Cənubi Qafqazın iki “qardaş” ölkəsi – Ermənistan və İran region və bütövlükdə bütün dünya üçün təhlükəli bir xəstəlik kimi qalmağa davam edir. Bu xəstəliyin törədiciləri olan “qardaş”ların əsas amalı xaos və qeyri-sabitlik mühitini formalaşdırmaq, bu “münbit” şəraitdən bəhrələnmək və özlərinin maraqları naminə bəşəriyyətin bütün ali dəyərlərini satmaqdan ibarətdir.
Təbii ki, dünyadakı sülh və sabitliyə təhdid təşkil edən bu iki ünsürün oxşar fəaliyyət üsullarına əl atmaları da qaçılmazdır. Tarixi saxtalaşdırmaq, həqiqətləri təhrif etmək, öz xəstə ideyalarını təbliğ etmək, məqsədə çatmaq üçün qan tökmək, dinc insanların həyatına qəsd etmək bu iki “qardaş”ın ən önə çıxan “xüsusiyyət”ləri sırasındadır.
Sadalanan bütün məqamları götür-qoy etdikdən sonra əminliklə deyə biləcəyimiz bir şey də odur ki, istər Ermənistan, istərsə də İran üçün maraqlarını təmin etmək, məqsədə çatmaq üçün ən çox müraciət olunan vasitə terrordur. Bəli, məhz terror.
Azərbaycan oxucusu üçün erməni terrorunun bütün növləri, qurbanları və nəticələri kifayət qədər aydındır. Ancaq bəzən İranın da bu sahədə heç də öz “qardaş”ından geri qalmadığı unudulur. Halbuki, bütün dünyaya terror, vəhşilik, vandalizmlə bağlı mühazirə oxuya biləcək potensialda olan ermənilərin özlərinin belə “terror” dedikdə İrandan öyrənəcəyi çox şey var. Dövlət terroru siyasəti İran-Ermənistan “qardaş”lığının kökündə dayanan ən bariz nümunələrdən biridir.
Bu məqamda Ermənistan üçün ayrıca bir haşiyə açmaq lazımdır. Çünki 20-ci əsrin ortalarında Ermənistan müstəqil terror dövləti olmadan əvvəl öz “ali missiya”sını ASALA terror qruplaşması vasitəsilə həyata keçirirdi. 90-cı illərin əvvəllərindən isə erməni terroruna bu dövlətin sükanı arxasında oturan kostyumlu terrorçular rəhbərlik etməyə başladılar. İranda isə terrorun təbliğatı, terrorçunun hazırlanması və terror aktının təşkilinə hər zaman əmmaməlilər rəhbərlik ediblər.
Yenidən qayıdaq bu iyrənc “qardaş”lığın sarsılmaz bağlarından olan terrorun unudulmuş səhifələrinə…
Ermənistanın Azərbaycanda törətdiyi terror aktları, dünyanın bir çox yerində diplomatik missiyasını icra edən türk diplomatlara qarşı qanlı cinayətləri artıq qan yaddaşımıza çevrilib. İran isə heç də geri qalmadığı erməni qardaşından fərqli olaraq öz cinayətlərini müəyyən qədər pərdələməyə nail olub. Buna səbəb isə İranın özünün dövlət terrorunda məhz Yaxın Şərqin bir çox bölgələrində dəstəklədiyi və yetişdirdiyi terror qruplaşmalarından istifadə etməsidir. Bu amilin özü İranın dünyada terrorizmin sponsor kimi ad qazanmasının başlıca səbəbidir. Üstəlik, bir faktı da qeyd edək ki, bu gün İranda əsas nüfuz və güc sahibi olan İran İslam İnqilabı Keşikçiləri Korpusunun özü belə 15 aprel 2019-cu il tarixindən etibarən ABŞ tərəfindən terror təşkilatı kimi tanınıb. Yəni bu korpus və onun briqadaları İran rejimi üçün güc strukturu kimi qəbul edilə bilər, geosiyasi müstəvidə isə hər kəs bağlı qapılar arxasında görülən işlərdən xəbərdardır.
Sözügedən korpus və xüsusilə onun “Qüds” briqadası Şərqin bir çox bölgələrində terror aktlarının əsas səbəbkarları kimi tanınır. Ancaq İranın terrorla bağlılığı bu gün dəstək verdiyi, yetişdirdiyi terrorçularla məhdudlaşmır, terrorun dövlət siyasətinə çevrilməsi İranın timsalında “parlaq” nümunəyə çevrilir.
Erməni qardaşları kimi İran da hədəf seçərkən dinc əhali və ya silahlı birliklər arasında fərq qoymur, hətta qurbanların diplomatik pasportlara sahib olması onları bir qədər də şirnikləşdirir.
2012-ci ilin 13 fevralında Hindistanın paytaxtında israilli diplomata qarşı terror hücumu, 1983-cü ildə Beyrutdakı ABŞ səfirliyi qarşısında yük maşınının partladılması, bir il sonra səfirlik binasında partlayışın törədilməsi, 1992-ci ildə Argentinada İsrail səfirliyində partlayış və sadalaya biləcəyimiz onlarla bu qəbildən terror aktları məhz İranın birbaşa və dolayı iştirakı, dəstəyi və təşkilatçılığı ilə törədilmiş qanlı cinayətlərdir.
Göründüyü kimi regionumuzun iki ölkəsinin “qardaş”lıq bağları heç də ortaq dəyərlər üzərində qurulmayıb, bu “qardaş”lığı ortaq maraqlar, dövlətin terror siyasəti və xəstə ideyalar ərsəyə gətirib.
Odur ki, İranın terror tarixçəsinə ötəri yanaşmaq və gözardı etmək mümkün deyil. Ermənistan tarixi bu cür xain cinayətlərlə zəngin olduğu qədər, qardaşı olan İranın da həm dinc insanların, həm də diplomatik missiya icra edən bir çox insanın ölümündə, qətlə yetirilməsində əli var.
İstənilən halda terror bəşəriyyətin ağrılı bəlalarından biri olduğu qədər, həm də mütləq məhvə məhkum bir anlayışdır. Gec və ya tez hər bir cinayətkar öz layiqli cəzasını almalı, bəşəriyyət qarşısında cavab verməlidir. Nə Ermənistan, nə də İran, nə də bu dövlətlərin terror siyasətinin yetişdirdi onlarla, yüzlərlə, bəlkə də, minlərlə əliqanlı qatil də istisna deyil…
Orxan Tağıyev
www.RIA24.az