədiləşdirilmişdi. Mən və mənim yaşıdlarım Həzi Aslanov peşəkar hərbi məktəbindən bəhrələnmişik desək, heç də yanılmarıq. Şəxsən mənim və yüzlərlə mənim kimi azərbaycanlı gəncin öz gələcək taleyini Vətənə xidmət peşəsinə – hərbi peşəyə bağlamasının əsas səbəbkarı məhz Həzi Aslanov olmuşdu”.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezidentin Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” (ölümündən sonra) adına layiq görülən Əlahiddə tank taborunun komandiri, şəhid mayor Amid Heydərovun Lerik rayonundan gələn atası Rəbbil müəllim oğlunun Vətən müharibəsinin ilk günündən üzərinə “Həzi Aslanov” yazılan tankı ilə hücuma keçərək düşmənin bir neçə səddini yardığından, dağıdıcı və sarsıdıcı zərbələr vurduğundan, canlı qüvvə və texnika sarıdan xeyli itkilər verdiyindən qürurla danışıb.

2016-cı ilin Aprel döyüşlərindən sonra “İgidliyə görə” və bir çox medallarla təltif olunan tank komandiri baş gizir Paşa Mehdiyevin Vətən müharibəsindən altı ay öncə silahdaşları ilə birlikdə Həzi Aslanovun ev-muzeyini ziyarət etmələri, burada xatirə olaraq çinar əkmələri və Lələtəpə uğrunda döyüşlər zamanı geydiyi tankçı köynəyini muzeyə hədiyyə etməsi və Həzi Aslanovun gimnastyorkası ilə yanaşı sərgilənən həmin köynəyin də tamaşaçılar qarşısında nümayiş olunması, eləcə də Füzuli rayonundan mərasimə gələn şəhid baş gizirin oğlu Etibar Mehdizadənin kövrək çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Vətən müharibəsində digər qoşun növləri ilə yanaşı, Azərbaycan tankçıları da möhtəşəm Zəfərin qazanılmasında böyük səylər göstəriblər. Onlardan biri də Vətən Müharibəsi Qəhrəmanı əsgər Azər Abdullazadədir. Əsgər A.Abdullazadə döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərib. Tərtər rayonundan anım mərasiminə gələn tankçı qəhrəman Vətən uğrunda neçə-neçə qəlpə yarası alsa da, bir gözünü itirsə də ruhdan düşməyib. Yenə də Ali Baş Komandanın əmrinə hazırdır.

Azərbaycan hərb tarixinin, qəhrəmanlıq ənənələrinin təbliğində və Azərbaycan Ordusunun şəxsi heyətinə nümunəvi muzey xidmətlərinin göstərilməsinə görə Həzi Aslanovun ev muzeyinin təltif olunduğu Müdafiə Nazirliyinin fəxri fərmanı və qiymətli hədiyyə kollektivə təqdim olunub.

Bakı Bələdiyyə Teatrının aktyorları və qonaqlara Həzi Aslanov haqqında kitablar və albomlar hədiyyə edilib.

Həzi Aslanovun nəvəsi polis general-mayoru Həzi Aslanov görkəmli sərkərdələrimizin adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması istiqamətində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Heydər Əliyev ənənələrinin bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Göstərilən bu diqqətə görə Müzəffər Ali Baş Komandana, qədirbilən Azərbaycan xalqına və bu tədbirlərin təşkilatçılarına, Müdafiə Nazirliyinin rəhbərliyinə, Bakı Bələdiyyə Teatrının kollektivinə Aslanovlar ailəsinin dərin minnətdarlığını bildirən polis general-mayoru Həzi Aslanov bu kimi tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacağına əminliyini bildirib və Heydər Əliyevin bu fikirləri ilə çıxışını bitirib: “Atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır”.

Tədbir Əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun ifa etdiyi “Həzilər yurdunun mərd oğulları” (sözləri A.Qurbaninin, musiqisi A.Zahidindir) mahnısının ifası ilə başa çatıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir