“Regionda terror və cinayətkarlığın qaynağı İrandır” – ŞƏRH + FOTO

Siyasət

“Azərbaycan səfirliyinə qanlı hücumun yayılan videoları və Tehran rəsmilərinin açıqlamaları göstərir ki, bütövlükdə regionda terror və cinayətkarlığın qaynağı İrandır”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclis deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bugünkü terror aktı ilə İran bir daha sübut etdi ki, cinayətkarlıq bu ölkənin dövlət siyasətinin bir parçasıdır:

“Təsəvvür edin, əgər iranlı mühafizəçilərə arxayın olsaydıq, yaxud səfirliyin mühafizəçisi çevik və cəsarətli davranmasaydı, bu hücum nə ilə nəticələnə bilərdi?

Bildiyiniz kimi, İran 2020-ci ildən etibarən ardıcıl olaraq Azərbaycana məğlub olmaqdadır. Ötən dövr ərzində Tehranın Azərbaycana münasibətdə faktiki olaraq bütün təcavüzkar cəhdləri neytrallaşdırılıb, İran regionda mövqelərini və nüfuzunu itirib.

Sirr deyil ki, son 40 ildə İran dövlətinin siyasətdə, diplomatiyada, hərbi proseslərdə məğlubiyyəti dərinləşdikcə bu kimi çirkin metodlara əl atır. Azərbaycan səfirliyinə hücum da İranda diplomatik missiyalara ilk təcavüz aktı deyil. Ona görə də biz regionumuzda sülh istəyiriksə, əgər daha təhlükəsiz bir dünya arzu ediriksə, İranın qaniçən rejiminə “dur” deyilməli, bugünkü terror hadisəsi başda olmaqla bütövlükdə çoxsaylı bəşəri cinayətlərə görə İran və molla rejimi mühakimə olunmalıdır”.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

Sayad Həsənli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir